Hadisə

Naxçıvanda mədəniyyət işçilərindən məcburi qaydada pul yığılır? – Açıqlama

Kəngərli rayonunda mədəniyyət işçilərindən qazi və şəhid ailələrinə yardım adı altında pul yığıldığı iddia edilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb.

İddiaya görə, bu pulu vermək məcburi olsa da, mədəniyyət işçilərindən pulu könüllü verdikləri ilə bağlı qol çəkmək tələb olunur.

Bildirilir ki, sözügedən vəsaitlər şəhid ailələri və qazilərə yardım üçün yaradılmış Yardım Fonduna köçürülür.
Kəngərli rayon Mədəniyyət Şöbəsinin işçilərindən Q. Məmmədov fondun yaradılmasını təqdir etsə də, məcburi pul yığılmasına etiraz edir:

“Deyilənə görə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi şəhid ailələri, qazilər və müharibə veteranları üçün Yardım Fondu yaradıb. Bu, gözəl təşəbbüsdür, biz də dəstəkləyirik. Lakin, bu könüllü olmalıdır, hər kəs imkan daxilində kömək etməlidir. İşçiləri buna məcbur etmək yolverilməzdir. Məcburi qaydada alırlar. Sonra da özləri yazdığı bir sənədə imza atdırırlar ki, guya hər şey qanuni və könüllü həyata keçirilir. Biz həm də dəqiq bilmirik ki, bu pullar həqiqətən təyinatı üzrə xərclənir. Çünki heç bir hesabat təqdim etmirlər”.
Adının çəkilməsini istəməyən digər şikayətçi isə deyir ki, müxtəlif tədbirlər altında onlardan tez-tez qanunsuz pullar tutulur:

“Tez-tez müxtəlif tədbirlər adı ilə müxtəlif miqdarda pul toplanır. Bu dəfə də qazilərə Yardım Fondu adı ilə yığırlar. Həyat yoldaşım da bu sahədə işləyir. Hər birimizdən məcburi qaydada 25 manat alıblar. Etirazımız yoxdur. Hər birimiz şəhid ailələrinə, qazilərimizə dəstək olmalıyıq. Lakin tanıdığımız xeyli sayda qazi var ki, böyük ehtiyacları var. Onlara yardım edən yoxdur. Bizi narahat edən yığılan pulların təyinatı üzrə xərclənməsinə olan inamsızlıqdır”.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, Nazirlikdə belə bir fond yaradılmayıb:

“Kimdənsə də zorla pul yığılması xəbəri həqiqətə uyğun deyil”.

Qeyd edək ki, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 14 dekabr 2020-ci ildə imzaladığı fərmanla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılıb.

Bənzər yazılar

Back to top button