GündəmHadisə

Müdafiə Nazirliyini tənqid edən polkovnik mühakimə olunub

Oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyilə ehtiyatda olan polkovnik Elnur Məmmədovun barəsində 6 ay müddətinə azadlıqdan məhrumolunma hökmü çıxarılıb. O, Cinayət Məcəlləsinin147.2-ci maddəsilə (ağır cinayət törətmək haqda böhtan) təqsirli bilinib.

Xüsusi ittiham qaydasında iddianı Müdafiə Nazirliyinin Hüquq Departamentinin rəisi Elçin Əliyev qaldırıb. Buna səbəb Məmmədovun sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini ağır cinayətlər törətməkdə ittiham etməsidir.

Əsasən Məmmədov bildirib ki, xidmətdə olduğu müddətdə hərbi ali məktəbə rəis müavini təyin edilməsi və general rütbəsi verilməsi üçün ondan rüşvət tələb ediblər.

Həmçinin Məmmədov 2017-ci ilin aprel-may aylarında “Tərtər işi” üzrə saxlanılan hərbçilərə işgəncə verilməsində Elçin Əliyevin əlinin olduğunu bildirib. Həmin vaxt o, Müdafiə Nazirliyinin istintaq şöbəsinin rəisi vəzifəsində çalışıb.

Müdafiə Nazirliyi polkovnikin həbsinin və onun ittihamlarını şərh etməyib. Lakin bundan öncə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, “Elnur Məmmədovun sosial şəbəkələrdə yaydığı məlumatlar yalandır və heç bir əsası yoxdur”.

Polkovnikin qardaşı Toğrul Məmmədov bildirib ki, hökmdən şikayət veriləcək. “Mənim qardaşım heç kimə böhtan atmayıb. Elnur ölkə rəhbərliyinə müraciət edərək ordudakı qanunsuzluqlar barədə məlumat verib”, – Məmmədov deyib.

“Müdafiə xətti” hüquq- müdafiə təşkilatı polkovnikin barəsində hökmü ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirib.

“Elnur Məmmədov Müdafiə Nazirliyindəki qanunsuz halları açıqlayıb”, – təşkilatın direktoru Rüfət Səfərov bildirib. Onun fikrincə, ittiham hökmü Müdafiə Nazirliyinin təzyiqi altında çıxarılıb. Rüfət Səfərov deyib ki, “Müdafiə xətti” Elnur Məmmədovun hüquqlarını qorumaq üçün bütün səylərini səfərbər edir.

Bənzər yazılar

Back to top button