Cəmiyyət

“Mümkündür ki, azərbaycanlıların bir qismi müharibədən çəkinmək üçün vətənə qayıtsınlar», – ekspert.

Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Qanunun icrası artıq dünəndən başlayıb, səfərbərliyə düşən şəxslərə çağırış vərəqələri göndərilir.

Elə dünən, sentyabrın 21-də Rusiyadan kütləvi insan axını başlayıb. İstanbula, Bakıya, İrəvana təyyarə biletlərin qiyməti 8-10 min avroya çatıb, Gürcüstan, Monqolustan, Qazaxıstan və Finlyandiya ilə quru sərhədlərdə isə kilometrlərlə uzanan avtomobil tıxacı yaranıb.

Rusiyadan gələn məlumatlara görə, çağırış vərəqi gələn insanlar arasında bu, ölkəyə işləmək üçün Azərbaycandan gedən və sonra orada Rusiya vətəndaşlığı alan azərbaycanlılar da az deyil. Onlardan da müharibədə iştirak etmək istəməyənlər çoxdur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Rusiya-Ukrayna müharibəsi hələ çox ciddi fəsadlara gətirib çıxaracağını proqnolaşdırmaq mümkün idi. «Hər keçən gün təkcə Rusiya-Ukrayna sərhədləri çərçivəsində deyil, ondan kənarında da özünü göstərməyə başlayıb. Bu müharibənin əlavə nəticələri qış mövsümündə Avropada hiss olunacaq».

Deputat qeyd edib ki, müharibənin gedişatında Ukrayna silahlı qüvvələrinin əks-hücuma keçməsi Rusiya rəhbərliyini məlum qərar qəbul etməyə vadar edib. «Vladimir Putin qismən səfərbərlik elan etdi. Bu qərarın əks-sədası dərhal Rusiya cəmiyyətində ozünü göstərməyə başladı. Düzdür, Rusiya Müdafiə naziri Sergey Şoyqu dedi ki, bu qismən səfərbərlikdir, bütövlükdə 300 min ehtiyatda olan hərbçiləri əhatə edəcək, ancaq eyni zamanda qeyd etdi ki, Rusiyanın 25 milyonluq ehtiyatda olan hərbçiləri var. Bundan sonra aviabiletlərinə tələbat kəskin şəkildə artdı».

Komitə üzvünün sözlərinə görə, Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır. «Onların bir qismi Rusiya vətəndaşıdır. Nəzərə alsaq ki, 18 yaşından 60 yaşa qədər ehtiyatda olan hərbçilərin, hərbi mükəlləfiyyəti olanların çağırışı elan edilib bu, Rusiya vətəndaşı olan azərbaycanlıları da əhatə edə bilər. Belə olan vəziyyətdə bu, orada yaşayan azərbaycanlıların digər ölkəni tərk etmək istəyən Rusiya vətəndaşların atdığı adekvat addımların atmasına və Azərbaycana gəlməsinə səbəb ola bilər».

O, hesab edir ki, Azərbaycan höküməti bu məsələlərlə bağlı müvafiq addımları atmalıdır. «Yəqin ki, bu addımlar artıq atılır».

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Rusiya vətəndaşlığını alan və ya Rusiyada doğulan azərbaycanlıların orduya cəlb edilməsi mümkündür. «Bu müharibənin statistikasına baxsaq, ən çox həlak olan Rusiyada yaşayan müsəlmanlar və türkdilli millətlərdir. Sanki, Rusiya hakimiyyəti ön cəbhəyə fərqli millətlərin nümayəndələrini göndərir. Mən istisna etmirəm ki, indi də Rusiya Müdafiə Nazirliyi ölkədə yaşayan başqa millətlərin nümayəndələrini ilk növbədə səfərbərliyə cəlb edə bilər».

Onun fikrincə, buna məqsəd müharibəni beynəlmiləlləşdirməkdir. «Göstərmək istəyirlər ki, bu, təkcə Rusiya-Ukrayna müharibəsi deyil, bütün millətlərin Ukraynaya qarşı müharibəsidir. Buna görə də təhlükə var ki, Rusiyada yaşayan başqa millətlərlə yanaşı azərbaycanlılar da cəlb olunsun».

Ekspert qeyd edib ki, azərbaycanlıların bir qismi bu müharibədə obyektiv səbəblərdən iştirak etmək istəməyəcək. «Onları anlamaq olar. Bu, onların müharibəsi deyil. Bu, heç Rusiyanın müharibəsi da deyil, bu – Putinin şəxsi müharibəsidir. Ona görə mümkündür ki, azərbaycanlıların bir qismi müharibədən çəkinmək üçün vətənə qayıtsınlar».

Politoloqun sözlərinə görə, problem ondadır ki, Azərbaycanın Rusiya ilə quru sərhədləri bağlıdır. «Hava yolu ilə də gələ bilməyəcəklər, çünki ruslar artıq bütün biletləri alıblar».

Siyasi şərhçisi bildirib ki, Rusiyada yaşayan, amma bu ölkənin vətəndaşı olmayan azərbaycanlıları təhlükə gözləmir. «Amma onlar Rusiyada iqtisadi vəziyyətin ağırlaşması ilə bağlı Azərbaycana dönə bilərlər. Bu baş versə, Azərbaycanın özündə də müəyyən sosial problemlər yarana bilər. Bizim bölgələrin bir çox insanları Rusiyada ticarətlə məşğuldur və evlərinə pul göndərirlər. Onların geri dönüşü bu baxımından problem yarada bilər».

Bənzər yazılar

Back to top button