Siyasət

Leyla Yunusun həbsi ölkədə ciddi narazılıqla qarşılanır

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsi, onun həyat yoldaşı tarixçi-alim Arif Yunusa qarşı ittiham elan edilməsi və polis nəzarətinə verilməsi müxalifət qüvvələrinin ciddi narazılığına səbəb olub. Bununla bağlı Milli Şura, Müsavat, Xalq Cəbhəsi Partiyaları və ictimai fəallar etiraz bəyanatı ilə çıxış edib.

Leyla Yunusa qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 213-cü (vergi ödənişindən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (sənədlərin saxtalaşdırılması), 178.3.2-ci (böyük ölçüdə fırıldaqçılıq), Arif Yunusa isə 274-cü və 178-ci maddələri ilə ittihamlar irəli sürülüb.

Milli Şuranın bəyanatında deyilir ki, zaman-zaman siyasi mülahizələrlə həbs edilmiş bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa çıxmasında Leyla Yunusun misilsiz xidmətləri olub. “Bu gün də siyasi və vicdan məhbuslarının ən dolğun və obyektiv siyahısını məhz Leyla Yunus hazırlayıb və beynəlxalq təşkilatlara göndərib. Lakin indi o, özü vicdan məhbusudur və ölkənin bütün vicdanlı adamları onun yanında olmalıdır. İndi Leyla xanım özü siyasi mülahizələrlə həbs olunub və müdafiə etdiyi siyasi məhbuslar sırasındadır. Milli Şura bütün qanunu vasitələrlə Leyla Yunusu hakimiyyətin qanunsuz repressiyalarından qorumağa çalışacaq və bütün vasitələrlə onu müdafiə edəcək. Biz onun dərhal azad olunmasını tələb edirik”, sənəddə qeyd edilir.

Leyla Yunus həm də Milli Şuranın üzvüdür. “Ən gülməlisi odur ki, Leyla xanım kimi nəcib bir insan “böyük ölçüdə fırıldaqçılıq” ittihamı ilə həbsə alınır. Yeri gəlmişkən, Azərbaycanla bağlı “böyük ölçüdə fırıldaqçılıq” əməli məhz Avstriya məhkəməsində araşdırılır və bu günə qədər böyük həcmdə dövlət vəsaitinin mənimsənilməsi faktı ilə bağlı heç kəs cəzalandırılmayıb. “Böyük ölçüdə fırıldaqçılıq” əməli Azərbaycandan keçib Gürcüstan ərazisində tutulmuş 3 tona yaxın narkotik qaçaqmalçılığıdır ki, hələ də heç bir rəsmi dövlət qurumu bu barədə açıqlama verə bilmir. Ən maraqlısı odur ki, Fransa Fəxri Legion ordeninin kavaleri olan Leyla xanıma qarşı tətbiq edilən bütün bu qanunsuzluqlar Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə başçılıq etdiyi bir mərhələdə baş verir. Leyla Yunus ikinci dünya müharibəsi başa çatdıqdan sonra Fəxri Legion ordeninin yeganə kavaleridir ki, qurama “dövlətə xəyanət” ittihamı ilə həbs edilir”, Milli Şura bildirir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Leyla Yunusa azadlıq tələb edir. “Martin Nimöller’dən fərqli olaraq, biz bütün günahsız insanları-bütün siyasi məhbusları müdafiə etmişik, edirik, edəcəyik: Sağçıları və solçuları, inanclıları və ateistləri, türkləri və başqa millətlərdən olan vətəndaşlarımızı, müsavatçıları və cəbhəçiləri, nidaçıları və realçıları, jurnalistləri və hüquq müdafiəçilərini, gəncləri və veteranları, və ilk növbədə xanımları! Leyla Yunusa azadlıq!”, Müsavat başqanı qeyd edir.

Kiçik sahibkar Qəhrəman Əliyev hesab edir ki, Leyla Yunusun həbsi ilə hökumət həqiqəti deyən, siyasi məhbusları müdafiə edən insanları susdurmaq naminə istənilən qeyri-populyar addımı atmağa hazır olduğunu bir daha nümayiş etdirib:

“Leyla xanım iyun ayında onu həbs etmək cəhdləri ilə bağlı İlham Əliyevə belə yazmışdı: “Sizin üçün məni məhv etmək çətin olmaz. Çox sayda variant var və əsir saxlamaq onlardan biridir. Sizin məzuniyyətlər dövründə, ictimaiyyətin məlumatlandırılmasının daha çətin olduğu bir dövrdə hücuma keçəcəyinizi təxmin etmək çətin deyil. Məni məhv edə bilərsiniz, amma heç vaxt qələbə qazana bilməzsiniz. Tarixi təzədən yazmaq olmaz, hər kəs öz yerini tutub. Siz tarixdə prezident İlham Əliyev – Heydər Əliyevin oğlu kimi deyil, qadın hüquq müdafiəçisi Leyla Yunusu əyə bilməyən, ona qalib gələ bilməyən və onu amansızlıqla məhv edən prezident kimi qalacaqsınız”

İctimai fəal hesab edir ki, hakimiyyət israrla tarixin səhv cinahında yer almaqdadır. “Repressiyalarla müasir dünyada yeri olmayan, vaxtı keçmiş, nimdaş rejimini davam etdirəcəyinə hələ də ümid edir. Deməli, “gözü çıxmış qardaşlarından” heç nə öyrənməyib. Təəssüf. Xalqımız haqq etdiyi demokratiyanın, azadlığın təntənəsinə qovuşacaq!”.

Bənzər yazılar

Back to top button