Siyasət

Vardan Oskanyanın hiyləgər gedişi: Paşinyan istefa verir, vəd qüvvədən düşür…

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 13-14 sentyabr döyüşləri ilə bağlı “Əslində nə baş verib və nə etmək lazımdır?” adlı məqalə dərc etdirib.

V.Oskanyan deyib ki, Nikol Paşinyan 10 Noyabr 2020-ci il bəyannaməsi imzalanarkən İlham Əliyevin 3 şərtini qəbul edib. N.Paşinyan şərəf sözü verib və xahiş edib ki, bu 3 şərt bəyannamə mətninə salınmasın, çünki bu onun sonu ola bilər. Vladimir Putin isə İlham Əliyevə bu yazılmayan şərtlərin yerinə yetiriləcəyinə zəmanət verib. Şərtlər aşağıdakılardır:

a) Qarabağ Azərbaycan torpağı olacaq;

b) Zəngəzur koridoru çəkiləcək;

c) İşğal altındakı anklavlar da daxil, sərhədlər demarkasiya və delimitasiya olunacaq.

Oskanyanın fikrincə, 13-14 sentyabr döyüşlərində Kremlin susqunluq nümayiş etdirməsi yalnız Rusiyanın ağır durumu ilə deyil, həm də Putinin “kişi sözü” və qarant məsuliyyəti ilə bağlıdır”. Durumdan çıxış yolu üçün Vardan Oskanyan çox “hiyləgər” təklif edir. Nikol Paşinyan istefa verir və verdiyi vədlər qüvvədən düşür.

Oskanyan bu açıqlaması ilə əslində Paşinyanın istefaya getməli olduğuna işarə vurur. Belə ki, Paşinyanın istefaya getməsilə verdiyi şifahi vədlərin də batacağını deməklə, Ermənistanın keçmiş XİN rəhbəri əslində bir güllə ilə iki dövşan vurmağı düşünür. Bir tərəfdən, Paşinyanın istefasına nail olur və belədə həmin istefada maraqlı olan müxalifətin edə bilmədiyini şəxsən özünün bacardığını ortaya qoymaqla post-Paşinyan dövrü üçün ciddi xal qazanır. Digər tərəfdən də, Paşinyanın istefası ilə verdiyi şifahi vədlərin qarşısını almaqla erməni cəmiyyətində yenə də özünü xilaskar qismində göstərmək istəyir.

Bir sözlə, görünən odur ki, Vardan Oskanyan həmin açıqlaması ilə Paşinyanın istefaya gedəcəyi təqdirdə onun yerinə ən layiqli namizədin “Qarabağ klanı”nın hansısa bir nümayəndəsi, Rusiyadan gətirilən erməni milyarderi deyil, məhz özünün olduğunu aşılamağı qarşısına məqsəd qoyub.(Qaynarinfo)

Bənzər yazılar

Back to top button