Bizim seçimManşetSiyasət

Elçin Sadıqov yenə Kollegiyaya çağırılıb

Vəkil Elçin Sadıqovun məsələsi sabah, dekabrın 21-də Vəkillər Kollegiyasının İntizam Komissiyasında müzakirə ediləcək.

Bu haqda Azadlıq Radiosuna E.Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, onu İntizam Komissiyasının iclasına çağırıblar: «Mənimlə telefonla əlaqə saxladılar. Sabah (21 dekabr) saat 15:00-da İntizam Komissiyasının iclasına çağırdılar. Barəmdə intizam təqibi açılıb. Bu, Gəncə hadisələrinə görə həbs edilmiş Yunis Səfərovun işi ilə bağlıdır».

Vəkil komissiyanın iclasına qatılıb, suallara cavab verəcəyini qeyd edib.

Barəsində açılmış intizam icraatının məzmunu ilə razılaşmadığını bildirən vəkil həmçinin, peşəsini qaydalarına uyğun şəkildə icra etdiyini, hər hansı pozuntuya yol vermədiyini vurğulayıb. O, vəkillərin peşə birliyinin barəsində ədalətli qərar verəcəyinə ümid etdiyini vurğulayıb.

E.Sadıqov bundan əvvəl barəsindəki intizam icraatının materialları ilə tanış olub. O, həmin vaxt demişdi ki, müdafiə etdiyi şəxslə konfidensial olan görüşü dinlənilib və bununla əlaqədar olaraq onun barəsində intizam icraatı başlanılıb.

Həmin vaxt Vəkillər Kollegiyasının sədri Anar Bağırov da rəhbərlik etdiyi qurumda E.Sadıqovla bağlı başladılmış intizam icraatına toxunmuş, Baş Prokurorluğun vəkil barəsində intizam tədbiri görülməsi barədə məktubunu araşdırdıqlarını bildirmişdi.

E.Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsdə görə həbs edilmiş Yunis Səfərovun vəkili idi. Sentyabrın 5-də Baş Prokurorluğun E.Sadıqovun onun müdafiəsindən kənarlaşdırılması haqda qərar qəbul etdiyi bildirilir. Həmin qərarın surəti olduğu bildirilən mətnin fotosunu Y.Səfərovun anası Leylaxanım İsmayılova açıqlayıb.

«5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci il tarixdə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfidensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoş gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb», – deyə Y.Səfərovun anası ictimaiyyətə müraciətində qeyd edirdi.

Baş Prokurorluğun E.Sadıqovla bağlı qeyd edilən qərarı Vəkillər Kollegiyasına göndərdiyi və vəkil barəsində intizam icraatı başlandığı bildirilir.

Baş verənlərlə bağlı Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edirlər ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Baş Prokurorluğun, eləcə də əlaqəli başqa dövlət qurumlarının vəkillərdən kollegiyaya şikayət etməsi halları Azərbaycanda bundan öncə də baş verib. Vəkillər Kollegiyası son illər bir çox vəkilin fəaliyyətini belə şikayətlərin əsasında dayandırıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və başqaları var. Y.İmanov istisna olmaqla, digərlərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.

Vəkillər fəaliyyətlərinin dayandırılmasını siyasi məhbus sayılan şəxsləri müdafiə etmələri ilə əsaslandırırlar. Vəkillər Kollegiyası rəhbərliyi isə bununla razılaşmır, onları qanun pozuntularına yol verməkdə təqsirləndirir.

Bənzər yazılar

Back to top button