Siyasət

Misir Mərdanov Göyçə-Zəngəzur Respublikasından danışdı

Sentyabrın 19-da Göyçə-Zəngəzur Respublikasının yaradıldığı haqqında məlumat yayılıb.

Yayılan məlumatda qurumun bayrağının qəbul edilməsi, Rizvan Talıbovun rəhbər seçilməsi öz əksini tapıb. Yaradılan respublikanın nümayəndəliyi isə Türkiyənin paytaxtı Ankara şəhərindədir. Lakin bu xəbər cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bununla bağlı Cebhe.info-ya açıqlamasında “Qərbi Azərbaycan İcması”nın Müşahidə Şurasının rəhbəri, professor Misir Mərdanov mövqeyinin icmanın mövqeyi ilə eyni olduğunu bildirib: ““Qərbi Azərbaycan İcması” məsələ ilə bağlı açıqlama yayıb. Biz razılaşıb açıqlamanı yaymışıq, həmin fikirlər, eyni zamanda, həm də mənim mövqeyimdir”.

Bundan başqa, Misir Mərdanov Qərbi Azərbaycandan olanların icma tərəfindən siyahıya alınacağına da münasibət bildirib. Professor bu siyahının bir müddət sonra dəqiqləşəcəyini bildirib:

“Biz hələ icmaya ayrılan ofisdə fəaliyyətə başlamamışıq. Yaxın günlərdə bu məsələləri araşdıracağıq. Bu, o qədər də sadə məsələ deyil. Bizdə nə qədər insanın və kimlərin deportasiya olunması haqqında məlumat var. Ondan sonra çoxlu dəyişikliklər olub, ailələr qurulub, nəsil artıb, biz onları da qərbi azərbaycanlı hesab edirik. Bir müddət sonra bu haqda daha dəqiq məlumat verə bilərik”.

Qeyd edək ki, “Qərbi Azərbaycan İcması”nın sədri deputat Əziz Ələkbərlidir. İcma Göyçə-Zəngəzur Respublikasının yaradılmasına münasibət bildirərək, belə bir qurumun yaradılmasının yolverilməz hesab edib. “Qərbi Azərbaycan İcması” “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımadığını, onunla heç bir əlaqəsinin olmadığını, tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərinin yolverilməz və zərərli hesab etdiyini bəyan edib.

Bənzər yazılar

Back to top button