Prezident: “İşsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq”

Print Friendly, PDF & Email

Azərbaycanda prioritet sahələrdən olan kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən siyasət ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparılacaq.

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev Goranboy rayonunda “Region Agropark”ın açılışındakı çıxışında bildirib.

Aqroparkda məhsuldarlığın çox yüksək olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Arpada hektardan məhsuldarlıq 50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər olmalıdır. Yəni, burada ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə valyuta getməsin”.

“Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı siyasətimiz uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına böyük diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparacağıq”, – deyə Prezident İlham Əliyev bildirib.