İqtisadiyyat

Ombudsman Aparatı şübhəli şirkətlə 54 minlik müqavilə imzalayacaq – Fotofakt

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Ombudsman Aparatının yaranmasının 20 illik yubileyinə həsr olunan müxtəlif növ hədiyyələr və çap materiallarının satın alınması məqsədilə “Pluton-MM” MMC (VÖEN-1007564511) adlı şirkətə 53 min 900 manat ödəniləcək.
Qeyd edək ki, satın alınacaq məhsullar aşağıdakılar olacaq:

Çanta 35*8*7 Karton 300qramlıq üstü logolu 20 illik yubileyinə həsr olunmuş 200 ədəd
Yaddaş kartı 16GB Üstü logolu 20 illik yubileyinə həsr olunmuş 200 ədəd
Suvinir medal qızılı rəngdə məxməri qutuda 20 illik yubileyinə həsr olunmuş 92 ədəd
Qovluqlar Üstü logolu dizaynlı 20 illik yubileyinə həsr olunmuş 200 ədəd
Qələm logolu 20 illik yubileyinə həsr olunmuş 250 ədəd
Ombudsman illik məruzə kitabı 20 illik yubileyinə həsr olunmuş 100 ədəd

Tenderlə bağlı maraqlı və diqqət çəkən məqam odur ki, “Pluton-MM” MMC dövlət qeydiyyatına alındıqdan sonra (son 5 ayda) ümumi dəyəri 180 min manat olan 8 tender müsabiqəsində qalib olub. “Pluton-MM” MMC ilk dəfə Lənkəran Dövlət Universitetinin keçirdiyi tenderdə qalib. Universitet tender müsabiqəsini 19.04.2022-ci il tarixində elan edib. “Pluton-MM” MMC isə tender elanından 9 gün sonra – 28.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Açıqlanan məlumatlardan da görünür ki, “Pluton-MM” MMC tender müsabiqsini udmaq üçün təcrübəsi olmayıb. “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Lakin, tenderdə bu cür müəmmalı şəkildə qalib olmasına baxmayaraq “Pluton-MM” MMC daha sonra 7 tenderin, o cümlədən də İnsan Hüquqları üzrə Müvəkkilin keçirdiyi tender müsabiqəsində qalib olub.

Tenderdə diqqət çəkən məqamlardan biri də tələb olunan sənədlər arasında MMC-nin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan sənədin (Son bir il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması) olmasıdır. Məlum məsələdir ki, Vergilər Xidməti olmayan şirkətin, olmayan fəaliyyəti haqqında məlumat verə bilməz. O zaman sual olunur ki, cəmi 5 ay əvvəl dövlət qeydiyyatına alınan və 8 tenderin qalibi olan bu şirkət tələb olunan sənədi necə təqdim edir?

Bənzər yazılar

Back to top button