Siyasət

Albaniya və Azərbaycanın Ukrayna ilə bağlı mövqeləri üst-üstə düşür – Bayram Beqay

Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını dəstəkləyib. Bu barədə Albaniya prezidenti Bayram Beqay bu gün Azərbaycan prezidenti İlham Əliyevlə danışıqları başa çatdıqdan sonra bildirib.

“Biz Prezident Əliyevlə birlikdə Ukraynadakı müharibəni müzakirə etdik. Ukraynanın bərpasına həsr edilmiş konfransda ölkələrimizin iştirakı Ukraynanı dinc və inkişaf etmiş görməyimizlə bağlı iradəmizin göstəricisidir. Bu məqamda biz bir daha Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi ifadə edirik”, deyə Beqay sözünə davam edib.

İkitərəfli əməkdaşlıq məsələlərinə toxunan Albaniya prezidenti qaz sahəsi ilə yanaşı, turizm sahəsində də əlaqələrin inkişafı üçün potensial olduğunu qeyd edib.

“Turizmə gəldikdə, ölkələrimiz bu sahəni prioritet və iqtisadiyyatın çox vacib sektoru hesab edir. Bu səbəbdən əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunandır. Viza rejiminin ləğvi xalqlarımızın yaxınlaşdırılmasının daha bir yoludur. Qeyd etdiyim kimi, Prezident Əliyev vədlərini reallığa çevirən şəxsdir və o, bu gün mənə söylədi ki, bu, tezliklə həll ediləcəkdir”, deyə Albaniya prezidenti vurğulayıb.

Qeyd edək ki, Tirana artıq Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib.

Bənzər yazılar

Back to top button