İqtisadiyyat

Mikayıl Cabbarov DİN-in tenderini ləğv etdi

Daxili İşlər Nazirliyinin (DİN) Binəqədi rayon Mühafizə İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 05.09.2022-ci il tarixli AİBNDX – 11/01-5/5229p saylı məktubuna əsasən ləgv olunub və yenidən keçirilməsi məqsədə müvafiq hesab edilib.

Dəyəri 30 min 713 manat olan tender müsabiqəsinin qalibi “Fikay” MMC (VÖEN- 1405926681) olmuşdu.

“Fikay” MMC Binəqədi rayon Mühafizə İdarəsi üçün avtomobillərin cari təmiri xidmətini həyata keçirməli idi. .

Nizamnamə kapitalı 10 manat olan “Fikay” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Mir Cəlal 4 MKR, ev 40-da yerləşir. MMC-nin qanuni təmsilçisi Bəkirov Saxavət Fikayət oğludur.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Fikay” MMC tender müsabiqəsinin başlamasından cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.

Binəqədi rayon Mühafizə İdarəsi tender müsabiqəsini (Kotirovka sorğusu) iyun ayının 20-də elan edib. Tender müsabiqəsinin qalibi olan “Fikay” MMC isə aprel ayının 26-da dövlət qeydiyyatına alınıb.

Onu da qeyd edək ki, aprel ayının 26-da Bəkirov Saxavət Fikayət oğlunun qanuni təmsilçi olduğu və hüquqi ünvanı Mir Cəlal 4 MKR, ev 40-da yerləşən daha bir şirkət – “BSF Qrup” MMC də dövlət qeydiyyatına alınıb.

Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Bənzər yazılar

Back to top button