Cəmiyyət

Məktəb direktorları necə seçilməlidir ki, sabah rüşvət almasın? – Eks deputat yol göstərir

Son günlər orta məktəblərdə direktorların müəllimlərdən təmir adı altında rüşvət tələb etməsi ilə bağlı sosial şəbəkələrdə videolar paylaşılır.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırılma aparıldığı və direktorun işdən çıxarıldığı bildirilib.

Azərbaycan təhsil sistemindəki bu iyrənc faktların qarşısını necə almaq olar? Ümumiyyətlə, orta məktəblərə direktor təyinatı necə aparılmalıdır?

Sabiq millət vəkili Şahlar Əsgərov Qaynarinfo-ya müsahibəsində direktorların düşüncə testindən keçirilməsinin vacibliyini vurğulayıb:

– Mən bununla bağlı vaxtı ilə “525-ci qəzet”də “Təhsilin xətti və problemləri və yaxud da Universitetlər yaşa dolduqca qocalmamalıdır” adlı məqaləmdə yazmışam. Bu gün cəmiyyət iki şeyə diqqət yetirməlidir. Əgər müharibə gedirsə, ordu generlları düzgün seçilməlidir, əgər sülh və əminamanlıq dövründə yaşayırıqsa, məktəb direktorları düzgün seçilməlidir. Ordu generalı müharibə vaxtı hansı önəmi daşıyırsa, sülh vaxtı da məktəb direktorları cəmiyyət üçün həmin önəmi daşıyır. Amma bu gün hamı bilir ki, dövlət büdcəsindən böyük pullar ayrılır. Haradasa 25%-ə yaxın pul az vəsait deyil. Müxtəlif insanlar var ki, ayrılan bu puldan öz məqsədlərinə istifadə etmək istəyirlər. Buna yol vermək olmaz. Bu gün Azərbaycanın 4500 məktəbi var. Bizim bir məqsədimiz var. O da 4500 məktəbin direktorunu düzgün seçmək. Əgər 44 günlük orduda qələbə qazanmışıqsa, sülh-əminamanlıq dövründə də məktəb direktorlarını düzgün seçməklə qələbə qazanmaq olar.

– Məktəb direktorlarını necə seçmək olar?

– Bunun iki yolu var.

– Hansılardır?

– Birincisi təyinat – bu, Təhsil Nazirliyinin bir başa boynunun yüküdür. Elə metodika, elə metadologiya hazırlanmalıdır ki, düz direktorlar təyin edilsin. Bu seçim belədir, əgər adminstrativ təyin edəcəksə, bütün məsuliyyət Təhsil Nazirliyinin üzərinə düşməlidir. Əgər bir məktəb direktoru hardasa cinayət edəcəksə, Təhsil Nazirliyinin uyğun əməkdaşı da onunla bərabər məsuliyyət daşıyır. Bunun həm də ikinci yolu var.

– O yol hansıdır?

– Demokratik yol… Direktoru məktəbin kollektivi seçməlidir. Bu, daha yaxşı yoldur, amma uzun yoldur. Çünki orada da dostbazlıq, qohumluq əlaqələri və s. olacaq. Hamı öz dostunu, yaxın bildiyi adamı direktor görmək istəyəcək. Bu, çətin məsələ də olsa, amma rüşvətin qarşısını almağın ən yaxşı yollarından biridir. Burada həm də ciddi elmi üsullardan istifadə edib məktəb direktorlarını seçmək olar.

– Varmı belə üsül?

– Var. Bu mənim monoqrafiyalarımda göstərilib. Təəssüf ki, bu gün monoqrafiya oxuyan yoxdur. Hamı qəzet və sayt oxuyur, ciddi ədəbiyyat oxuyan yoxdur.

– Şahlar bəy, bu işi sizə həvalə eləsələr, seçimi necə apararsınız?

– Mən onları düşüncə testindən keçirərəm. 10 məktəb direktorunu mən seçim, onlarda bir dənə qüsur tapılmaz. Qüsurlu adamları məktəb direktoru qoyanda belə olar. Məsələn, mən məktəb direktoruna baxaram, onun düşüncəsini yoxlaram. Görək onun düşüncəsi safdır, yoxsa qüsurlu? Görək o özünü sevən adamdı, yoxsa millətini? Görək o özünü millətə qurban verər, yoxsa milləti özünə? Görək rüşvətxordu, yoxsa, canını milləti yolunda qurban verər? Bu sualları məktəb direktorlarına versək, onların kimliyini təyin etmək olar. Və yaxud ən vacib sual, məktəb direktorlarının otağında girəndə orada seyf görürsən, o, nə üçündü? Məktəbin direktoruna seyf lazımdırmı? Əgər onun otağında seyf varsa, deməli, rüşvət alandı. Bizə necə müəllim lazımdı? Özünü məktəbə qurban verən, yoxsa məktəbi özünə qurban verən? Təqribən 20 sualla həmin adamın düşüncə anatomiyasını açmaq mümkündür. Ondan sonra həmin adamı direktor qoymaq olar. Məsələn, adicə bir misal çəkim. Əgər bir adam spirtli içki qəbul etmirsə, yanına 100 dənə araq qoysan da içməyəcək. Elə deyil? Rüşvətlə də elədir. Bizə şəxsi mənafeyini deyil, milli mənafeyini müdafiə edən adam lazımdır. Əgər o adam şəxsi mənafeyin daşıyıcısıdırsa, onu direktor qoymaq olmaz, məktəbi sökəcək. Yox, əgər ictimai mənafeyinin daçıyıcısıdırsa, onda evində də nə varsa, onu məktəbə qurban verəcək. Bu gün Azərbaycanın 4500 məktəbindən 50-si öndədir. Bunu sıraya düzmək Təhsil Nazirliyinin əlində çətindir? Birincisi hansıdır, ikincisi hansıdır və s. Birinci 50 yeri müəyyən etmək nazirlik üçün çətindir? Bəs niyə bunu açıqlayan yoxdur?

– Yəni, niyə açıqlamırlar?

– Sərf eləmir, eləsə, həmin məktəblərin adlarını açıqlayarlar. Gərək döyüşənə medal verəsən, burda isə döyüşməyənlərə, arxada duranlara medal verirlər. 50 məktəbin siyahısını tutmaq lazımdır. Elə bir məktəb var ki, 4 ildir birincidir, bunu cəmiyyət bilmir. Çünki onun uğurunu cəmiyyətə göstərmirlər. Bu gün hamı deyir, bütün məktəb pisdir, elə deyil. Təhsil Nazirliyi yaxşı məktəbləri təbliğ eləmir. Təbliğ olunsa, gərək həmin məktəbin direktoruna medal versin. Medalı isə geri qalan məktəbin direktoruna pulu ilə satırlar. Yaxşı məktəbi pisdən ayıra bilməsək, bu problemi həll edə bilməsək, məktəblərin reytinqini təyin edə bilməyəcəyik. Bir problem var, hələ Azərbaycanda təhsil dərk olunmamış həqiqətdir, məmurlar başa düşmür ki, bu ölkəni düzətmək üçün birinci təhsili düzətmək lazımdır. Hələ məmur anlamır ki, maaşların artırılması məktəbdən başlamalıdır. Bu məmurlar elə bilir ki, əvvəl iqtisadiyyat, sonra təhsil lazımdır. Səhv bilirlər, birinci yerdə təhsil olmalıdır. Əgər təhsil dərk olunmuş həqiqət olsaydı, onda çox irəlidə olardıq.

Bənzər yazılar

Back to top button