Cəmiyyət

Rəis müavini nəqliyyat terroruna qurban gedən 2 gəncdən yazdı: Hər gün “qəza” adlı terrorla…

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini, politoloq Araz Aslanlı bu gün nəqliyyat terrorunun qurbanı olmuş tələbədən və akademiyanın gənc əməkdaşından yazıb.

AzToday.az xəbər verir ki, Araz Aslanlı nəqliyyat terrorunun qarşısını almaq üçün cəzaların sərtləşdirilməsini vacib sayıb:

“Bu gün nəqliyyat terroruna daha iki parlaq gənci qurban verdik. Piyada keçidində qırmızı işığa məhəl qoymayaraq hərəkətini sürətlə davam etdirən “Kamaz” sürücüsü (terrorçu) Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, parlaq tələbəmiz Elvin Əzizlini və gənc gömrük əməkdaşı Sevgi Rəsulovanı (Türkiyə məzunu, Anadolu Liseyinin müəllimi dəyərli Arzu müəllimin qızı) vuraraq öldürdü. Çox dəhşətli, ifadə olunması mümkün olmayan acı yaşayırıq… Allah rəhmət eləsin!…

Son aylarda nə qədər insanımız nəqliyyat terrorunun qurbanı olub. Bunun səbəbləri çoxdur. Bəzi yerlərdə yol nişanlarının və piyada keçidlərinin arzuolunan səviyyədə olmaması, qaydalara əməl etməyən sürücülərin (eləcə də piyadaların) cəzalandırılma mexanizminin tam qaydasında olmaması və düzgün işləməməsi, bəzi hallarda qaydaları pozanların ümumiyyətlə cəzaya məruz qalmamaları və s.

Amma gəlin etiraf edək ki, yol hərəkəti qaydaları mədəniyyəti ilə bağlı da çox ciddi problemimiz var. İllərdir danışıldığı halda təcili yardım maşınlarına yol vermə mədəniyyətinin formalaşmaması, imkan tapan kimi sürücülərin dərhal əks yola çıxaraq orada hərəkət etməyə çalışması, ümumiyyətlə yol hərəkəti qaydalarını pozmağın cəmiyyətdə əsasən qəhrəmanlıq kimi qəbul olunması… Bizi hər gün öldürən budur. Hər gün başqa yerdə, “qəza” adlı başqa cinayətlə, “qəza” adlı başqa terrorla…

Nəqliyyat terrorçuluğuna “avtoşluq” adı verərək bu hərəkəti yumşaq, hətta qəhrəmanlıq kimi göstərməyə çalışanların nə qədər olduğunu hamınız bilirsiniz. “Papanın gül balası”na mahnılar qoşub bu mahnıların sədaları altında nəqliyyat terrorçuluğu edənlərə etiraz edənlərin sayı görəsən nə qədər olub?!!

Nə qədər gec deyil, nəqliyyat terrorçuluğu ilə sistemli mübarizə başlanılmalıdır. Hüquqi baza sərtləşdirilməli, sərxoş vəziyyətdə avtomobilin idarə olunması, sürət həddinin çox aşılması, əks yolda hərəkət, qırmızı işıqda keçmək və bənzər hallar üçün mərhələli olaraq sürücülük hüququnun 1 il, təkrarlandığı halda 3 il, yenə təkrarlandığı halda ömürlük məhdudlaşdırlması şəklində sərt cəzalar tətbiq edilməlidir. Heç kimin həyatı, digərinin sürət zövqü ya da harasa tələsmək bəhanəsinin qarşısında mənasızlaşmamalıdır…

Gedənlər üçün nə qədər üzülsək də onları qaytarmaq olmur. Amma hər acıdan dərs çıxararaq qalanlar üçün nəsə faydalı iş görmək olar…

Bir daha Allah rəhmət eləsin!
Başımız sağ olsun!”

Bənzər yazılar

Back to top button