İqtisadiyyat

20 min manat ekvivalenti başa çatan vətəndaşlar necə dollar alsın? (ŞƏRH)

“Düşünürəm ki, Mərkəzi Bank məsələni konkretləşdiməlidir. Müvafiq tələb konkret olaraq bir müddətə bağlanmalı və bu yaddaş yenilənməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov 20 min manat ekvivalenti başa çatan və banklardan şəxsiyyət vəsiqəsilə dollar ala bilməyən vətəndaşların problemlərinə aydınlıq gətirərkən deyib. Ekspert qeyd edib ki, valyuta bazarlarında təzyiqi neytrallaşdırmaq üçün hökumət mümkün qədər administativ alətlərdən istifadə edir:

“Bəzi hallarda isə çox kobud şəkildə istifadə edilir. Dollar hansı hallarda satılmır? Pulun mənşəyini sübut edən sənədlər olmadığı təqdirdə. Əgər vətəndaşın pulunun qazanılan mənbəyi məlumdursa, bu zaman problem yoxdur. Çünki ortada təsdiq edən sənədlər var. Məsələn, vətəndaş ev, avtomobil satıb və s. Bu, sadəcə sənədsiz şəkildə vəsaitin mənbəyi bilinmədiyi halda tətbiq olunan parametrdir. Azərbaycanda infrastrukturu nəzərə alsaq, bu bir çox hallarda ciddi problem yaradır. Çünki həm iqtisadiyyatın, həm də gəlirlərin özünün əhəmiyyətli hissəsi illeqaldır. Belə şərtlər daxilində müvafiq tələbin ortaya qoyulması, digər tərəfdən gəlirlərin leqallaşdırılması istiqamətində bir təzyiq və yaxud alət olaraq istifadə olunması kimi də qiymətləndirilə bilər. Bir də gercəklər var. Gerçəkdə vəziyyət tamamilə başqadır. Kiçik, xırda sahibkarlıqla məşğul olanlar xüsusi ilə də bu prosesdə əziyyət çəkirlər. Əhalinin təxminən 60%-i üzərində bir hissəsinin gəlirləri illeqaldır. Onlar faktiki olaraq əmək bazarında qanuni şəkildə təmsil olunmurlar”.

Onlar yığım etdikləri və valyuta tələb olunduğu təqdirdə nə etməlidir?

Rəşad Həsənov bunun başqa tərəflərinin olduğunu deyib:

“Xaricdə təhsillə, səhiyyə xidmətlərinin istehlak zərurəti yarandığı hallarda insanlara valyuta lazım olur və onlar bu halda vəziyyətdən necə çıxmalıdırlar? Təbii ki, bunlar açıq sullardır. Qeyd edilən istiqamətdə “qara bazar”ın formalaşması ilə bağlı ciddi əsaslar yaranacaq. Çünki həmin insanlar məcburən “qara bazar”a üz tutacaq və onun xidmətlərindən istifadə etmək məcburiyyətində qalacaqlar”.

Qeyd edək ki, ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir. 1 il (12 ay) ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satışı həyata keçirilməyəcək. Limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanacaq.

Hazırda 12 ay müddəti başa çatan vətəndaşlar dollar almaq üçün banklara müraciət edəndə “limit Mərkəzi Bank tərəfindən sıfırlanmayıb və bu səbəbdən şəxsiyyət vəsiqəsilə dollar alışı mümkün olmayacaq” cavabı ilə qarşılaşırlar.

Bənzər yazılar

Back to top button