CəmiyyətManşet

Bir Vüqar tutuldu, biri yaddaşda…

Dünən səhər sosial şəbəkədə Vüqar Səfərli və onun ətrafındakı yaltaq xoru barədə növbəti fikirlərimi bölüşəndə vəziyyət başqa idi. Ləğv edilən KİVDF-nin işdən qovulan rəhbəri mətbuatdan və tikintidən oğurlanan, bölüşdürülən pulların haqq-hesabını aparır, gəlirini-çıxarını hesablayırdı. Günortadan sonra prokurorluq sabiq icraçı direktorun həbs olunduğu ilə bağlı xəbər yaydı. Binəqədi məhkəməsi də Səfərlini 4 ay “səfərə” göndərdi. Vəzifədə olanda uzaq səfərlərə öyrəncəli Səfərlinin bu səfərinin heç də qısa olmayacağı çoxlarına məlumdur.

Ömründə öz şəxsi fikri olmayan, vəzifədə şellənən müddətdə belə ciddi tənqidlərə arqumentli cavab verə bilməyən, yalnız və yalnız qisasçılığı yaxşı bacaran birisi haqqında nə yazasan? Əməllərinə görə hələlik istintaq təcridxanasına göndərilən, bu üzdən cavab vermək imkanı olmayan Vüqar Səfərli barədə yazmağı aldığım tərbiyəyə sığışdırmıram. Bu yazı yəqin ki, onun haqqında sonuncu qeydlərim olduğundan bəzi məsələləri yekunlaşdırmaq istəyirəm.

Tanıyanlar, oxuyanlar bilir ki, mən Səfərli və onun ətrafında qala quran mətbuat mafiyası barədə hələ 2010-cu ildə sözümü demişəm, bir başa adlar çəkmişəm. Böyük populyarlıq qazanan “Reytinq” qəzetində istedadlı jurnalist Zaur Əhmədə verdiyim müsahibəni media mafiyasının üzvləri və onların “Xaç atası” yəqin ki, yaxşı xatırlayırlar. Müsahibəni dərc etdiyinə görə qəzetin baş reaktoru, əziz dostum Afiq Mirzəbəylini necə hədələdiklərini də gərək ki, unutmayıblar. Biri lap uzağa getmişdi, əslən Füzulidən olan, ağ saçlı, yalın başlı adam Afiq bəyi cəmi Qarabağın düşməni elan etmişdi.

Evimdə çörək kəsən, Cəlilabaddakı kəndlərində çörək yediyim keçmiş iş yoldaşım həmin müsahibədən sonra mənimlə eyni liftə minməyə də qorxurdu ki, birdən KİVDF rəhbəri bundan xəbər tutar. Görünür Mikayıl Müşfiqin taleyini hər gün gözlərinin qabağına gətirirmiş…

Vüqar Səfərli həmin müsahibənin acığını ağır çıxdı, davamlı təzyiqlərdən sonra “Reytinq” qəzeti fəaliyyətini dayandırdı, bacarıqlı jurnalist, şəhid övladı Zaur Əhməd mənzil alacaq jurnalistlərin siyahısından kənarda qaldı.
Vüqar Səfərlinin icraçılıq etdiyi media mafiyası isə işini davam etdirir, onun ailəsinə məxsus “Movqe”, “Futbol+Qol” kimi mövqesiz, mənasız qəzetlərlə pullar bölürdü. KİVDF-yə daraşan “Qərəzsiz”, “obyektiv” ekspertlər Səfərlinin cümlə belə yaza bilməyən oğlunu müsabiqənin qalibi elan edir, bahalı hədiyyə bağışlayırdı.
Səfərli böyür-başındakı yaltaqlar orkestrinin üzvlərinin sayəsində mətbuatda toxunulmaz fiqura çevrilmişdi. Yaxşı belə bir vaxtda Elbrus Ərud yeni qurduğu “Qafqazinfo” saytında bu mafiyanı adbaad şəkilləndirən “Ustadıma bərəkallah” köşəmi yaydı.

Digər həmkarlarım da arada Vüqar Səfərlinin hardan gəlib hara gedəcəyini xatırladan yazılarla çıxış edir, sosial şəbəkələrdə etiraz bildirirdilər. Başqa meydan sadəcə yox idi, çünki Səfərlinin suç ortaqları, bəzi yaltaq və mövqesiz media kapitanları, əbləhlər və əbləhələr ordusu mətbuatı tam nəzarətə götürmüşdü. Səfərli ilə səfalı səfərlərə çıxır, kef çəkirdilər.

İstedadlı dostum, Səfərlinin düşməni Seymur Verdizadənin baş redaktor olduğu “Yeni Sabah” saytına bir neçə ay öncə verdiyim müsahibədə qeyd etdiyim kimi, bəzi baş redaktorlar Vüqar Səfərli ayaqyoluna gedəndə qapının ağzında sıraya düzülürdülər ki, içəridən gələn iy-qoxu onların da bahalı kostyumlarına hopsun.

Səfərlinin çoxdan gözlənilən həbsindən sonra medianın ağ günə çıxacağına inanan qədər sadəlövh deyiləm. Uzaqdan müşahidə edirəm ki, yaltaq xoru eyni həvəslə bu dəfə Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılovun ətrafında özünə yer axtarır. Mətbuatımızı rəzil duruma gətirənlərdən biri Vüqar Əliyev hələ də Prezident Administrasiyasında şöbə müdirinin müavini maaşını alır. Vüqar Səfərli həbsə salınıb, mətbuata söyüşü, şantajı, təhqiri gətirən “Trol sürüsünün” başçısı Vüqar Əliyev isə kreslosunun arxasında gizlənib bu kampaniyadan qazandıqlarını sayır. O, elə bilir ki, mətbuat mafiyasından tənqid yazan saytların rəhbərlərini öz iş otağında necə şantaj etdiyi undulub? Səfərlinin adaşı bu vəziyyətə görə məsuliyyətdən kənar qalmamalıdır. Əgər onda zərrə qədər də mənəviyyat varsa istefa verib getməlidir.

Bu gün mediamızın mənəvi saflığa ehtiyacı var. Vüqar kimi adamlar həmişə gövdələri ilə təmiz havanın qarşısını kəsiblər…

Etibar Cəbrayıloğlu

Bənzər yazılar

Back to top button