Cəmiyyət

Əziz Orucovla bağlı bəyanat qəbul edilib

Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası jurnalist Əziz Orucovla bağlı bəyanat qəbul edib.

Əziz Orucov “Kanal 13” internet televiziyasının rəhbəri, həmçinin MSŞA Koalisiyası Şurasının üzvüdür.

Bəyanatda deyilir ki, sentyabrın 15-də Əziz Orucov Baş Prokurorluğa çağırılıb və orada sorğu-sual edilib.

MSŞA Koalisiyası bu hadisəni pisləyir və Baş Prokurorluqdan vətəndaşların, o cümlədən jurnalistlərin konstitusion hüquqlarına hörmətlə yanaşmağı tələb edir.

Koalisiya Əziz Orucovun Baş Prokurorluğa çağırılmasını onun peşə fəaliyyəti ilə əlaqələndirir, jurnalistin müstəqil, tənqidi fikrinə görə təqib olunduğunu vurğulayır.

Bəyanatda bildirilir ki, Baş Prokurorluğun atdığı addım konstitusiyanın 50-ci maddəsində nəzərdə tutulmuş hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığına ziddir.

Bəyanatda qeyd edilir ki, Əziz Orucov ictimai-siyasi proseslərə daima həssaslıqla yanaşan, hadisələri geniş ictimaiyyətə olduğu kimi, jurnalist etikasını, bitərəfliyi qoruyaraq, qərəzsiz çatdıran müstəqil jurnalist, onun rəhbərlik etdiyi “Kanal 13” internet televiziyası isə milyonlarla Azərbaycan vətəndaşının ölkədə baş verən proseslər haqda operativ məlumatlanmasına, siyasi və iqtisadi cəhətdən maariflənməsinə yardım edən, bu yolla dövlətçiliyə və xalqa xidmət göstərən bitərəf mediadır.

MSŞA Koalisiyası Əziz Orucovun heç bir qanuna zidd olmayan fəaliyyətini dəstəkləyir, jurnalistlərin peşə fəaliyyətinə mane olmağın yolverilməzliyini, onların konstitusiya ilə verilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşmağın zəruriliyini vurğulayır.

Eyni zamanda koalisiya Əziz Orucovun hansı əsasla Baş Prokurorluğa çağırıldığına aydınlıq gətirilməsini istəyir, prokurorluğu bununla əlaqədar ictimaiyyətə açıqlama verməyə çağırır: “MSŞA Koalisiyası olaraq bildiririk ki, məsələni diqqətdə saxlayacaq, işi axıradək izləməklə bərabər onun milli və beynəlxalq səviyyədə ictimailəşməsini təşkil edəcək və qanunvericilikdə nəzərdə tutulmuş bütün mümkün vasitələrdən yararlanmaqla Əziz Orucovun hüquqlarını müdafiə edəcəyik”.

Əziz Orucov 2017-2018-ci illərdə həbsdə olub. O, dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib, sonra cəza 6 ildən 3 ilə endirilib, eyni zamanda şərti həbslə əvəzlənib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əziz Orucovu vicdan məhbusu və siyasi məhbus kimi tanıyıb. 2020-ci ildə jurnalistin məhkumluğu götürülüb.

Bənzər yazılar

Back to top button