Bir qrup məcburi köçkün: Baş Nazir, bizi qəbul et!

Print Friendly, PDF & Email

Bu gün, iyunun 5-də büdcə təşkilatlarında çalışan 200-dən artıq məcburi köçkün Nazirlər Kabinetinin qarşısına toplaşıb. Onlar dondurulmuş əmək haqlarının ödənilməməsinə etiraz ediblər.

“Bizi aldatdılar. 1 il yarımdır ki, əmək haqlarımızı vermirlər. Bir neçə dəfə bizə burda (Nazirlər Kabineti) söz verdilər ki, əmək haqlarınız veriləcək. İş yeri də veriləcəyinə söz verirdilər, ancaq əməl etmədilər, aldatdılar”, Əsmər adlı aksiya iştirakçısı belə deyib.

İştirakçılar bildiriblər ki, köçkün düşdükdən bu yana onlara itirdikləri iş yerlərinə görə, orta aylıq əməkhaqqı həcmində ödənişlər edilib. Ancaq ötən ildən həmin ödənişlər dondurulub.

“Bizim yeganə alacağımız həmin vəsaitdir. 25 ildir, həll ediləcək, torpagınıza qayıdacaqsız, deyirlər, başımnızın altına yastıq qoyurlar. İndi bizi bu cüzi vəsaitdən də məhrum ediblər. Deyirlər ki, 25 il keçib, status vaxtımız bitib”, iştirakçılar bildiriblər.

Aksiya iştirakçıları bildirib ki, onları aidiyyatı olmayan məmurlar qəbul edir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, başqa səlahiyyətsiz qurumlara yönləndirirlər. Beləcə, problem cözülməmiş qalır.

Məcburi köçkünlərin aksiyası 2 saata qədər davam edib. “Baş Nazir, bizi qəbul et!” şüarı səsləndirən məcburi köçkünləri rəsmilər qəbul etməyiblər.

Məcburi köçkünlərin şikayətinə Nazirlər Kabinetindən və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən münasibət öyrənmək mümkün olmayıb.

Çəkiliş aparan fəal saxlanılıb

Polislər məcburi köçkünlərin aksiyasından çəkiliş aparılmasına imkan verməyiblər. Çəkiliş aparan gənc fəal Fatimə Mövlamlı isə saxlanılıb.

F.Mövlamlı Turan-a açıqlamasında bildirirb ki, polis əməkşdalır tərəfindən Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıb.

“Mən çəkiliş aparırdım. Əraziyə gələn polis əməkdaşları çəkilişin qanunsuz olduğunu bildirdilər. Məni bölməyə apardılar. Orda telefonumdakı, kameradakı bütün çəkilişlərimi sildilər”, deyən F.Mövlamlı ardından sərbəst buraxılıb.