ManşetÖnə çıxanlarSiyasət

Xocalı haqqında həqiqətləri dünyaya belə izah edirik?

Xocalı faciəsinin növbəti ildönümü yaxınlaşır. Ölkə və onun vətəndaşları ənənəvi olaraq bu ağır tarixi qeyd edərək, dünya ictimaiyyətinə bu cinayətin miqyasını göstərmək və hərbi canilərin adlarını söyləmək üçün ötən dövr ərzində görülmüş işlərə yekun vurur.

Ermənistan tərəfi, öz növbəsində, kütləvi qətllərə görə məsuliyyəti üzərindən atmaq və Azərbaycanı yüzlərlə vətəndaşının öldürülməsində Azərbaycanı ittiham etmək üçün səy göstərir.

Bu ideoloji qarşıdurmada dəlillər və faktlar böyük əhəmiyyət qazanır. Amma həmin hadisələrin sənədlərlə araşdırılması daha böyük dəyərə malikdir.

Bu istiqamətdə ən uğurlu işlərdən biri Litvalı kinematoqrafçılar tərəfindən bir neçə il əvvəl çəkilmiş və beynəlxalq aləmdə nüfuz qazanmış Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filmi oldu. Film 8 beynəlxalq festivalın qalibi olub və çoxsaylı mükafatlara layiq görülüb.

Azərbaycan tamaşaçıları uzun müddət bu filmə baxmaq imkanına malik olmayıblar. Çünki film telekanallarda nümayiş olunmuş filmləri qəbul etməyən kino festivallarına təqdim edilirdi.

Ötən ildən film artıq Bakıda təqdimatlarda və AZTV-nin efirində nümayiş olunub. O, bir neçə dilə tərcümə olunub və indi ona Azərbaycan dilindən başqa, ingilis, rus, ərəb və türk dillərində də baxmaq olar. Dünyada artıq yüz milyonlarla insan ona baxıb.

Bu günlərdə filmin müəlliflərinin tərəfdaşları xaricə və rus dilində yayımlandığı üçün Bakının CBC telekanalına filmin rus dilində olan versiyasını təklif edib.

Amma imtina cavabı aldıqda müəlliflər məəttəl qalıblar! Bu kanalın xəbərlər departamentinin rəhbəri filmi “təhlil” edərək, “nöqsanlar” aşkar edib.

Faciənin ildönümündə filmi nümayiş etdirmək təklifinə onun cavabı belə olub:

“04:50 Kadrda siqaret.

09:20 Levon Melik-Şahnazaryan erməniləri Azərbaycanlılar tərəfindən törədilmiş qırğının və “1915-ci il soyqırımının” qurbanları kimi qələmə verməyə çalışır.

17:00 Levon Melik-Şahnazaryan Xocalını müdafiə edən Azərbaycan qüvvələrini “banda dəstələri”, şəhərin ələ keçirilməsini isə “Xocalının quldur dəstələrindən azad edilməsi əməliyyatı” adlandırır.

28:55 “Bu, ARTIQ RUSİYA ALAYI İDİ”, Yuri Pompeev 366-cı motoatıcı alay haqqında belə deyir.

30:20 Yuri Pompeev 366-cı alayın əməllərinə görə məsuliyyəti Boris Yeltsinin üzərinə atır.

33:38 Titrdə “ix” (onları) yerinə “iz” (-dan, -dən) şəklində yazı səhvi.

37:50 Çox xoşagəlməz məqam. Xocalı qaçqınının pulu haraya gizlətdiyi müzakirə olunur. Qadın utanır,cavab vermək istəmir, rus jurnalist israr edir. Məlum olur ki, lifçiyinə gizlədib. Bütün bu dialoq çox uzun çəkir və filmin dramatik ahəngini pozur.

40:26 Arkadi Ter-Tadevosan deyir ki, Xocalı sakinlərini səhvən azərbaycanlılar güllələyiblər, sonradan təqsiri ermənilərin üzərinə atıblar.

42:26 Allahverdi Bağırov titrdə “Ağdam SİLAHLI QÜVVƏLƏRİNİN komandanı” kimi təqdim edilib. Qəribə ifadədir.

42:59 Vitali Balasanyan titrdə “Əskəran SİLAHLI QÜVVƏLƏRİNİN komandanı” kimi təqdim edilib, bir halda ki, o, erməni quldur birləşmələrinin Əskəran dəstəsinin komandiri kimi təqdim edilməli idi.

45:22 Armen İsaqulov titrdə “Dağlıq Qarabağ Dİİ-nin rəisi” kimi təqdim edilib. DQMV deyil, məhz Dağlıq Qarabağ.

47:08 Yenə kadrda siqaret. Bu arada, fraqment çox önəmlidir, belə ki, erməni hüquq müdafiəçisi Xocalı hadisələrini bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırır.

P.S. Aydın məsələdir ki, Melik Şahnazaryanın və Ter-Tadevosyanın üçüncü ölkədən olan müəllifin filmində iştirakı onun hər iki münaqişə tərəfinə tribun vermək cəhdi ilə şərtlənib, amma bunun bəzi tamaşaçılarda ikili təəssürat buraxa biləcəyi ehtimalı var”.

Bu “təhlil” konkret şəxsin səviyyəsini deyil, telekanal rəhbərliyinin Xocalı mövzusuna münasibətini də göstərir.

Maraqlıdır ki, bir neçə il əvvəl telekanalın hazırki rəhbəri Bakıda Mehriban və Leyla Əliyevaların iştirakı ilə filmin təqdimatında iştirak edib.

Həmin vaxt ölkə rəhbərliyi bu işə böyük qiymət verib, filmin bütün dünyada maksimum nümayişini təşkil etməyə çağırıb.

CBC-nin bu münasibətinin və rusdilli tamaşaçılara Xocalı haqqında sənədli filmi nümayiş etdirməkdən imtinasının səbəbini izah etmək çətindir. Amma dövlət vəsaiti ilə bolca maliyyələşdirilən CBC telekanalı faktiki olaraq Qarabağ münaqişəsinin ən mühüm mövzularından birinin sabotajı mövqeyini tutub.

Dövlət başçısı İlham Əliyevin Xocalı faciəsinin 20 illiyi ilə bağlı müraciətində ölknin rəsmi və ictimai təşkilatları bu faciə haqqında həqiqətlərin bütün dünyaya çatdırılması üçün əlindən gələni etməyə çağırılıb.

“Azərbaycan dövləti dünyada Xocalı faciəsi haqqında həqiqətin öyrənilməsi, onun xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün bütün zəruri addımları atır”, deyə müraciətdə bildirilirdi.

“2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlamış “Xocalıya qarşı ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat fəaliyyətini daha da fəallaşdırıb. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş olunur, uşaq rəsm sərgiləri təşkil edilir”, deyə dövlət başçısının müraciətində qeyd edilirdi.

Amma göründüyü kimi, Azərbaycanın CBC telekanalının rəhbərliyinin bu məsələ ilə bağlı başqa mövqeyi var.

Mənbə: Turan İA

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button