Cəmiyyət

“Səni bacının ərinə verəcəm, imkanı yaxşıdır…” – Yardımlıda inanılmaz olay (FOTO)

“Yardımlı rayonundan bir qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb isə ailəsinin sap-sağlam olan bacısının mövcud əri ilə onu evlənməyə məcbur etməsidir”.

AzToday.az xəbər verir ki, bunu özünün feysbuk səhifəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yazıb. O aidiyyəti qurumları məsələ ilə bağlı tədbir görməyə çağırıb:

“Qadın 3 il evli olub, sonra ayrılıb və atasının evinə gəlib. Ata qızını bir müddət saxladıqdan sonra digər qızının evli olduğu şəxsə ərə vermək istəyib. Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Arvana kənd məktəbinin direktoru vəsifəsində çalışır. Ata qızına bildirib ki, bacın (məktəb direktoru ilə) evlidir, ona yaxşı baxır, sənə də yaxşı baxacaq, imkanı yaxşıdır, sən də onunla evlənməlisən. Məktəb direktoru qıza məcburi kəbin kəsdirib, qızın boynundakı kəlağayı ilə onu boğaraq evə gəlməsini tələb edib. “Səninlə kəbin üçün 40 manat vermişəm mən”, – deyərək evinə aparmaq istəyib. Bundan əlavə, Yardımlı rayon polis şöbəsinin əməkdaşı, ataya və qızın qardaşına qızın sığınacaqda olduğunu və qızı orada tapa biləcəkləri barədə məlumatlar verib. Hazırda qadının atası, qardaşı qadının evə qayıtması üçün təyziqlər edirlər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mümüknsə bu direktorla məşğul olun. Əgər bu belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, belə başa düşdüm ki, Yardımlı rayonunda davamlı monitorinqə ehtiyac var. Əgər belə orta əsr qaydaları tətbiq edilirsə…”

M. Zeynalova bildirib ki, daha sonra Yardımlı rayonunda fəaliyyət göstərən polis əməkdaşı ilə birgə sözügedən qadının ailə üzvləri sığınacağa gəlib və burada sığınacağın əməkdaşını hədələyiblər. İctimai Birliyin sədri iddia edir ki, bu zaman polis məsələyə müdaxilə etməyib:

“Yardımlı rayonunda fəaliyyət göstərən polis əməkdaşı (adını bilmirəm) mənə zəng vurdu və bizim sığınacaqda Yardımlı vətəndaşı olub olmadığını soruşdu. Bildirdik ki, var. Dedi həmin “ər” gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, cavab belə olub: “Adam axtarışa verilib, gətirməliydim”. Qardaş polisin yanında hədə qorxu gəlib əməkdaşmıza, amma polis hədənin qarşısını almayıb.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, xahiş edirik, orta əsr qaydalarını dəstəkləyən polislə bağlı ölçü götürün”.

M. Zeynalova bildirib ki, qadının və uşağının sənədləri ailəsi tərəfindən girov saxlanılıb. O, məktəb direktorunun və qızın qardaşının sığınacağa gəldiklərini, buradakı əməkdaşlara təyziq göstərdiklərini bildirib və bunu əks etdirən fotoları paylaşıb.

Bənzər yazılar

Back to top button