Partiyanın pulları (TƏHLİL)

Print Friendly, PDF & Email

Hüquq-mühafizə orqanları AXCP-nin qeyri-rəsmi yollarla maliyyələşdirilməsi sxemi haqda məlumat yayıb və bu prosesdə yer alan bir neçə şəxsi həbs edib. Bəs partiyanın leqal maliyyələşdirilməsi ilə bağlı vəziyyət necədir?

Azərbaycanda qeydiyyatdan keçmiş siyasi partiyalar 2017-ci ilə dair maliyyə hesabatlarını açıqlayıb. Təhlil göstərir ki, onların böyük əksəriyyəti bir manat olmadan yaşayır, bir çoxunun isə “oksigen balonu” dövlət büdcəsidir. Lakin maliyyə ölkənin siyasi palitrasında təmsil olunan qüvvələrin əsas ifadə vasitəsi deyil. “Maliyyə piroqunun” az bir hissəsi çatan partiyaların bəzisi siyasi gündəmə daha çox təsir edir, nəinki digərləri.

Ötən il partiyaların büdcəsinə 9 milyon 333 min 833 manat 44 qəpik ($5 490 min) daxil olub. Bunun 89 faizi Yeni Azərbaycan Partiyasının payına düşür. Gəliri olduğunu açıqlamış digər 16 partiya illik büdcəsində üzvlük haqları və ianələrin payı cəmi 1 faizdir (9200 manat).

Qeydiyyatda olan 55 partiyadan 10-u maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyib. Onlardan yalnız biri (Azərbaycan Xalq Cəbhəsi Partiyası) siyasi arenadadır. Bu partiyanın adına dövlət qeydiyyatından keçmiş təşkilatdan başqa bir qrup da iddia edir. Bu səbəbdən hakimiyyət Əli Kərimlinin sədrlik etdiyi və bütün siyasi qütblərdə AXCP olaraq tanınan təşkilatın dövlət qeydiyyatı ilə bağlı problemin olduğunu bildirir.

Əksər partiyaların dəyəri bir neçə min manatı aşmayan kompüter və təsərrüfat inventarından qeyri əmlakı yoxdur. Gəlir mənbəyi dövlət büdcəsindən ayrılan yardımlar olan partiyalar istisna olmaqla, bəzi partiyaların aparatında çalışan işçilərə əmək haqqı belə ödənilmir. 28 partiya il ərzində, ümumiyyətlə, gəlir və xərclərinin olmadığını bəyan edib. Digər ölkələrdən fərqli daha bir cəhət – Azərbaycanda partiyalara, o cümlədən hakim Yeni Azərbaycan Partiyasına rəsmi yolla demək olar ki, heç kəs ianə etmir. Siyasətlə məşğul olmağa daha geniş meydan verilən əksər ölkələrdə mənzərə başqa cürdür. Məsələn, hakimiyyəti təmsil edən “Vahid Rusiya” Partiyasının 2016-cı ildə büdcəsinin yarıya qədəri, Rusiya Kommunist Partiyasının gəlirlərinin 30 faizi ianələrdən formalaşıb.

Ölkədə mərkəzi qərargahı olan partiyalar barmaqla sayılacaq qədər azdır. Yeni Azərbaycan Partiyasından başqa heç bir siyasi təşkilat hesabatında üzvlərinin sayı barədə məlumat vermir.

Müsavat – aparıcı müxalifət partiyasının gəlirləri bir ildə 25 faiz azalıb. Partiya üzvlərinin üzvlük haqları və təəssübkeşlərinin ianələrinin ümumi məbləği 6800 manat olub.

Hakim partiyanın – YAP-ın rəsmi illik gəlirləri isə bundan 1220 dəfə çox olub. Dövlət büdcəsindən yardım da daxil olmaqla YAP 2017-ci ildə 8,3 milyon manatdan çox pul vəsaitini idarə etdiyini açıqlayıb. Lakin partiyanın MSK-ya təqdim etdiyi illik hesabatla partiyanın rəsmi internet səhifəsində təqdim olunan maliyyə göstəriciləri arasında ciddi fərqlər də mövcuddur. Məsələn, YAP İdarə Heyətinin təsdiq etdiyi hesabatda tikinti və təmir işlərinə 4 419 586 manat sərf olunduğu, toplam xərclərin 10,5 milyon manat olduğu bildirilir. Audit olunmuş maliyyə hesabatında isə xərclər maddəsində bu haqda heç nə deyilmir. MSK-ya göndərilən və adı açıqlanmayan auditorun təsdiq etdiyi illik hesabatda xərclərin 6 milyon 575,9 min manat olduğu qeyd edilib. Bundan başqa, YAP-ın kassasında və bank hesabında bu ilin əvvəlinə 6,4 milyon manatdan çox pul var.

YAP-ın maliyyə fəaliyyətinin qaranlıq tərəflərindən bir də onun sahib olduğu mülkiyyət, o cümlədən daşınmaz əmlakdır. Hesabatda partiyanın mülkiyyətində torpaq sahələrinin olmadığı yazılır. Hərçənd, YAP yeganə partiyadır ki, demək olar ki, bütün şəhər və rayon təşkilatları inzibati bina ilə təmin olunub. Son 10 il ərzində partiyanın azı 35 təşkilatı üçün yeni inzibati bina tikilib. Aşağıda inzibati binaların şəkilləri əks olunan təşkilatların siyahısını təqdim edirik:

Nəsimi Rayon Təşkilatı, iyun 2008-ci il

Bərdə RT, mart 2009-cu il

Nərimanov RT, may 2009-cu il

Culfa RT, oktyabr 2010-cu il

Mingəçevir şəhər təşkilatı, oktyabr 2010

Səbail RT, dekabr 2010-cu il

Xızı RT, iyul 2011-ci il

Xəzər RT, oktyabr 2011-ci il

Qax RT, noyabr 2011-ci il

Goranboy RT, yanvar 2012-ci il

Astara RT, mart 2012-ci il

Ağstafa RT, aprel 2012-ci il

Saatlı RT, oktyabr 2012-ci il

Zərdab RT, oktyabr 2012-ci il

Binəqədi RT, iyul 2013-cü il

Siyəzən RT, iyul 2013-cü il

Şabran RT, iyul 2013-cü il

Qazax RT, iyul 2013-cü il

Balakən RT, avqust 2013-cü il

Ağcabədi RT, avqust 2013-cü il

Sabirabad RT, avqust 2013-cü il

Yardımlı RT, sentyabr 2013-cü il

Quba RT, sentyabr 2013-cü il

Masallı RT, sentyabr 2013-cü il

Biləsuvar RT, sentyabr 2013-cü il

Ağdaş RT, may 2014-cü il

İsmayıllı RT, sentyabr 2014-cü il

Kürdəmir RT, sentyabr 2015-ci il

Ağsu RT, sentyabr 2015

Göyçay RT, oktyabr 2015-ci il

Ucar TR, oktyabr 2015-ci il

Qəbələ RT, avqust 2016-cı il

Salyan RT, sentyabr 2016-cı il

Tərtər RT, dekabr 2016-cı il

Sumqayıt ŞT, dekabr 2017-ci il

Bununla belə, YAP-ın hesabatına görə, onun balansında olan bina və tikililərin dəyəri amortizasiya çıxılmaqla 2018-ci ilin yanvar ayının 1-nə 6 milyon 692 min manat ($3 964 min) təşkil edir. Tikilməkdə olan binaların inşasına çəkilən sərmayənin dəyəri 6,1 milyon manatdır və bunun 4 milyon 372 min manatı 2017-ci ilin payına düşür. Ümumiyyətlə isə, İT və ofis avadanlığı, mebel və ofis ləvazimatı, nəqliyyat vasitələri, təsərrüfat malları da daxil olmaqla YAP-ın sərvəti 20 milyon manatdan çox (12 milyon dollara yaxın) qiymətləndirilir.

Rəsmi məlumatlarda YAP Xəzər rayon təşkilatının, Qəbələ rayon təşkilatının, eləcə də yeni 8 mərtəbəli mərkəzi qərargahının inzibati binalarının partiyanın sifarişi ilə tikildiyi və YAP-ın mülkü olduğu yer alır. Hazırda YAP Pirallahı RT üçün yeni inzibati bina tikilməkdədir.

Turan.az