Siyasət

İran, iranlılar, bir də biz

Natiq Cəfərli
REAL Partiyası

Son illər İran tez-tez qaynayır, ictimai rezonanslı hər hadisə kütləvi etirazlara səbəb olur. Bu göstərir ki, əhalinin böyük hissəsi idarəetmə sistemindən narazıdır, cəmiyyət dəyişikliklər istəyir.

İranda 1979-cu ildə qurulan rejiminin ən böyük səhvi nəsil dəyişikliyini hesablaya bilməməyidir, düşünürdü ki, şah dövrünün davranış azadlıqlarını xatırlayan nəsil həyatdan getdikcə rejimin teokratik ideologiya ilə yetişdirdiyi nəsillər başqa cür yaşamağa, oyun qaydaları ilə barışmağa məcbur qalacaqlar.

İranda əhalinin 25,1 faizi 15 yaşadək şəxslərdir. Bu, dünyada ən yaxşı göstəricilərdən biridir, hər dörd nəfərdən birinin uzağı 15 yaşda olması o deməkdir ki, yeni nəslin dəyişiklik basqısı daim artacaq.

18-45 yaş arası (yəni 1979-dan sonra formalaşan) vətəndaşlar əhalinin 45 faizindən çoxunu təşkil edir. Bu nəsillər dəyişiklik istəyirlər, çünki İrandan hər il 8-10 milyon nəfər xaricə səfər edib vəziyyəti görür, həm də internet var.

Son 40 ildə 1,2 milyon iranlı xaricdə təhsil alıb dönüb, dönməyənlər isə xaricdən öz yaxın çevrələrinə təsir edirlər. Teokratik sistem bütün bunları hesablaya bilmədi deyə indi İranda ciddi narazılıq potensialı yaranıb.

Bizim cəmiyyətin reaksiyasına gəlincə, hər dəfə İranda ideoloji və ya sosial etirazlar olan kimi Azərbaycanda bəzi çevrələr bunu etnik müstəviyə çəkməyə, hüquqları təmin edilməyən türklərin müstəqillik mücadiləsi kimi təqdim etməyə çalışırlar. Yanlış yanaşmadır – sosial, ideoloji etirazların, sistemə qarşı mücadilənin etnik zəminə çəkilməsi teokratik sistemin əlinə oynayır, təbliğat maşını işə düşür ki, ölkəni parçalamağa, torpaqlarını əlindən almağa çalışırlar, bu isə digər böyük qrupları, əsasən də farsları mücadilədən soyudur.

Cənubda yaşayan qardaşlarımızın, türklərin problemlərini həll etmək üçün ilk növbədə teokratik sistemdən demokratik sistemə keçidin təşviq edilməsi lazımdır.

Daha bir səhvimiz odur ki, orada soydaşlarımız etiraz edən kimi bunu şimalla birləşmək fürsəti və istəyi kimi təqdim etməyə çalışırıq, illüziyalara qapılırıq, anlamırıq ki, güneydə yaşayan soydaşlarımızın böyük əksəriyyəti İranı elə öz dövləti, tarixən türklərin idarə etdiyi dövlət kimi qavrayır, kim deyir onlar şimalla birləşmək arzusundadır?

Biz şimalda rifah dolu, ədalətli dövlət qurmalıyıq, əsas hədəfimiz bu olmalıdır, bununla paralel olaraq dünyada baş verən köklü tektonik siyasi dəyişikliklər nəticəsində cənubda hansısa dövlət institutları formalaşacaqsa, lap yaxşı, olsun.

Dünya yaxın onilliklərdə ciddi dəyişikliklərə hamilədir, siyasi zəlzələlər yeni dövlətlər yaradacaq, imperiyalar dağılacaq, amma bu zəlzələlərdən sağ çıxmaq strategiyamız da olmalıdır. Əsas hədəfimiz Azərbaycanın müstəqilliyini qorumaq, ədalətli rifah dövlətinin yaranmasına nail olmaqdır. Biz öz vəzifəmizi yerinə yetirək, cənublu qardaşlarımız özləri doğru olan yolu tapacaqlar.

Bənzər yazılar

Back to top button