Bizim seçimCəmiyyətManşet

Azərbaycanda orqanların qara bazarı…

Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə Instagram-da orqan satışı təklifi ilə bağlı elanlar diqqət çəkir. Elanları yerləşdirənlər böyrək, qaraciyər və iliyin donorluğunu təklif edirlər.

Azərbaycanda orqan transplantasiyası icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilir. Amma bu şəxslər donorluğu həmin xətt ilə təklif etmirlər. Ölkədə insan orqanlarının, toxumalarının alqı-satqısı, qanunsuz donorluq və transplantasiyasına görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Turana bildirib ki, sözügedən elanların səbəbini məlumatsızlıqda və informasiya kirliliyində görür: “Çünki orqan elə bir hissə deyil ki, onu istədiyin vaxt kimlərəsə paylaşa biləsən. Bunun üçün infrastrukturlu xəstəxana, mütəxəssis-həkim briqadası lazımdır, həmin orqanın götürülməsi qanunvericiliklə tənzimlənir. Kimsə gizlin şəkildə hətta bunu etmək istəsə, bu, mümkün deyil”.

Onun sözlərinə görə, əməliyyatdan sonra da həmin xəstənin həyatda qalması üçün bir müddət çox geniş və ətraflı müayinələrə, müalicəyə ehtiyac yaranır: “Yəni, bu, çox çətin proses olduğuna görə bu elanlar qeyri-ciddi və etibar olunmayası bir məsələdir”.

Deputat vurğulayıb ki, hazırda qanunvericiliyə görə, “orqan donoru” ayrı bir məfhumdur və o, müəyyən kriteriyalara cavab verməlidir: “Onlardan əsas olan sağlamlıqdan başqa, həmin şəxs orqan köçürülən şəxsin yaxın qohumu olmalıdır. Burada genetik uyğunluluq məsələsi var”.

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyir ki, orqanların satılması ilə bağlı elanlar daha çox yoxsulluq və imkansızlıqla bağlı məsələdir: “İnsanların bir qismi müəyyən vəsaiti əldə etmək üçün bu yolu sınaqdan çıxarırlar və əlacsızlıqdan bunu edirlər. Heç kəs öz orqanını bu cür soyuqqanlı şəkildə sata bilməz”.

Amma o da əlavə edir ki, bu cür orqan bağışlamaq qanuni sayılmır: “Bununla bağlı müvafiq dövlət orqanında qeydiyyatdan keçmək lazımdır, bunu həll etmək onda mümkün olacaq… Buna görə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər, çünki qeyri-qanuni belə fəaliyyətlə məşğul olmağa qanun icazə vermir”.

Professor Adil Qeybulla isə AzadlıqRadiosuna bildirib ki, heç kəs öz orqanını sata bilməz: “Bu kriminaldır, bunun arxasında həmişə müəyyən niyyət dayanır”.

Ekspertin sözlərinə görə, bütün dünyada bu proses müəyyən qaydalarla həyata keçirilir: “Donor bankı var və həmin donor bankında beyin ölümü keçirmiş insanların orqanları ehtiyacı olan insanlara köçürülür. Burada şəffaflıq təmin olunur. Dünyada belə şey yoxdur ki, ehtiyacı olan qohuma yaxın qohumlar orqan bağışlasın. Bizdə isə belədir. Bu, doğru deyil”.

O qeyd edib ki, Azərbaycanda orqanların qara bazarı mümkün deyil: “Varsa da o, cinayətdir. Azərbaycanda bunun qarşısı alındı. Bir ara bununla bağlı müəyyən cəhdlər var idi. İndi isə bu məsələyə ciddi nəzarət var”.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə ayrılıqda danışmaq mümkün olmayıb.

Bənzər yazılar

Back to top button