Siyasət

“Siyasi partiyalar haqqında” yeni qanun: Proqres yox, reqres (MÜSAHİBƏ)

Ötən həftə daha 10 partiya “Siyasi partiyalar haqqında” yeni qanunla bağlı Milli Məclisə təklif verib. Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan parlamentinə göndərib. Bununla da, Milli Məclisə təkliflərini ünvanlayan siyasi partiyaların sayı 39-a çatıb.

Yeni qanun layihəsinin yaradılmasına zərurət haradan yaranıb? Yeni qanun layihəsinin məqsədi nə olacaq?

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

* * *

– Bəşir bəy, “Siyasi partiyalar haqqında” qanun dəyişdirilməsi ilə bağlı hazırlıqlar gedir. Sizcə, bu dəyişikliyə ehtiyac vardımı?

– Bü müzakirə uzun müddətdir gedir. Hazırkı “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib. Ondan sonra yeni Konstitusiya qəbul olunub və bir neçə dəfə dəyişib. Seçki Məcəlləsi qəbul olunub və bir neçə dəfə dəyişib. Ölkənin beynəlxalq təşkilatlara üzvlüyü, götürdüyü öhdəliklər, qoşulduğu konvensiyaları da əlavə etsək, siyasi partiyalar haqqında yeni, daha təkmil və bərabərliyi təmin edəcək qanuna ehtiyac var. O cümlədən siyasi proseslər, regional vəziyyət yeni çağırışlara cavab verən qanunun qəbulunu əhəmiyyətli edir. Düzdür, siyasi partiyalar haqqında qanuna o zamandan etibarən bir neçə dəfə əlavə və dəyişiklər edilib. Amma yeni mütərəqqi, siyasi prosesləri canlandıran, insanları sivil, legitim, hüquqi fəaliyyətə sövq edən qanun qəbul layihəsi hazırlana bilərdi. Amma hazırki qanun proqres yox, reqresdir. Qanun demək olar ki, ‘’qadağan’’, ‘’ləğv’’, ‘’nəzarət’’ sözlərindən idarətdir.

– Hazırda qüvvədə olan siyasi partiyalar haqqında qanun normal hazırlanmışdımı? Çatışmazlıqları nələr idi?

– Təbii ki, hazirki qanun da normal standartlara cavab verirdi. Ancaq bəzi çatışmazlıqlar var. Məsələn, maliyyələşmə ilə bağlı dəqiq yanaşmalar, partiyaların vətəndaşları ələ almaq üçün şirnikləşdirici vasitələrdən istifədə edilməsini çərçivələşdirən maddələr və s. yoxdur. Digər tərəfdən Azərbaycanda problem yalnız qanunun imkanlarının azlığı və ya boşluqların olmasında deyil. Problem daha çox qanunun tətbiqində olur. Əgər qanun düzgün tətbiq edilmirsə və ya selektiv yanaşma olursa, bu zaman qanunun necə olmasının əhəmiyyəti azalır. Məsələn, qüvvədə olan Seçki Məcəlləsi ilə çox normal seçki keçirmək olar. Ancaq biz görürük ki, seçki komissiyaların hakimiyyətin nəzarəti altında formalaşdırılır və bütün seçkilər kütləvi pozuntularla keçirilir. Buna görə də adətən biz yeni qanun təklifləri irəli sürərkən çalışırıq ki, hakimiyyət boşluqlardan istifadə edib pozuntulara yol verməsin.

– Sizcə partiyalar haqda yeni qanun yaratmaq istəyi hansı məqsədlərdən irəli gələ bilər?

– Layihəyə baxanda məqsəd aydın olur. Totalitar idaretmənin davamçıları olaraq kənarda hər hansı qüvvənin, müstəqil subyektiv olmasını arzu etmirlər. Bu yalnız siyasi partiyara münasibətdə belə deyil. Bundan əvvəl medianın fəaliyyətini çərçivələşdirəcək qanun qəbul edildi. Bir neçə ildir vətəndaş cəmiyyəti ilə bağlı da müzakirələr gedir. Görünən odur ki, həmin qanunda da daha çox məhdudlaşdırıcı və izolyasiyaedici maddələr olacaq.

Bəzən hakimiyyətin narahatlığını anlamağa çalışıram. Ancaq qloballaşan dünyada klassik metodların yerini daha ‘’mütərəqqi’’ yanaşmalar tutur. Məsələn, sabah böyük nüfuzlu, illərdir xaricdə yaşayan və milyonlara malik bir fərdin ortaya çıxıb ‘’ölü’’ bir partiyaya üzv olaraq seçkidə bütün seçiciləri filan namizədə səs verməyə səsləməsini hansı qanunla tənzimləyəcəklər?!

Və yaxud da heç bir partiya yaratmadan fəaliyyət göstərən şəxsin fəaliyyəti necə çərçivələnəcək?!

– Siyasi partiyalar haqda qanun ola bilərmi hakimiyyətin xoşlamadığı partiyaları tamam sıradan çıxarsın? Və ya partiyaların azadlığını daha da məhdudlaşdırmağa xidmət etsin?

– Qeyd etdiyim kimi burda əsas niyət sorğulanmalıdır. Yəni, niyət alternativləri sıradan çıxarmaq, onları qanunların verdiyi imkanlardan istifadə edərək sıradan çıxarmaq məqsədi daşıyacaqsa, təbii ki, bunu çox rahat edə biləcəklər. Keçid müddalarda qoyulan maddələr bunu deməyə əsas verir.

Keçid müddalarda yazılıb:

30.1. Bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş saya (6.1. Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalıdır) çatdırılması üçün tədbirlər görür və bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq (20.10. Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır) üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Bu o deməkdir ki, indiyə kimi qeydiyyata alınan partiyalar 90 gün ərzində azı 10000 nəfər üzvün siyahısının reyestrini aparır. Və belə olduğu halda partiyanın 10000 üzvünün kimliyi icra hakimiyyətinin əlində olacaq və istədiyi vaxt həmin şəxslərə, onların yaxınlarına təzyiq edə biləcəklər.

-Yeni qanun layihəsində nəzərdə tutulan müddəalar tənqid olunur və absurd adlandırılır. əsasən absurd müddəalar hansılardır?

– Absurdun biri üzvlük sayının 10 dəfə, 1000 nəfərdən 10000 nəfərədək artırılmasındır. Digər bir lüzumsuz və natamam maddə 4.9. maddədir. Orda yazılıb:

‘’Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur’’. Bu nə deməkdir? Azı 10000 üzvünün olmasını tələb qoyduğun partiya niyə xalqın adından danışa bilmir ki? Necə olur ki, Azərbaycanda 3000-5000 səs alan deputat xalqın adından danışa bilir, ancaq 10000 üzvü olan partiya danışa bilmir?!

Digər bir absurd 4.10-cu maddədə yazır: ’’Siyasi partiyalar öz hüquqlarından sui-istifadə etməməlidirlər’’. Bunu necə müəyyən edəcəklər?! Məsələn, bir neçə dəfə piket, mitinq keçirmək istəyində olan partiyalara xəbərdarlıq edəcəklər ki, sən öz hüququndan sui-istifadə edirsən?!

Növbəti absurd 20 il daimi yaşamaq tələbidir. 5.1-ci maddəsində yazır: ‘’Siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir’’.

200 sayı normaldır, məsələn Gürcüstanda bu rəqəm 300-dür. Ancaq 20 il daimi yaşamaq nə deməkdir?! Bura hansı kriteriyalar daxildir?! Təhsil, məcburi ezamiyyət, tibbi səfər və sairə bura daxildirmi?! Bax bu məsələr açıq qalir və gələcəkdə sui-istifadə edilməsi narahatlıq yaradır.

20 il daimi yaşamaq tələbi bununla yekunlaşmır. 15.5-ci maddədə yazır: ‘’Siyasi partiyanın icra orqanının rəhbərliyində yalnız Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan partiyanın üzvü təmsil oluna bilər’’. 16.5-ci maddadə: ‘’Siyasi partiyanın sədri və sədr müavinləri yalnız Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan partiyanın üzvləri sırasından seçilə bilər. Sədr və sədr müavinləri siyasi partiyanın icra orqanında və məşvərətçi qurumlarında, o cümlədən onların rəhbərliyində təmsil oluna bilər’’ təklifi irəli sürülür.

Ən böyük narazılıq yaradan və tənqidlərə səbəb olan partiyaların qeydiyatının ləvinə səbəb olan qanunun 9.3.4. maddəsidir. Qeyd olnur ki, ‘’Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə’’ siyasi partiyanın qeydiyyatı ləğv edilə bilər.

Bu maddələr məhkəmələrin müstəqil olduğu, fundamental azadlıqların təmin edildiyi, azad medianın, müstəqil vətəndaş cəmiyyətinin güclü olduğu ölkələrdə normal ola bilər. Amma Azərbaycan reallığında bu çox təhlükəlidir və gələcəkdə siyasi partiyaların sıradan çıxarılmasına səbəb ola bilər.

– Yeni qanunda nələr olmalıdır? Necə tərtib olunmalıdır ki, bütün partiyaların mənafelərini qorusun?

– Azərbaycan Avropa Şurasının üzvü olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi istqamətində öhdəliklər götürüb. Buna görə qanun layihələri hazırlanarkən Venesiya Komissiyasının rəyi nəzərə alınmalıdır. Digər tərəfdən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da əvvəlki illərdə müxtəlif təkliflərdə çıxış edib. Ölkədəki müstəqil siyasi partiyaların və vətəndaş cəmiyyəti qurumlarının da müxtəlif zamanlarda təklifləri, tezisləri səslənib. Digər tərəfdən əgər Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdırsa, bu yalnız enerji sahəsində olmamalıdır. Həmçinin qanunvericilik bazasının da beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var.

Həmçinin hökümət siyasi münasibətlərin sivil məcrada inkişaf etməsində, müstəqil və sağlam oyunçuların ortaya çıxmasında maraqlı olmalıdır. Bunu dövlət maraqları tələb edir. Məsələn, 44 günlük vətən müharibəsi zamanı beynəlxalq təşkilatları inandıra biləcək subyektlər yalnız müstəqil vətəndaş cəmiyyəti nümayəndələri və media mənsubları oldu. Hökümət də bunu çox yaxşı gördü. İllərdir süni surətdə çoxaldılan GONGO-ları bir işə yaramadı. Bu gələcəkdə də belə olacaq.

Siyasi partiyalarda da eyni vəziyyətdir. Formal olaraq, süni surətdə yaradılmış partiyalar nəyə lazım olacaq?! Lap tutaq ki, bunları muxalifət kimi parlametdə təmsiçilik də verildi. Bu nəyə kömək edəcək?!

Yeni qanun layihəsinə nəzər salanda görünür ki, qanunun ruhu yalnız məhdudlaşdırmaq və izolyasiya etmək məqsədi daşıyır. Halbuki, qanun münasibətlər sistemini tənzimləmək, hüquq və vəzifələr aydın müəyyən etmək ruhunda olmalıdır. Bütün tərəflərə bərabər şərait yaratmalıdır.

Mən düşünürəm ki, maliyyə məsələləri ilə bağlı daha çox yeni yanaşmalar qoyulmalıdır. Məsələn, Gürcüstan siyasi partiyalar haqqında qanunda yazır ki, siyasi partiyalar bayram şənlikləri ilə əlaqədar ümumi dəyəri 5000 laridən çox olmayan ucuz hədiyyələr paylaya bilər. Ancaq bizdə belə bir yanaşma nəzərdə tutulmayıb. Həmçinin həmin qanunda maliyyə məhdudiyyətini yalnız siyasi partiyalar üçün deyil, həmçinin seçkilərdə iştirak etmək istəyən şəxslərə də şamil edilir. Qanunda yazır ‘’Bu fəsildə partiyaya münasibətdə müəyyən edilmiş məhdudiyyətlər seçkilərdə iştirak etmək niyətini bəyan etmiş və bu niyətə nail olmaq üçün müvafiq maliyyə və digər maddi resurslardan istifadə edən şəxslərə də şamil edilir’’. Amma bizim qanun layihəsində bu nəzərə alınmayıb. Məsələn, mən namizədliyimi verəcəyimi elan edirəmsə, gərək maliyyə ilə bağlı həmin qanunla hesablaşım. Əks təqdirdə həm ədalətsizlik olur, həm də mən sui-istifadə edərək heç bir məsuliyyət daşımıram.

Gürcüstanın siyasi partiyalar haqqında qanunda bir qadağanedici maddə diqqətimi çəkdi. Qanunda yazılıb ki: ‘’Bir partiya birbaşa olaraq, partiyanın namizədinin, nümayəndəsinin və ya hər hansı digər şəxsin köməyi ilə Gürcüstan vətəndaşına pul, hədiyyə və digər maddi və ya qeyri-maddi aktivləri (baha olmayan, seçkiqabağı təşviqat ləvazimatları istisna olmaqla) ötürə bilməz. Köynəklər, papaqlar, papaqlar, bayraqlar və digər oxşar əşyalar) və ya endirimlə və ya güzəştli şərtlərlə mal və ya xidmətləri satmaq və ya çatdırmaq, yaxud bazar qiymətindən yüksək qiymətə mal və ya xidmətlər almaq, yaxud mal və ya xidmətləri pulsuz təqdim etmək və ya yaymaq. Pul vəsaitləri, qiymətli kağızlar, maddi və ya qeyri-maddi sərvətlər və ya xidmətlər (o cümlədən, qondarma əmək və ya digər münasibətlərə girmək) vermək və ya vəd etmək yolu ilə (bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Gürcüstan vətəndaşlarından tələb etmək’’.

Qeyd etdiyim kimi, əgər məqsəd xoşniyyətlidirsə, əsas siyasi oyunçuların iştrakı ilə və Venesiya Komissiyasının rəyini də alaraq mütərəqqli qanun layihəsi hazırlamaq olar. Mənim mövqeyim belədir ki, hakimiyyət bu qanunu daha da liberal etməlidir ki, insanlar siyasi proseslərdə daha legitim və sivil yollara üz tutsunlar. Seçkilərdə partiyaların iştirakında maraqlıdırlarsa, bu qanun daha sadə olmalıdır ki, insanlar partiyalar qursunlar və seçkilərə qatılsınlar. O cümlədən seçki prosesindəki pozuntular aradan qaldırılmalıdır. Qapatmalar, qadağalar bu gün üçün ‘’müsbət’’ effekt verə bilər. Ancaq gələcəkdə bunun əksini də görə bilərik.

Bənzər yazılar

Back to top button