Bakının idarəetməsi dəyişdirilir – Böyük şəhər bələdiyyəsi yaradılır

Print Friendly, PDF & Email

Zahid Oruc: “Hələ də pul tələsi kimi qara dövriyyənin içərisində saxlanılır, hansısa vəsaitlər də bu xətlə silinir”

Azərbaycan paytaxtında böyük şəhər bələdiyyəsi yaradılır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinatın baş verməməsi də bununla bağlıdır.

“Yeni Müsavat”a verilən məlumata görə, Bakı meriyasına geniş səlahiyyətlərin verilməsi planlaşdırılır. Belə ki, digər bələdiyyələrdən fərqli olaraq, bu ilin payızında formalaşdırılacağı nəzərdə tutulan böyük paytaxt bələdiyyəsi şəhər təsərrüfatının idarə olunması sahəsində əsas qurum funksiyası daşıyacaq. Bakıda tikintilərə icazələrin verilməsi, ərazilərin ayrılması, yaşıllaşdırma, abadlıq işləri bilavasitə bələdiyyənin səlahiyyətində olacaq. Bununla da paytaxtda tikinti sahəsində mövcud olan korrupsiya hallarının qarşısının alınması nəzərdə tutulur.

Verilən məlumata görə, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanır. Dəyişikliklərin Milli Məclisin payız sessiyası başlayan kimi qəbul olunması və ilin sonunadək seçkilərin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, “Yeni Müsavat” bununla bağlı prezident seçkilərindən əvvəl məlumat yaymışdı. Həmin məlumatda qeyd olunurdu ki, aprel ayında keçiriləcək prezident seçkilərindən sonra Azərbaycanda bir sıra istiqamətlərdə mühüm addımların atılacağı gözlənilir. Bu addımlardan biri isə Bakı şəhərində vahid bələdiyyə institutunun yaradılması olacaq.

Onu da qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. O vaxtdan bəri dəfələrlə bu məsələ gündəmə gətirilsə də, hələlik müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonu üzrə ayrılıqda yaradılıb.

Bələdiyyə yerli özünüidarəetmə forması olduğundan, bunun əsasında sosial, səhiyyə, təhsil məsələləri, abadlıq işləri, həm də həmin ərazidə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması dayanır. Buna görə də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi yerli özünü-idarəetməylə bağlı 2003 və 2007-ci illərdə üzv ölkələrə verdiyi tövsiyələrdə vətəndaşların qərar qəbulu prosesində iştirakının təmin edilməsini təklif edir.

Hazırda Bakı şəhərində icra hakimiyyətinin mülkiyyətində olan əmlakın icarəsindən alınan vergilər, avtomobil dayanacaqlarına görə ödənişlər, bəzi növ reklam ödənişləri, icra hakimiyyətinə daxil olan ayrı-ayrı müəssisələrin təsərrüfat hesablı gəlirindən ayırmalar, hüquq və fiziki şəxslərin könüllü yardım və ianələri Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinə toplanır. Bu qurumun ictimai hesabatlılığı çox cüzi səviyyədədir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinin bütün gəlir və xərcləri barədə ən adi məlumatları belə əldə etmək mümkün deyil.

Bakı şəhərinin idarəetməsi seçkili olmadığı üçün maliyyə muxtariyyəti yoxdur, kənardan investisiya, qrantlar cəlb edə bilmir. Bütün bunlar Bakıda vahid və geniş səlahiyyətləri olan bələdiyyə institutunun formalaşdırılmasını zəruri edir.

Milli Məclisin üzvü Zahid Oruc deyir ki, Azərbaycanda bələdiyyələr yaradılanda bu qurumlara inam güclü idi:“Azərbaycan yerli özünüidarəetmə sistemini yaratdı, bununla bağlı Avropa Xartiyasına da qoşuldu. İlk vaxtlar bələdiyyə sisteminə maraq vardı, insanlar aktiv şəkildə seçkilərə qatılırdılar. Lakin sonrakı dövrdə məlum oldu ki, səlahiyyətlərin bölgüsünü aparmaq, idarəetməni iki qüvvənin sərəncamında, – məsələn, Türkiyədəki valilik və bələdiyyə, Avropadakı prefektura və bələdiyyə kimi, – saxlamaq elə də asan məsələ deyil. Yeri gəlmişkən, postsovet ölkələrinin əksəriyyətində bu məsələ problem kimi qalmaqda davam edir. İkinci məsələ budur ki, bizim kimi ölkələrdə bələdiyyələr siyasi hakimiyyət məsələsini həll etmir. Amma məsələn, Türkiyədə bələdiyyə seçkilərində uğur qazanan siyasi təşkilat gələcəkdə parlamenti, hökuməti formalaşdırmaq sahəsində böyük üstünlük əldə etmiş olur. Bizdə isə siyasi hakimiyyət məsələsini həll etmədiyinə görə bələdiyyələrə maraq xeyli azaldı. Həm də bölgələrdə artıq şəkildə icra hakimiyyəti orqanları hər hansı səlahiyyətləri onlara güzəştə getmədilər. Bu halda vətəndaş daha güclünün tərəfinə keçdi. İndi nəinki təsərrüfat problemlərini, bütövlükdə idarəçiliyi bələdiyyələrin üzərinə qoymaq məsələlərində xeyli şübhələr yaranıb”.

Bakı şəhərinə gəlincə, deputatın sözlərinə görə, paytaxtın abadlaşması üçün son illərdə böyük işlər görülüb:“Lakin Bakının ətraf ərazilərində, ucqarlarda vəziyyətin ürəkaçan olduğunu söyləyə bilmərik. Sovet dövründə Bakı həm də iqtisadi mərkəz rolunu oynayıb, böyük müəssisələr burada yaradılıb. İndi onların kənarlara, regionlara köçürülməsi siyasəti yürüdülür”.

Z.Orucun sözlərinə görə, BŞİH-ə qarşı mənfi münasibətin yaranmasında Hacıbala Abutalıbov idarəetməsinin də rolu olub: “Brüsseldən Ankaraya, İstanbula qədər böyük şəhərlərin nə qədər geniş büdcələri var. Şəhərlərin bütün problemlərini öz büdcələri hesabına necə də uğurla həll edirlər. Azərbaycanda isə hər məsələdə gözlər dikilir mərkəzi büdcəyə. Reklamdan tutmuş, şəhər nəqliyyatının fəaliyyətinə qədər çoxsaylı mənbələr var ki, onlardan daxilolmalar hesabına Bakının bütün problemlərini həll etmək mümkün olardı. Bu zaman büdcə vəsaitlərini gözləməyə ehtiyac qalmazdı. Çoxlu idarələr, müəssisələr tanıyıram ki, mühüm bir hissəsi özəlləşdirilməliydi. Amma hələ də pul tələsi kimi qara dövriyyənin içərisində saxlanılır, hansısa vəsaitlər də bu xətlə silinir”.

Deputatın fikrincə, bələdiyyə orqanlarının gücləndirilməsinə ehtiyac var: “Amma icra hakimiyyəti orqanları hələ ki dövlətin əsas siyasətini yürüdən qurumlar, siyasi təsisatlardır. Bu baxımdan, iki sistemin ikisinin də inkişaf etdirilməsi lazımdır”