GündəmSiyasət

Siyasətçilər və ekspertlər növbədənkənar prezident seçkiləri barədə

Turan agentliyi fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması ilə bağlı siyasətçilər və ekspertlər arasında sorğu keçirib.

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Naqif Həmzəyev Turan-a bildirib ki, bundan öncə də prezident seçkiləri növbədənkənar keçirilmişdi: “Regionumuzda çox fərqli və sürətli proseslər baş verir. Bütün bu proseslərin fonunda çevik addım atmaq və bir çox prosesləri qabaqlamaq zəruridir”.

Deputat qeyd edib ki, bu baxımından da bu prezident seçkilərin növbədənkənar keçirilməsinə ehtiyac yarandığı üçün belə bir sərəncam imzalanıb: “Azərbaycan xalqı onsuz da prezident cənab İlham Əliyevi həmişə dəstəkləyib və xalqın böyük əksəriyyətinin səsini həmişə cənab prezidentə verib. Yeni Azərbaycan Partiyası qalib partiyadır və onun namizədi cənab İlham Əliyev olduğu üçün biz həmişə seçkiləri qələbə ilə baş vurmuşuq”.

N.Həmzəyevin fikrincə, xüsusilə də 44 günlük Vətən Müharibəsində əldə olunmuş zəfər və bundan sonra Qarabağa sürətli qayıdışın təşkil edilməsi prezident İlham Əliyevə olan sevgini daha da artırıb: “Bu baxımından bu prezident seçkilərində də cənab prezidentin qalib gələcəyi hər kəs tərəfindən bilinir və bu seçkilərin 1 il tez və ya 1 il gec keçirməyinin heç bir fərqi olmayacaq”.

Müsavat Partiyasının sədri Arif Hacılı Turan-a bildirib ki, adətən növbədənkənar parlament və prezident seçkiləri ölkədə hər hansı böhran şəraiti yaranarkən və bu böhranı aradan qaldırmaq məqsədilə keçirilir: “Hazırda əslində Azərbaycanda hər hansı siyasi böhran mövcud deyil. Hər halda görünən tərəfi bundan ibarətdir”, – Hacılı qeyd edib.

Onun fikrincə, belə qısa müddətdə prezident seçkilərin elan olunmasının özü Azərbaycan cəmiyyətinin maraqları ilə hesablaşmamaq göstəricilərdən biridir: “Belə ki, prezident seçkilərin keçirməsi üçün vaxt ayırılmalıdır, bunun üçün müəyyən hazırlıq getməlidir. Bütövlükdə seçki kampaniyasının 2 ay olduğu bir məqamda düz iki ay müddətinə bu seçkiləri elan olunması xalqın iradəsinin əks olunması üçün şəraitin yaranmasının qarşısını almaq məqsədi daşıyır”.

Hacılının fikrincə, hazırda Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə heç bir ehtiyac yoxdur: “Prezident belə bir ehtiyac duyubsa və belə bir qərar qəbul edibsə, yəqin bunun bizə məlum olmayan hansısa səbəbləri var. Yəqin ki, yaxın günlərdə bu səbəblərin nədən ibarət olduğu aydınlaşacaq”.

Onun sözlərinə görə, yaxın günlərdə Müsavat Partiyası seçkilərə münasibət bildirəcək.

Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin sədri İlqar Məmmədov deyib ki, yaxın günlərdə Siyasi Komitə toplaşıb 7 fevral 2024-cü il prezident seçkilərində REAL Partiyasının namizədinin olub-olmayacağına qərar verəcək. “İstənilən halda, bütün seçiciləri səsverməyə qatılmağa çağıracağıq”,- o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, ilkin müzakirələr aparılmadan 7 fevrala növbədənkənar prezident seçkisi təyin edilməsi “rejim tərəfindən bu seçkilərin də saxtalaşdırılacağına hazırlıqdır”. “İndi məlum olur ki, nəyə görə son aylarda ölkə gündəmini qanunsuz həbslər zəbt edib. İndi məlum olur ki, nəyə görə son aylarda ABŞ, Avropa İttifaqı, ATƏT kimi qurumlarla ölkənin münasibəti süni şəkildə gərginləşdirilib. İlham Əliyev bu addımlarla planladığı növbədənkənar seçkilərin daha asan saxtalaşdırıla bilməsi üçün zəmin hazırlayırmış. Kütləvi həbs və repressiya mühitində, demokratik dünyadan təcrid şəraitində, seçkilər üçün minimal imkanların da olmadığı bir vəziyyətdə qəfil seçki tamaşası qurub, saxta yolla şəxsi hakimiyyətini bir müddət də uzatmaq fikrindədir”, – Kərimli hesab edir. Rejimi növbədənkənar seçkilərə sövq edən daha bir səbəb son vaxtlar daha da sıx yaxınlaşdığı və arxalandığı müttəfiqi Putin hakimiyyətinin yaxın gələcəkdə hərbi məğlubiyyətə uğrayıb, ciddi siyasi tənəzzülə uğraması ehtimalıdır.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı bildirib ki, prezident seçkilərinin 15 ay əvvələ təyin edilməsi onun göstəricisidir ki, ölkə rəhbəri nə özünə, nə də bundan sonrakı proseslərə güvənir: “Bu il iqtisadi artım MDB ölkələrində ən aşağı səviyyədə idi. Gələn il isə resessiya olması da mümkündür. Ölkədə sosial gərginlik artmaqdadır və gələn il çox böyük güman ki, pikə çatacaq. Qarabağ zəfərini da öz legitimliyin artmasına və ictimai dəstəyə istədikləri kimi çevirə bilmədilər. Ona görə də artıq iqtidarın əlində daxildə istifadə edəcək hər hansı xarici siyasət kartı qalmayıb”.

“Çox əlamətdar haldır ki, ABŞ-ın dövlət katibinin müavini Ceyms O’Brayn dünən Azərbaycana gəlir, İlham Əliyevlə görüş keçirir, sabahısı günü İlham Əliyev prezident seçkiçərini 15 ay irəli çəkilməsini sərəncamını verir”.

“Görünür, həmin görüşdə bir daha bəlli olub ki, Azərbaycan iqtidarı ilə ABŞ arasında münasibətlərində olan gərginlik bundan sonra da ciddi şəkildə davam edəcək. Son aylar repressiyalarını da nəzərə alsaq, ehtimal edə bilərik ki, gələn il repressiyalar davam etdiriləcək. O da Qərblə, eyni zamanda ölkə daxilində əlavə gərginliyə səbəb olacaq”, – Qasımlı qeyd edib.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Azərbaycanda növbədənkənar seçkiləri martın 17-də Rusiyada keçiriləcək prezident seçkilərilə əlaqələndirir.

Bu əlaqə Cənubi Qafqazdakı son hadisələr və dünya güc mərkəzlərinin qarşıdurması ilə əlaqədardır. Ola bilsin ki, Azərbaycan hakimiyyəti özünü sığortalamaq istəyir.

Bənzər yazılar

Back to top button