ManşetSiyasət

Aleks Raufoğlu: Pelosinin bəyanatları münasibətlərin gərginləşməsi üçün bəhanə olmamalıdır (MÜSAHİBƏ)

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi sentyabrın 18-də Yerevanda səfərdə olarkən bildirib ki, Ermənistanın sərhədlərinə və suverenliyinə hücum edilib.

“Ermənistan bizim üçün vacibdir və biz Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını qətiyyətlə pisləyirik”, – Pelosi deyib.

O qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını çoxdan və açıq şəkildə bəyan edib.

“Səfərimizin məqsədi Ermənistanın ABŞ-dan nə gözlədiyini və müdafiə sahəsində əməkdaşlıqda bizim hansı dəstəyi verə biləcəyimizi və nə edə biləcəyimizi anlamaqdır. Qərarı Ermənistan verir və qəbul edərsə, biz kömək etməyə hazırıq”, – Pelosi bildirib.

Pelosi ilə birlikdə gələn deputat Ceki Speer bildirib ki, Nümayəndələr Palatasında Azərbaycanın hərəkətlərini pisləyən qətnamə irəli sürüb edilib. “Ümid edirəm ki, tezliklə qəbul olunacaq.

Ermənistan qarşısında öhdəliklərimizə gəlincə, biz Ermənistanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik və Ermənistanın sərhədlərində istənilən dəyişikliyə qarşı çıxacağıq”.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, “18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamları qəbuledilməzdir”.

Vaşinqtonda mənzillənən azərbaycan-əsilli jurnalist Aleks Raufoğlu mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

***

– ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevanda səsləndirdiyi bəyanatlar nəyə hesablanıb? Bu bəyanatları səsləndirməkdə spikerin məqsədi nədir? Bu bəyanatları rəsmi ABŞ-ın mövqeyi hesab etmək olarmı?

-İcazənizlə, suallarınıza sonuncudan başlamaqla cavab verim. Xeyr, xanım Pelosinin bəyanatları ABŞ Administrasiyasının rəsmi mövqeyini ifadə etmir, bunun üçün Ağ Ev və Dövlət Departamentindən səslənən açıqlamalara diqqət etmək yetərlidir. Yerevanda nümayiş edilən ritorikanın rəsmi mövqedən fərqlənməsi ABŞ sistemində nadir nümunə deyil. Siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün Konqress üzvləri kimi, Spiker də müxtəlif mövzularda Ağ Evin siyasətindən fərqli yanaşma nümayiş etdirməkdə azaddırlar – hətta Oval Ofisdə oturan şəxslə eyni partiya maraqlarını bölüşmüş olsalar belə.

Bəyanatların məğzinə gəldikdə, xanım Pelosinin açıqlamalarında Azərbaycan tərəfinin mövqeyinə (haqlı, yaxud haqsız—fərq etməz) istinad olunmamasının səbəbləri ilk növbədə Azərbaycan üçün düşündürücü olmalıdır. Təəccüblü hal idi ki, Azərbaycanın Vaşoinqtondakı diplomatları xanım Pelosinin çıxışlarına yalnız faktdan sonra və yumşaq desək, “Tvitter tənqidçiləri” səviyyəsində reaksiya vermək məcburiyyətində qaldılar. Pelosinin bəyanatları o cümlədən bizim illərdir dediyimizi — ABŞ Konqresində Azərbaycanın pullu lobbiçilik səylərinin səmərəsiz olduğunu isbat etdi.

Sualınızın digər hissəsinə gəldikdə, bir qayda olaraq, ABŞ Spikerinin böhran nöqtələrinə səfərləri beynəlxalq ictimai rəyi münaqişələrə cəlb etmək baxımından önəm daşıyır. Bütün həftə ərzində baş xəbər lentlərini Ukraynaya və Kraliçanın ölümünə həsr etmiş Qərb mediası şənbə və bazar günləri aydın səbəbdən Azərbaycan-Ermənistan münaqişəsini manşetlərinə çıxardılar, baxmayaraq ki, iki tərəf arasında atəşin dayanması barədə razılaşma bu səfərdən 48 saat öncə artıq əldə olunmuşdu.

Bu mənada, spikerin səfərini özlüyündə, diqqəti problemə cəlb etmək baxımından əlamətdar saymaq olar. Azərbaycan tərəfi bu fürsətdən düzgün yararlanmaq üçün, ilk növbədə səfərdə iştirak etmiş Konqress üzvləri ilə vaxtında işləməli, öz mövqeyini də diqqətə çatdırmalı idi. Spikerin ofisinin də açıqladığı kimi, bu səfər əslində, bir ay öncədən nəzərdə tutulmuşdu, sadəcə olaraq vaxt qeyri-münasib dövrə təsadüf edib. Azərbaycan diplomatlarının bu ziyarətdən xəbəri var idimi? Olmayıbsa – pis, olub heç nə etməyiblərsə – daha da pis.

-Bu bəyanatları səsləndirərkən Nensi Pelosi düşünmədimi ki, ABŞ Azərbaycanı itirə bilər?

– İlk növbədə, bəyanatların səsləndirildiyi məkanı nəzərə alaraq, anlaşılandır ki, məqsəd Ermənistanı itirməmək olub, amma Vaşinqtondakı ümumi sentiment belədir ki, bu, heç də mütləq Azərbaycanı itirmək bahasına edilməməlidir. ABŞ-da gözəl anlayırlar ki, son bir neçə həftə ərzində post-Sovet regionunda münaqişə ocaqlarının ardı-ardına alonlanması təsadüfi deyil. Ukraynada məğlubiyyətlə üzləşmiş Rusiya bu vəziyyətdən bəhrələnməklə, ABŞ dövlət katibinin də bir neçə gün əvvəl dediyi ki, “regionu qarışdıra bilər.”

Azərbaycandan fərqli olaraq, Ermənistan Moskvanın artan təzyiqləri fonunda Qərbdən uzadılan əli rədd etməmək yolunu tutub. Azərbaycan da Putin Rusiyası tərəfindən təklənməməkdə maraqlıdırsa, siyasətini nəzərdən keçirməlidir.

– Son vaxtlar ABŞ- Azərbaycan münasibətlərində buzlar əriməyə başlamışdı. İndi bu bəyanatlarla yenidən münasibətləri gərginləşdirmək kimlərə sərf edir? Bu kimi bəyanatlarla ABŞ Azərbaycanı Rusiyaya tərəf itələmir?

– Spikerin bəyanatları rəsmi münasibətlərin gərginləməsi üçün səbəb olmamalıdır. Bunu edənlər ən pis halda, bəhanə axtarışındadırlar, ən yaxşı halda isə, ABŞ siyasi sisteminə sadəcə olaraq bələd deyillər.

Rusiyaya gəldikdə, bu ölkə təkcə son 7 ayda Ukraynadakı əməllləri ilə özünü dünya siyasətindən təcrid edib və İran, Şimali Koreya kimi rejimlərin imdadına sığınıb. Kremlə tərəf “itələnməyi” ABŞ heç düşməninə də arzulamazdı.

-Son olaraq, ABŞ Azərbaycan münasibətlərinin normal məcraya düşməsi üçün hər iki tərəf hansı addımları atmalıdır?

– Münasibətlərin indiki halda, məcrasından çıxdığını iddia etmək doğru olmazdı. Hərçənd, etiraf etmək lazımdır ki, tərəflər arasında səmimiyyət indi hər zamankından daha önəmlidir.

Qarabağ nizamlaması ABŞ-Azərbaycan münasibətlərinin fokuslandığı istiqamətlərdən yalınız biridir və bütün digər sahələrdə olduğu kimi, bu iş də diplomatik yaradıcılıq tələb edir.

Bu yaxınlarda söhbət etdiyim sabiq ABŞ diplomatlarından biri münaqişə ətrafındakı dialoqların əvvəlki illərdən fərqini təxminən aşağıdakı formada izah etmişdi.

“Əvvəllər tərəflər bizimlə təmasda qarşı tərəfin fikrinin pis olduğunu nəzərə çatdırırdı, indi isə qarşı tərəfin özünün pis olduğunu”. Fərq bundadır.

Mario Puzonun “Xaç atası” əsərində Don Korleonenin dediyi kimi, “düşmənlərinizə nifrət etmək kimi səhvə yol verməyin. Bu, sizin mühakimənizi dumanlandırır”.

Bənzər yazılar

Back to top button