Hadisə

Keçmiş partiya sədrinə qadağa qoyulub: Ölkədən çıxa, maşın sürə bilməz (TƏFƏRRÜAT)

Fəaliyyəti dayandırılmış Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı ilə İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb.

Qaynarinfo-ya daxil olan məlumata görə, İdarə bu mübahisədən dolayı Nemət Pənahlını məhkəməyə verib. İş hazırda apellyasiya mərhələsindədir.

Qaynarinfo detalları öyrənmək üçün Nemət Pənahlı ilə əlaqə saxlayıb.

Keçmiş partiya sədri bildirib ki, həbsdə olarkən vergi borcu yaranıb: “Səhv etmirəmsə, 17 000 manat vergi borcu yazıblar. Məni buna görə məhkəməyə veriblər ki, maşınımı satıb vergi borcunu ödəyim. Lakin birinci məhkəmənin harada keçirilməsi ilə bağlı məlumatım yoxdur. Çünki xəbərim olmadan proses keçirilib. Bu barədə mənə nə məlumat verilib, nə də məhkəməyə çağrılmışam. Məhkəmənin qərarı gəlib ki, maşın satılsın, vergi borcu ödənsin. Bundan sonra da mən apellyasiya şikayəti vermişəm”.

Nemət Pənahlının sözlərinə görə, onun ölkədən çıxışı da məhdudlaşdırılıb. “Bir neçə ildir ölkədən kənara çıxa bilmirəm”, deyə keçmiş partiya sədri əlavə edib.

O, daha sonra qeyd edib ki, bundan qabaq da eyni iddia ilə məhkəməyə verilib: “Lakin vergi orqanının iddiası rədd edilib. Onlar apellyasiya şikayəti verib. Şikayət də təmin olunmayıb. Bundan sonra yenidən məni məhkəməyə veriblər və xəbərim olmadan əleyhimə qərar çıxarılıb. Hələ başqa qanunsuzluqlar da var. Məsələn, bu işlə bağlı yoldaşımın və oğlumun sürücülük hüququ məhdudlaşdırılıb. Onlar avtomobildən istifadə etməyib. Sadəcə mən onların hər ikisinə avtomobili idarə etmək üçün etibarnamə vermişəm. Yəni, zərurət yaranan zaman onlar maşını idarə edə bilsin. İndi mən çox adama etibarnamə verə bilərəm, belə çıxır ki, onların da sürücülük hüququ məhdudlaşdırılmalıdır? Bu absurddur axı. Oğlum Türkiyədə yaşayır. Amma onu 3 dəfə sürücülük hüququndan məhrum ediblər. Bununla bağlı da məhkəməyə müraciət etmişəm”.

Məlumat üçün deyək ki, Nemət Pənahlının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq. Məhkəməni vaxtı hələ müəyyən edilməyib.

Bənzər yazılar

Back to top button