Siyasət

ADR-in piketinə razılıq verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Demokratiya və Rifah Partiyasının paytaxtda, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında (Bakıxanov küçəsi, 17) piket keçirməsinə razılıq verməyib. Rəsmi xəbər oktyabrın 5-də yayılıb.

Oktyabrın 7-si saat 14-ə təyin olunan piketdə Rusiya qoşunlarının Qarabağ bölgəsindən çıxarılması tələbi qoyulacağı açıqlanıb.

Azərbaycan Demokratiya və Rifah Partiyasına Qubad İbadoğlu sədrlik edir.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycan ərazilərinin altıda birini işğal edib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.

Qarabağın bir hissəsinə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Bu kontingentin bölgədə qalma müddəti 2025-ci il noyabrın 10-da bitir.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsində özünü müstəqil dövlət sayan qanunsuz rejim hökm sürür.

Bənzər yazılar

Back to top button