İdman

“Neçə il idi ki, Azərbaycan ardıcıl 3 oyunu uda bilmirdi” – De Byazi

“Bu gün çox yaxşı oyun göstərdik. Əvvəlkilərdən daha az səhv etdik. Amma şansları qola çevirmək baxımından daha yaxşı olmalıyıq. Komandamın ikinci hissədəki çıxışından razı qaldım. Qrupdakı matçların hamısında yaxşı oynadıq. Qazaxıstana ilk görüşdə məğlub olduğumuz zaman da qələbəyə biz layiq idik. Pozitiv yoldayıq, komanda inkişaf edir”.

Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində Qazaxıstanla Bakıda keçirilən oyundan (3:0) sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Mahir Emrelini ehtiyatda saxlamağının səbəbini izah edib: “Mahir klubunda az oynayıb. Bilirdik ki, başdan sona qədər oynaya bilməyəcək. Yaxşı oyunçudur, amma sırf qol vurmaq üçün oynamamalıdır. Belədə heç nə edə bilmirsən”.

De Byazi “Düşünmürsünüz ki, ancaq hücum futbolu sayəsində uğur qazanmaq mümkündür?” sualını belə cavablandırıb: “Çox sağ olun, bunu bilmirdim. 40 ildir futbolun içindəyəm. Bilirəm ki, siz qələbə qazanmağa öyrəşmisiniz, yəqin “Real” və ya “Bavariya” azarkeşisiniz. Biz o komandalardan deyilik”.

De Byazi Qazaxıstanla birinci və Slovakiya ilə Bakıdakı oyunun onu çox məyus etdiyini deyib: “Uduzmamalı idik, müdafiədə böyük səhv elədik, bizə baha başa gəldi. Bu komanda yaxşı oynaya bilər. Əsas odur ki, göydə uçmasınlar, ayaqları yerdə qalsın. Uşaqlara başa saldım ki, topu irəli atmasalar, onunla daha çox rəftar etsələr uğur qazanmaq olar”.

De Byazi Azərbaycan millisində gördüyü işlərlə bağlı isə belə danışıb: “Bunu siz deməlisiniz. Çünki kritik işi siz görürsünüz. Neçə il idi ki, Azərbaycan ardıcıl 3 oyunu uda bilmirdi. Futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Əlində böyük potensial olmadan böyük uğur tələb olunur. Mən gələndən sonra nə qədər gənc oyunçu çıxış edib. Cəlal Hüseynov, Musa Qurbanlı və başqaları. Bu oyunçularla davam eləməliyik. Onlar klublarında da çox oynamalıdırlar ki, bizə kömək edə bilsinlər”.

Yığmamızın çalışdırıcısı Qazaxıstanın qrup birinciliyinə layiq olduğunu bildirib: “Çünki onların çox güclü, keyfiyyətli komandası var. Meydanda bütün güclərini qoyurlar”.

De Byazi “Millidəki fəaliyyətinizi davam etdirsəniz, Albaniya ilə qazandığınız nəticəni təkrarlaya bilərsiniz?” sualını da cavablandırıb: “Bura gələndə birinci gün “Sabah” – “Qəbələ” oyununa baxmışdım, çox bəyənmişdim. Yavaş-yavaş digər oyunlara baxanda gördüm ki, vəziyyət o qədər də yaxşı deyil. Albaniyada isə əksinə, ilk gündə çox pozitiv deyildim. Amma getdikcə orada daha yaxşı potensial olduğunu gördüm. Legioner futbolçumuz azdır. Belə oyunçularımızın sayının çox olmasını istərdim”.

İtaliyalı mütəxəssis millinin hücumçusu Musa Qurbanlı haqda da danışıb: “Çox yaxşı oyunçudur, ağıllı uşaqdır. Əsl hücumçuya xas olan hərəkətlər var. Onu çox bəyənirəm. Gəncdir, “Qarabağ”da oynaması onun üçün şansdır. Oradakı təcrübəli oyunçulardan çox şey öyrənə bilər. Renat, Ramil kimi perspektivli oyunçularımız da var”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button