GündəmHadisəManşet

Rütbəsi alındı, 7.7 milyonluq əmlakı müsadirə edildi, 12 il cəza aldı – Generalın məhkəməsi bitdi

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesinin son iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmü ilə Mövlam Şıxəliyev general rütbəsi alınmaq və 7.7 milyonluq əmlakı müsadirə olunmaqla 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Mövlam Şixəliyev Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Qeyd edək ki, istintaq dövründə Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 482 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak 770 min 609 manat, Səbail rayonu, Bülbül prospektiev 7 ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi 35 min 500 manat, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak 974 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlak 214 min manat, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak 31 min 500 manat, Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı 39 min 528 manat olması müəyyən edilib.

Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak 26 min 240 manat, Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m. əmlak 17 min manat, Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlakın 37 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 2ünvanında yerləşən daşınmaz əmlak 400 min manat, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 452 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak 535 min 653 manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak 738 min 711 manat olması müəyyənləşib.

Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş Bakı şəhəri Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv.m. sahəsi olan daşınmaz əmlak 650 min 719 manat, Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak 257 min 172 manat, Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 305 min 240 manat dəyərində olduğu üzə çıxıb.

Generalın oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak 360 min manat, Səbail rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak 714 min 985 manat olması müəyyən edilib.

Əmlaklar ümumilikdə 7 738 017 manat məbləğində müəyyənləşib.

Bənzər yazılar

Back to top button