AnalitikaBizim seçimİqtisadiyyatManşet

Manatın nominal effektiv məzənnəsi: ikinci devalvasiyadan ortamüddətli dövrədək (TƏHLİL)

Bu gün ölkədə qiymət sabitliyinin aparıcı lövbəri funksiyasını manatın məzənnəsi yerinə yetirməkdədir.

Azərbaycan iqtisadiyyatının əsas transmissiya kanalı olan ABŞ dolları/AZN məzənnəsinin vasitəsilə formalaşan çoxtərəfli – nominal effektiv məzənnə (NEM) bir tərəfdən ölkənin beynəlxalq rəqabət qabiliyyətinin göstəricisi olmaqla, milli valyutanın çoxsaylı (əsas ticarət tərəfdaşları) valyutalar səbətinə mübadilə edilən tənzimlənmiş ortaçəkili məzənnəsidir.

Nəzəri cəhətdən nominal effektiv məzənnə:

1. Nominal məzənnənin idxal çəkili əsasda hesablanması ilə əldə edilir

2. İnkişaf etmiş iqtisadiyyatlar üçün çəkilər çox vaxt müxtəlif ölkələrin aktiv və öhdəlikləri üzrə əməliyyatların səviyyəsini ehtiva etmiş olur.
3. Nominal məzənnədən fərqli olaraq, NEM hər valyuta üçün ayrıca hesablana bilmir, səbət əsasda hesablanır. Eynilə real məzənnə və real effektiv məzənnədə olduğu kimi.
4. 100-dən yuxarı və aşağı əmsalda qiymət alması yerli valyutanın idxal valyutalarından daha dəyərli və ya ucuz olması anlamına gəlir. Məsələn, NEM 100-dən yuxarı olarsa yerli valyuta idxal ölkələri valyutasından baha, 100-dən aşağı olarsa yerli valyuta idxal ölkələri valyutasından ucuzdur deməkdir.
5. Həmçinin, NEM 100-dən böyük olarsa, bu idxal olunan istehlakçı məhsulları və aralıq məhsulların idxalının artımına şərait yaradır.
6. İdxal qiymətləri sabitliyi şəraitində nominal məzənnənin dəyişməsi NEM-in də dəyişməsinə səbəb olur.

Son statistikaya görə avqust ayının yekunları üzrə manatın nominal effektiv məzənnəsi 95.6 bənd təşkil etmişdir ki, bu da 2015-ci ilin noyabr ayından bəri ən yüksək göstərici deməkdir. Qeyri-neft çəkili NEM isə hazırda 138.3 bəndlə mart ayında qeydə alınan son 7 ilin ən yuxarı göstəricisindən (147.5) aşağıdır.

İndeksin əvvəlki illərin səviyyəsindən yüksək olmasının səbəbi isə baxılan dövrdə manatın dollarla birgə avro, lirə, funt-sterlinq, tenge kimi ticarət çəkili valyutalara nisbətən bahalanması olmuşdur. Qeyri-neft çəkili nominal effektiv məzənnədəki flukuasiyalar isə mart ayında rublun çox sürətli (2 dəfə) amortizasiyaya uğrayıb, yenidən dəyərini bərpa etməsi ilə baş vermişdir. Qeyri-neft çəkili NEM-in bu cür artım tempi iki indeks arasında fərqin son 10 ilin ən maksimumuna çıxmasına da səbəb olub. Belə ki, 2012-ci ildən başlayaraq ümumi və qeyri-neft bölməsi üzrə NEM spredinin ən yuxarı həddi məhz mart ayında (54.3), ən aşağı həddi isə 2012-ci ilin iyununda (16.8) qeydə alınıb.

Rus rublunun bu qədər təsiredici mövqeyi isə ölkəyə idxal olunan hər 5 məhsuldan az qala 1-nin məhz Rusiyadan tədarük olunması ilə əlaqədardır.

Ölkələr üzrə idxalın payı

Dolların digər valyutalara nəzərən bahalanması avtomatik olaraq manatın da dəyərlənməsinə səbəb olmuş olur ki, bu da ölkəyə məhsul idxalını artırır. İdxalın da bu tendensiya sərgiləməsi ölkəyə inflyasiya üçün dəhliz formalaşdırmış olur.

Beləliklə, xarici məhsulların bahalanması şəraitində isə milli valyutanın dəyər qazanması ölkəyə inflyasiya idxalı ilə nəticələnir ki, belə olan halda ikitərəfli sabit məzənnə nominal lövbər – qiymət sabitliyini təmin edə bilmir. Bu vəziyyətdən çıxış yolu kimi isə iki istiqamət seçilə bilər:

Qısa müddətli dövrdə milli valyutanın dəyərsizləşdirilməsi. Hansı ki bu variantın məsrəfləri də olduqca böyükdür və ən əsası inflyasiyanı çox ciddi tətikləyir.

Pul siyasətinin ötürücü kanalı kimi pul kütləsi və faiz dərəcəsindən istifadə etmək. Bu variant isə uzunmüddətli strategiya olmaqla, rəqabətli biznes sektoru, çevik əmək bazarı, yüksək səviyyəli banklararası pul bazarının mövcud olmasını tələb edir.

Qeyd edilən variantlardan ən münasibi ikincisi olmaqla, daxili və xarici təsirlərə dayanıqlıq, həmçinin makroiqtisadi sabitliyin təmin edilməsi kimi məqsədlər qismində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuşdur. Bu baxımdan da, bu yaxınlarda Mərkəzi Bank tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə də başlanılmışdır.

Pünhan Musayev, iqtisadçı

 

Bənzər yazılar

Back to top button