Siyasət

Azərbaycan və İran Ermənistandan yan keçən dəmir yolu çəkmək niyyətindədir

Azərbaycan və İran Azərbaycanın Zəngilan rayonundan Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən keçən dəmir yolu çəkmək niyyətindədir.

Oktyabrın 6-da Bakıda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İİR-in yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu” imzalanıb.

Onlar sənədi oktyabrın 6-da günorta saatlarında Ağbənd qəsəbəsi yaxınlığında Araz çayı üzərindən İrana avtomobil körpüsünün təməlqoyma mərasimində iştirak etdikdən sonra imzalayıblar. Bu körpü Şərqi Zəngəzurdan NMR-ə gedən avtomobil yolunun bir hissəsi olacaq.

Beləliklə, Bakı və Tehran Ermənistandan keçməsi nəzərdə tutulan “Zəngəzur dəhlizinə” alternativ nəqliyyat əlaqələrinin yaradılması üzrə konkret addımlar atıb.

Görüşdə Mustafayev və Bəzrpaş regionun cəhətdən cəzbediciliyinin artırılmasının vacibliyini qeyd edərək, “Şimal-Cənub” dəhlizinin vacib komponenti olan Astaraçay üzərində inşa edilmiş körpünün yaxınlaşma yollarının tikintisi və sərhəd-gömrük infrastrukturunun yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğulayıblar.

Dövlət orqanlarına Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması ilə bağlı tapşırıqlar verilib.

Tərəflər həmçinin “Xudafərin”, “Qız qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə yekunlaşdırılması məqsədilə işlərin sürətləndirilməsi zərurətini qeyd ediblər.

Mustafayev və Bəzrpaş iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın həmsədrləridir.(Turan)

Bənzər yazılar

Back to top button