İqtisadiyyatManşet

Hökumət də gələn ildən bədbindir

Dünya Bankı bugünlərdə Azərbaycanla bağlı 247-səhifəlik iqtisadi memorandum dərc edib. Memorandumda təqdim olunan uzunmüddətli artım modeli (LTGM) əsasında ölkə iqtisadiyyatının gələcəyi qiymətləndirilib. Sənədə görə, Azərbaycanda adambaşına düşən milli gəlir 2000-2014-cü illərdə dörd dəfədən çox artsa da, 2015-ci ildən bəri dollar ifadəsində azalmaqdadır.

Habelə bildirilir ki, Azərbaycan iqtisadiyyatının böyüməsi 2024-2050-ci illərdə orta hesabla cəmi 0.5 faiz ola bilər. Memoranduma görə, ölkədə Ümumi Daxili Məhsul (ÜDM) artımı 2050-ci ilə qədər sıfıra enə bilər. O da vurğulanır ki, qeyri-neft sektorunda inkişaf yetərli deyil, iqtisadiyyatda şaxələnmə olmayıb. Həmçinin, yazılıb ki, gənclər arasında işsizlik, əhalidə qocalma artır.

Dövlət Statistika Komitəsinin (DSK) son məlumatlarına görə isə, 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 84 milyard 880.4 milyon manatlıq ÜDM istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.8 faiz çoxdur.

Maliyyə Nazirliyindən də “Turan”a bildirilib ki, makroiqtisadi proqnoz göstəricilərə əsasən, bu il ölkədə ÜDM-nin real artımı 3.5 faiz olmaqla 117.3 milyard manat təşkil edəcək: “ÜDM-nin həcmi 2023-cü ildə 105.8 milyard manat, 2024-cü ildə 108.4 milyard manat, 2025-ci ildə 112.9 milyard manat, 2026-cı ildə isə 118.3 milyard manat səviyyəsində proqnozlaşdırılır”.

Rəsmi proqnozlara əsasən, ölkədə qeyri-neft ÜDM-sinin həcminin isə, əksinə, ilbəil artacağı gözlənir. Yəni, 2023-cü ilin sonuna onun 73.1, 2024-cü ildə 79.2, 2025-ci ildə 85.5, 2026-cı ildə isə 92.3 milyard manata qədər artacağı və real artım tempinin 4.5-5.1 faiz olacağı gözlənilir.

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, Dünya Bankının bu dəyərləndirməsini bütün obyektiv və subyektiv səbəblərlə birlikdə ciddiyə almaq lazımdır: “Dünya Bankı bu hesablamaları apararkən Azərbaycan hökumətinin təqdim etdiyi rəsmi məlumatlar əsasında bu nəticələrə gəlib. Amma Azərbaycan hökuməti, bir qayda olaraq, statistik göstəriciləri düzgün göstərmir. Yəni, Dünya Bankı hətta hökumətin verdiyi rəsmi məlumatlara əsasən bədbin proqnozlar verib”.

Onun sözlərinə görə, Dünya Bankının proqnozlaşdırdığı kimi, ÜDM-nin artması sıfıra enərsə, bu, tənəzzül deməkdir: “Əgər biz dünya bazarlarında neftin qiymətinin sabit olmasını təsəvvür etsək belə, Azərbaycan iqtisadiyyatı onsuz da tənəzzül dövrünü yaşayır. Azərbaycanda yaşayan insanlar iqtisadi göstəricilərin, ölkənin maliyyə vəziyyətinin pisləşməsini öz canlarında hiss edirlər”.

O qeyd edib ki, təbii sərvətləri Azərbaycana bu illər ərzində milyardlarla gəlir gətirsə də, iqtisadiyyat böyüməyib: “Neft hasilatının azalması gözlənilir. 2010-cu ildə illik təxminən 51 milyon tona qədər neft hasil olunurdu, indi artıq o göstərici 30 milyon tona qədər enib. İqtisadiyyatın çöküşə doğru getdiyi ilə bağlı proqnozlar o deməkdir ki, Azərbaycan hökuməti iqtisadiyyatı bərbad şəkildə idarə edib, qeyri-neft sektorunu inkişaf etdirməyib”.

N.Əliyevin fikrincə, Azərbaycanda ÜDM-nin artımı rəsmi göstəricilərdən aşağıdır: “Rəsmi məlumatına görə, ÜDM-nin artımı 6 faizə çatıb, amma bu, inandırıcı deyil. Əlbəttə, nominal ifadədə ÜDM-nin göstəricisinin səviyyəsi artıb və bunun əsas səbəbi neftin, qazın qiymətinin artması ilə bağlıdır. Son 1 il 6 ay ərzində yalnız bahalaşma hesabına neftin və qazın satışından Azərbaycan 26 milyard manat gəlir əldə edib”.

Onun xatırlatmasına görə, 2012-ci ildə ölkə rəhbərliyi qarşıya 2020-ci ilə qədər qeyri-neft sektorunda ixrac olunan malların adambaşına düşən dəyərini 1000 dollara çatdırılmasını hədəf qoymuşdu: “2012-ci ildə bu rəqəm 181 dollar idi. 2020-ci ildə bu göstərici cəmi 1.5 dollar artdı və 182.5 dollar oldu”.

İqtisadçı vurğulayıb ki, Azərbaycanda əhalinin təbii artım göstəricilərində çox ciddi geriləmələr qeydə alınıb: “Təxminən 40-50 faiz üzərində əhalinin təbii artım göstəricisində azalma var. Digər tərəfdən, Azərbaycan gəncləri duruş gətirməyib ölkəni tərk edib gedirlər”.

Bənzər yazılar

Back to top button