CəmiyyətGündəmManşet

Şəhid qardaşının üzr videosu sərt təpkilərə səbəb oldu: Hökumət, ən ağır sözə layiqsən!

Xəbər verdiyimiz kimi, Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunduğunu iddia etmişdi.

AzToday.az xəbər verir ki, Sənan Əhmədov məsələ ilə bağlı yeni açıqlama verib və qardaşı, şəhid Səbuhi Əhmədovun bankdan kredit kimi götürdüyü sözügedən 6 min manatı ailədaxili məsələlərə xərclədiyini bildirib:

“Sosial şəbəkələrdə yayılmış, Səbuhinin vəzifə dəyişikliyinə görə verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələləri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək”.

Qeyd edək ki, ötən gün – sentyabrın 15-də Sənan Əhmədov Müdafiə Nazirliyinə dəvət olunmuş Nazirlik məsələ ilə bağlı araşadırma aparıldığını açıqlamışdı.

Şəhid qardaşının üzr videosu sosial şəbəkələrdə sərt narazılıqla qarşılanıb:

Ümid Partiyasının sədri İqbal Ağazadə baş verənləri rəzalət kimi qiymətləndirib:

“Araşdırdınız, qənaətə gəldiniz ki, rüşvət alan olmayıb?

Olsun. Hətta bunu belə qəbul edirəm. Bilə-bilə ki, mütləq olub.

Bəs nədən nəşi soyumamış ŞƏHİDİN qardaşını çıxardıb təkzib etdirirsiniz?

Araşdırmanıza güvənirsinizsə, təhqiqat aparan orqan çıxsın elan etsin ki, belə hal qeydə alınmayıb.
Bilirsiniz ki, kimsə inanmayacaq…

Sadəcə rəzalət, həm də çox böyük…”

Vətəndaş cəmiyyətinin nümayəndəsi Şaban Nəsirov:

Şəhidin qardaşı 6000 min məsələsini qaldıranda demişdim uşağı ilişdirəcəklər. Məsələni diqqətdə saxlamaq lazımdır. Əgər şəhid qardaşı olmasaydı və indiki abi – hava olmasaydı böhtan atıb deyib tutacaqdılar. Mən onların cəmiyyət içində göz yaşı töküb, kabinetlərində necə çaqqala döndüklərin görmüşəm. Hələ işgəncə verməyiblərsə çox şükür . Guya cəmiyyət bilmirdə belə işlərdə rüşvət əsasdı. Utanıb yerə girmirlər. Prezident bu məsələni nəzarətə götrüb üzür yazdıranları ciddi cəzalandırıb iti qovan kimi işlərindən qovmalıdır.

Politoloq Ərəstin Oruclu:

Etiraf edim ki, şəhid Səbuhinin (ruhu qarşısında baş əyirəm!) qardaşının dünənki “təkzib” videosu məndə ağır bir çöküntü yaradıb. Neçə saatdır özümə gələ bilmirəm. Sonuncu dəfə belə sarsıntını 2018-də Bakıda Tərtər qətliamının iki qurbanı ilə danışandan sonra yaşamışdım. Eşitdiklərimə inana bilmirdim.

İndi də görüklərimə inana bilmirəm: iki gün əvvəl şəhid qardaşının xidmətə necə qəbul edildiyini deyən onsuz da qəlbi qırıq gənc tək ümidi olan qardaşını itirdikdən sonra ikinci dəfə sındırıldı. Kimsə həmin dəhşətli mənzərəni bizi xalq olaraq alçaltmaq, kimsə təhqir etmək, kimsə də mənəvi-psixoloji məhv etmək sayır.

Hamısı ilə razılaşmaq olar, amma məni dərindən düşündürən baş verən hadisənin ayrı bir aspektidir. Anladığım bu oldu ki, heç bir mənəvi çərçivəsi, məhdudiyyət anlayışı olmayan məxluqlarla üz-üzəyik və bu, təkcə alçaldılmaq, təhqir olunmaq imkanı deyil. Bu, fəlakətli bir təhlükə ilə üz-üzə qalmaqdır. Bəli, məhz təhlükə ilə.

Ona görə ki, insanları çirkin əməllərdən çəkindirən təkcə qanundan, qaydadan, qınaqdan qorxu yox, daha çox öz daxili çərçivələridir. Məsələn, birisi satqınlıq etmir, çünki bunu alçaq əməl sayır, ikincisi haram yeməyi günah sayır, üçüncüsü adam öldürməyi qorxulu əməl bildiyindən bunu etmir.

Dördüncüsü isə bunların hamısını edir, çünki onun heç bir mənəvi çərçivəsi yoxdur. Belələri də təkcə insana yox, insanlığa qarşı təhlükə mənbəyidir. Təsəvvür edin, körpə yaşından valideyn qayğısından məhrum olmuş və bütün ümidini yeganə qardaşına bağlamış bir gənc onu da itirir. Bu, artıq bir fəlakətdir.

Yaranmış ağır durumda açıb həqiqəti deyir. Həqiqət isə budur ki, həyatdakı yeganə güvən yeri olan qardaşı bir qədər artıq maaş almaq üçün borca girib rüşvət verərək xidmətə gedir və şəhid olur. Bu da azmış kimi, şəhid qardaşının qanı qurumamış onu belə bir “təkzib” videosu yaymağa sövq edirlər.

Sövq, vadar və ya məcbur edirlər, bunun heç bir fərqi yoxdur, son nəticədə ona bunu etdirirlər. Halbuki onun birinci videoda dediyi rüşvət faktını aylarla “araşdırmaq” və sonda demək olardı ki, Səbuhi şəhid olduğundan kimə rüşvət verdiyini müəyyən etmək mümkün olmadı. Belə etmək olardımı? Əlbəttə olardı, amma etmədilər.

Mümkün olan ən pis variantı seçdilər və bununla xalq olaraq bizi həm alçaltmağa, həm təhqir etməyə, həm də ən həssas dəyərlərimizi açıq həqarətə məruz qoymağa çalışdılar. Amma bu da baş verən hadisənin ən pis tərəfi deyil. Ən pis tərəfi odur ki, heç bir mənəvi çərçivələrinin olmadığını açıq şəkildə nümayiş etdirdilər.

Bu isə dediyim kimi, təkcə təhqir, aşağılama və s. deyil. Bunun adı təhdiddir, çünki bununla demək istədilər və dedilər ki, baxın, heç bir çərçivəmiz yoxdur və nə istəsək onu edərik. Edərik və edirik də. Bu isə hansı böyük bir təhlükə ilə üz-üzə olduğumuzun, başımıza nələrin gələ biləcəyinin açıq anonsudur.

Xüsusilə də həmin anonsu verənlər və həmin təhlükənin mənbəyi olanlar geniş səlahiyyətlər, böyük imkanlar və qeyri-məhdud hakimiyyət ələ keçirmiş şəxslərdirsə. Bu isə artıq təhqir olunmaq, aşağılanmaq deyil, istənilən anda heç bir səbəb və ya əsas olmadan ən qəddar şəkildə həyatından məhrum edilə bilmək deməkdir.

Anlayıram ki, bir çox insan alçaldılmaqdansa, təhqir olunmaqdansa bəlkə də ölümü seçərdi. Bəs həmin təhlükə doğmalarımızın, əzizlərimizin və ya elə övladlarımızın başı üzərinə çöksə necə?

Bax, bu haqda da düşünməyə dəyər məncə. Özü də yaxşı-yaxşı düşünməyə…

Hüquq müdafiəçisi Rüfət Səfərov:

Şəhid qardaşının üzr videosunu yayıblar.

O, şəhid olmuş qardaşından rüşvət alındığını ictimailəşdirmişdi.

Hökumət, ən ağır sözə layiqsən!

Ən ağır!

Real partiyasının icra katibi Natiq Cəfərli:

Bu siyasi sistemin Şəhid qardaşına üzr videosu çəkdirəcək qədər alçalması təəccüblü deyil, ağır olan qardaşın bu işə qol qoyması, razı olmasıdır. Axı sənin qardaşın güllədən, ölümdən qorxmayıb, sən nədən çəkinirsən? Səni necə qorxuda bildilər, və ya, bəlkə sözlərini satın aldılar?! Ağır mənzərədir, “hər şeyin qiyməti var”, deyə düşündükləri və əmin davrandıqları üçün heç bir müqəddəs dəyəri olamayan sistem 30 ildir ayaqda qala bilir – həm də buna görə, yəni…

Hüquqşünas Ələsgər Məmmədli:

Şəhid qardaşına diqtə ilə yazdırıb üzünə də səhv oxutduqları (sosialar şəbəkəsində) üzr videosu əslində rüşvətin, lorrupsiyanın hansısa bir vəzifəli şəxsin münfərid əməli yox, idarəetmə sisteminin təməl sütunu olduğunun etiraf videosudur. Qanı belə qurumayan şəhidin üzərində bu alçaqlığın edilməsi isə hiddət və nifrəti körükləyir. Ləyaqətsizlikdir!

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu:

Əsgərimizi şəhid edən erməni kimdirsə, nədirsə şəhid qardaşının üzür videosunu düşünən, çəkən və yayan da elə o erməni kimidir, odur! Başqa söz tapa bilmirəm, vallah! Bu dövlət yazıq deyilmi?! Namussuzlar! Əxlaqsızlar! Cındırlar! Şərəfsizlər!

Bənzər yazılar

Back to top button