İqtisadiyyat

2022-ci ildə Azərbaycan Avropaya qaz nəqlini 40 faiz artıracaq

Bu il Azərbaycan təbii qaz tədarükünü 40 faiz artıraraq, ixrac həcmini 11,5 milyard kubmetrə çatdıracaq, bu barədə ölkənin energetika naziri Pərviz Şahbazov Rumıniyada Beynəlxalq Qaz Konfransında çıxışında bildirib.

“Bu isə Cənub Qaz Dəhlizinin maksimum güclə işləməsinin, təchizatda fasiləsizlik və sabitliyin təsdiqidir”, deyə Şahbazov vurğulayıb.

Nazir enerji böhranının aradan qaldırılması üçün enerji bazarlarını balanslaşdıracaq şaxələnləndirilmiş tədarük mənbələrinin təchizi istiqamətində Azərbaycanın töhfələrindən bəhs edib.

Energetika naziri enerji təhlükəsizliyinin təminatında növbəti addım olaraq 5 il ərzində Cənub Qaz Dəhlizinin genişləndirilməsini qeyd edib. Bildirilib ki, təbii qaz ixracının iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün boru kəmərlərinin ötürücülük gücünün və hasilatın artırılmasına investisiyalar yatırılmalı, müqavilələr imzalanmalı və texniki tədbirlər görülməlidir.

“İnanırıq ki, birgə siyasi iradə sayəsində Azərbaycan təbii qazı Avropaya enerji təhlükəsizliyi üçün həlledici olan bir vaxtda – 2027-ci ildə daxil olacaq”.

Uzunmüddətli perspektivdə isə Azərbaycanın Avropanın diversifikasiya prosesində bərpa olunan enerjini, hidrogeni təchiz edən mənbə olmasını təmin edəcək planları diqqətə çatdırılıb. Bu xüsusda, Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsində və “yaşıl enerji” dəhlizinin reallaşmasında Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsinin əhəmiyyəti vurğulanıb.

Bənzər yazılar

Back to top button