Hadisə

“Azİmport” MMC-nin rəhbərinin şikayəti üzrə məhkəmə prosesi davam etdirilib

Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azİmport” MMC-nin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, 5 qat dünya çempionu Azər Əsgərovun iş adamı Kamal Akimova qarşı şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

İttiham aktına görə, Kamal Akimov Cinayət Məcəlləsinin 182.3.2 (Zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. İş adamı mətbuata bildirib ki, 2012-ci ilin avqust ayında Səbail rayonu, Ziya Yusifzadə küçəsi (keçmiş Xanlar küçəsi) 8 ünvanında yerləşən, 146 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsi Azər Əsgərova məxsus MMC tərəfindən dağıdılıb. Bir neçə il çəkən məhkəmə çəkişmələrindən, dövlət qurumlarına ardıcıl müraciətlərdən sonra “Azİmport” rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəməyi öhdəsinə götürüb. Amma bu vəsaitin 500 min dolları iki il ərzində hissə-hissə ödənildikdən sonra Azər Əsgərov qalan məbləği verməkdən imtina edib. MMC rəhbəri daha sonra hüquq-mühafizə orqanlarına müraciət edərək Kamal Akimovdan şikayətçi olub. O, şikayət ərizəsində göstərib ki, iş adamı ona hədə qorxu gəlib, təhdid edib.

Bu cinayət işi üzrə məhkəmə prosesi dekabrın 9-dan etibarən start götürüb. Dekabrın 23-də keçirilən prosesdə ittiham aktı elan edilmişdi və zərərçəkən Azər əsgərovun istintaqa ifadəsi elan olunmuşdu.

Yanvarın 13-də keçirlmiş məhkəmə prosesinə “Azİmport” MMC-nin rəhbəri, iddiaçı Azər Əsgərov, vəkilləri, habelə təqsirləndirilən Kamal Akimov və onun müdafiəçiləri qatılıb. Məhkəmədə iş adamı Kamal Akimov sərbəst ifadə verib, habelə dövlət ittihamçısının və iddiaçının vəkillərinin suallarını cavablandırıb.

Kamal Akimov ifadəsində istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, 2012-ci ildən bu günlərə qədər üzləşdiyi problemlər haqqında məlumat verib. Bildirib ki, ona qarşı ittihamlar tamamilə əsassızdır və onları qəbul etmir, heç vaxt, heç kimdən hədə-qorxu yolu ilə pul tələb etməyib. Mülkiyyətində olan qeyri-yaşayış sahəsi hazırda cinayət işi üzrə zərərçəkən qismində çıxış edən Azər Əsgərovun rəhbərlik etdiyi “Azİmport” MMC tərəfindən qanunsuz olaraq sökülüb. Bu barədə ona qardaşı, ona məlumat verib, özü hadisə yerinə gəlib, bu zaman “Azİmport” MMC-nin işçiləri, habelə Səbail rayon İcra Hakimiyyətinin əməkdaşı söküntünün guya anlaşılmazlıq səbəbindən aparıldığını deyiblər. Qeyd ediblər ki, bu barədə araşdırma aparıb ona xəbər verəcəklər. Amma araşdırma vədindən xəbər çıxmayıb, iş adamı bir neçə gün sonra əmlakının söküntüsünün davam etdirildiyini görüb. O, hadisə yerində “Azİmport” MMC-yə məxsus yük avtomobillərinin söküntü işlərinə cəlb olunmasının şahidi olub. K.Akimov əlavə edib ki, bundan sonra qanunsuz söküntünün qarşısını almaq üçün öz şirkətinə məxsus texnikaları mülkünün qarşısına düzüb.

K.Akimovun sözlərinə görə, daha sonra əmakı tamamilə dağıdılır. O, ifadəsində qeyd edib ki, kompensasiyanı tələb etmək üçün qanuni yollarla məhkəməyə baş vurub.

Kamal Akimov hakimin diqqətinə çatdırıb ki, kompensasiyasını almaq üçün hüquq mühafizə orqanlarına, ölkə rəhbərliyinə davamlı müraciətlər edir. Nəhayət yazışmaların nəticəsi olaraq Azər Əsgərov hər ikisinin ortaq tanışı olan Cəmaləddin adlı şəxs vasitəsi ilə onu görüşə dəvət edib. Görüşdə qarşılıqlı razılığa gəlinir ki, Azər Əsgərov sökdürdüyü qeyri-yaşayış sahəsinin əvəzi olaraq Kamal Akimova 800 min dollar ödəyəcək. İş adamının sözlərinə görə, burada hər-hansı hədə-qorxudan, zor tətbiq etməkdən söhbət gedə bilməz. Baxmayaraq ki, əmlakın o zamankı bazar dəyəri bu məbləğdən təqribən 2.5 dəfə artıq olub. Beləliklə, Asgərov tərəfindən hər ay ona 50 min dollar ödənilməyə başlayıb. Bu vəsait qəbz verilməklə, Akimovun pulu almaq üçün göndərdiyi Cəmaləddin adlı şəxs tərəfindən video çəkiliş aparılmaqla həyata keçirilib. 3 aydan sonra öənişlərin stabilliyi pozulur, bir ay ödəniş olmur, növbəti ayda verilir və s. İş adamı əlavə edir ki, təxminən 500 min dollar verildikdən sonra Azər Əsgərov qəti şəkildə daha ona hər hansı vəsait verməyəcəyini bildirir. İş adamının sözlərinə görə, bundan sonra ancaq qanuni yollarla haqqını tələb etməkdə davam edib. Hüquq mühafizə oranlarına, ölkə rəhbərliyinə ardıcıl müraciətlər ünvanlayıb. Amma bir müddət sonra ona məlum olur ki, axtarışa verilib…

Kamal Akimovun sərbəst ifadəsindən sonra Azər Əsgərovun vəkilləri ona müxtəlif suallar ünvanlayıb.

Prosesdə daha sonra iş adamının vəkilləri K.Akimova suallar vermək istəsələr də hakim icazə verməyib və özü qısa bir sual ünvanlayaraq ondan Azər Əsgərovu hədələyib-hədələmədiyini soruşub. İş adamı belə bir halın heç bir vaxt baş vermədiyini, iddiaçı tərəfin bu təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etmədiyini hakimin diqqətinə çatdırıb.

Məhkəmə prosesi başa çatıb, yanvarın 26-da, saat 09:30-a təyin edilən prosesdə şahidlərin dindirilməsi nəzərdə tutulur.(Turan)

Bənzər yazılar

Back to top button