Siyasət

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu azad etməyə çağırıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tanınmış antikorrupsiya eksperti Qubad İbadoğlunun özbaşına və siyasi motivli həbsinə görə Azərbaycan hakimiyyətini qınayıb və onun dərhal azad edilməsinə çağırıb.

Kleptokratiya və qohumbazlığın qızğın tənqidçisi, son iki ildə dəvətli professor kimi dərs dediyi Böyük Britaniyanın London İqtisadiyyat Məktəbindən qayıdandan üç həftə sonra, iyulun 23-də Azərbaycanın paytaxtı Bakıda həbs edilib.

2020-ci ilin mayında İbadoğlu BİZ TV Youtube kanalını yaradaraq orada digər ekspertlərlə birlikdə gündəlik olaraq Azərbaycanın sosial-iqtisadi problemlərini ifşa edən, səmərəsiz dövlət idarəçiliyi ilə bağlı problemləri pisləyən verilişlər yayımlayıb. 2018-ci ildən müstəqil Turan İnformasiya Agentliyinin eksperti olub və hər ay Azərbaycan iqtisadiyyatındakı problemlərə dair analitik rəylər yazıb.

O həm də müxalifətyönlü Azərbaycan Demokratiya və Rifah Partiyasının həmtəsisçisi və lideri olub.

İbadoğlu Azərbaycana qayıtmazdan bir müddət əvvəl mübarizə yoldaşları ilə birlikdə Londonda Azərbaycan gənclərinə dəstək fondu yaradıb, bu fond korrupsiya yolu ilə oğurlanmış aktivlərin qaytarılması və onların Azərbaycan gənclərinin sırasından gələcək peşəkar kadrların hazırlanması üzrə vətəndaş təşəbbüsünə dəstək üçün yönəldilməsilə məşğul olmalıydı.

“Əminəm ki, siyasi elita tərəfindən oğurlanmış və Qərbdə yerləşən aktivlərin geri qaytarılmasına dair bu yeni antikorrupsiya təşəbbüsü onun siyasi motivli təqibinin əsas səbəbi oldu”, – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynov bildirib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu saxlanma zamanı əsassız zorakılıq və qeyri-insani rəftarla müşayiət olunan kobud şəraiti, mütəşəkkil dəstənin tərkibində saxta xarici valyutanın satılması ilə bağlı absurd ittihamları nəzərə alaraq, ilkin olaraq Qubadoğlunun həbsinin tamamilə uydurma və siyasi motivli olması ilə bağlı qəti qənaətə gəlib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu hesab edir ki, Azərbaycan hakimiyyəti Qubad İbadoğluna qarşı qanunsuz hərəkətlərilə Avropa İnsan Hüquqları Konvensiyasını kobud şəkildə pozub. Bununla əlaqədar Avropa Şurası strukturlarının rəhbərlərini hakimiyyətin özbaşına repressiv hərəkətlərini pisləməyə və onlardan Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasını tələb etməyə çağırır.(Turan)

Bənzər yazılar

Back to top button