Hadisə

Astarada külək həftələrdir binanın damını uçurub, sakinlər…

Martın 5-də əsən güclü külək Astara şəhəri, Səməd Vurğun küçəsi, 1 saylı dördmərtəbəli yaşayış binasının dam örtüyünü uçursa da, indiyə kimi onun damı bərpa olunmayıb. Amma yağışın qarşısını almaq üçün damda polietilen səriblər. Çürümüş taxtalar, dirəklər, döşəmələr ətrafa səpələnib…

Binanın sakinlərindən Məmmədağa Vəliyevin deməsinə görə, dam örtüyü olmayan binada yaşamaq mümkün deyil: “Dam örtüyünü bərpa etmək üçün iki-üç gün bəs edər. Yağışa necə deyək ki, vaxt ver, yerli orqanlar belə istəyir. Damda binanın uzunluğu 50, eni isə 14 metrdir. Mənim 72 yaşım var, belə güclü küləyi birinci dəfədir ki, görürdüm. Gəlib deyirlər ki, fərdi ev sahibləri belə hadisə olanda necə hərəkət edirlərsə, siz də elə edin. Mən pensionerəm. Aydındır ki, pullu adamlar belə binalarda yaşamırlar”.

Onun sözlərinə görə yerli orqanların nümayəndələri dəfələrlə gəlib binaya baxıblar, dəyən ziyanı da hesablayıblar: “Dam örtüyünü bərpa etmək üçün təqribən 25 min manat lazımdır. Qalxıram dama, damda yığılan yağış suyunu vedrə ilə atıram aşağı. Suyun yolu yoxdur ki, damdan axsın, yığılıb qalır. Sonra da tədricən tökülür mənzillərə. Orda panellər arasında məsafə var, birləşdirilməyib. Buradakı yaşayış binalarının damını beş-altı il bundan əvvəl təmir etdilər, bizim binanı da”.

Vəliyevin vurğulamasına görə, ərazidəki digər binaların damları yerindədir: “Bizim binanın damı isə dağıldı. Yaxşı təmir etməyiblər. Təzə dam örtüyü vurdular, çürümüş taxta materiallarından istifadə etdilər. Dam örtüyü heç nəyə bərkidilməyib. Azərbaycan vətəndaşıyıq, yad planetlərdən gəlməmişik. Mənzilin içi yararsız hala düşüb, yaşamaq olmur. Biz hansı dövrdə yaşayırıq?”.

Binanın digər sakini Əfruzə Əhədovanın mənzilinin içi nəmdir. Yerdə qablar, ləyənlər, vedrələr düzülüb: “Mən dördüncü mərtəbədə yaşayıram. Yağış birbaşa evin içinə tökülür. Evdə qala bilmirik. Bizdə tez-tez yağış yağır. Evin divarları yaşdır. Elektrik xətləri divarın içindən gedir, su ilə dolub. İşıq yanmır. Televizor sıradan çıxıb. Özünüz də görürsüz. Üstümüzdə olan panel şişib. Elə bilirik ki, indi töküləcək üstümüzə. Harada su damır, orada qab qoyuruq. Döşəməni daim əski ilə silirik. Evi təzəlikcə təmir etmişdik. Özüm də xəstəyəm. Bilsəydim, təmirə verdiyim pulu özümə sərf edərdim”.

Əhədovanın qonşusu Nahidə Mailova isə bildirir ki, problemlə bağlı yerli orqanlarda olub: “Getdik rayon icra hakimiyyətinə, oradan da şəhər icra nümayəndəliyinə. Gəldilər, dama polietilen örtdülər ki, yağış mənzillərə yağmasın. Həmin günü yenə su gəldi. Səhərə qədər su atmışıq həyətə. İcra hakimiyyəti başçısı dedi ki, o yağış elə bil başıma yağır. Bu binada 32 ailə yaşayır. Uşaq, körpə, yaşlı adamlar var. Belə vəziyyətdə uşaqları məktəbə göndərə bilmirlər. Bu binada əslində yaşayış yoxdur. Qohumun evində də çox qala bilmirsən”.

Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov isə deyir ki, həmin binanın damı yaxın vaxtlarda bərpa olunacaq: “Vətəndaşların müraciəti nəzərə alınıb. Həftə ərzində bu məsələ həllini tapacaq”.

Şikayətlərlə bağlı illər öncə həmin binanın dam örtüyünü təmir edən qurum nümayəndələri ilə isə AzadlıqRadiosu danışmaq mümkün olmayıb. Sakinlər heç həmin qurumun adını da xatırlamırlar.

Bənzər yazılar

Back to top button