ManşetSiyasət

Blinken Qarabağla şəxsən məşğul olmaq niyyətindədir, Pelosi isə Yerevana gedir

Cümə axşamı Vaşinqton iki günlük qarşıdurmalardan sonra Azərbaycan və Ermənistan arasında atəşkəs elan edilməsini alqışlayıb, tərəfləri “sülh prosesinə qoşulmağa” çağırıb, xəbəri Turan-ın Amerikadakı müxbiri verib.

“Atəşkəs rejiminə riayət olunmasını alqışlayırıq, onu davam etdirməyə və tərəfləri qoşunlarını bir-birindən uzaqlaşdırmağa, Ermənistan və Azərbaycan arasında bütün məsələləri dinc danışıqlar yolu ilə həll etməyə çağırırıq”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə bildirib.

ABŞ möhkəm sülhə nail olmaq üçün aparılan işdə iştirakını davam etdirir. Dövlət katibi Entoni Blinken “şəxsən bu məsələyə diqqət yetirir və onunla məşğul olmağa davam edəcək”, deyə Prays qeyd edib.

Blinken cümə axşamı Ermənistan baş naziri Nikol Paşinyanla danışıb və bu günlərdə hərbi əməliyyatlar zamanı insanların həlak olması ilə əlaqədar başsağlığı verib. Sonradan Blinken öz tvitində ABŞ-ın döyüş əməliyyatlarının dayandırılmasını alqışladığını və “atəşkəsi möhkəmləndirmək üçün tərəflərlə işi davam etdirəcəyini” təkrar edib.

Praysın sözlərinə görə, regiona səfərini yeni başa vurmuş Dövlət Departamentinin baş müşaviri səfir Riker hazırda Vyanadadır, “ATƏT-dəki tərəfdaşları-həmfikirləri ilə görüşlər keçirir”.

Turan-ın müxbirinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana gözlənilən səfərinin sülhün bərqərar olmasına faydası olub-olmayacağı barədə sualına Prays qeyri-müəyyən cavab verib: “Mən spikerə gedə biləcəyi istənilən səfərə getmək imkanı verərdim”. ABŞ sistemində Konqres hakimiyyətin müstəqil qoludur və spiker Pelosi, eləcə də Konqresin digər üzvləri xaricə səfərləri haqqında qərarlarını özləri qəbul edirlər.

Öz növbəsində, Nensi Pelosinin ofisindən Turan-ın müxbirinin sorğusuna belə cavab veriblər: “Biz beynəlxalq səfərlər haqqında məlumatları əvvəlcədən nə təsdiq, nə də təkzib edirik”.

Bənzər yazılar

Back to top button