Hadisə

Vəzifəli şəxs keçmiş həyat yoldaşının yasında dava saldı – Məsuliyyətə cəlb olundu (SƏBƏB)

Bakıda vəzifəli şəxsə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Qaynarinfo xəbər verir ki, buna səbəb xanım olan həmin şəxsin boşandığı ərinin yas mərasimində mərhumun ikinci həyat yoldaşını döyməsi olub.

Hadisə Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 105 A ünvanda yerləşən “Bəyoğlu” restoranı ilə üzbəüz ünvanda fəaliyyət göstərən mərasim evində baş verib.

Dünyasını dəyişən Cavid Əsədovun (ad-soyad şərtidir) 3 mərasimində keçmiş xanımı Aygül (ad şərtidir) və ikinci həyat yoldaşı Firuzə (ad şərtidir) arasında mübahisə yaranıb.

Mübahisə mərhumun ikinci həyat yoldaşı Firuzənin mərasim evində mollanın yanında oturmasına görə yaranıb. Aygül keçmiş baldızları vasitəsi ilə Firuzəyə xəbər göndərib ki, mollanın yanından dursun.

Firuzə rədd cavab verəndə isə onu yerə yıxıb, daha sonra isə sürüyə-sürüyə məclisdən çölə çıxarıb.

Hadisədən sonra Firuzənin qolu bərk ağrıdığından o, Badamdar qəsəbəsindəki poliklinikaya müraciət edib. Məlum olub ki, onun qolu sınıb.

Hadisə ilə bağlı Aygül saxlanılaraq barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 127.2-3-cü maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə Aygülü bu maddə ilə təqsirli bilərək ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Hökmdə ondan zərərçəkmiş şəxsin sağlamlığının bərpasına görə 1500 manat, mənəvi zərərə görə 500 manat və dövlət rüsumu olaraq 95 manat ondan tutularaq Firuzəyə ödənilməsi də əksini tapıb.

Məlumat üçün deyək ki, Aygül “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin”in (TƏBİB) tabeçiliyində olan qurumun baş mühasibi vəzifəsində çalışıb.

Bənzər yazılar

Back to top button