Siyasət

Milli Şuranı kim bitirir?

Milli Şuranın növbəti zoom-konfransı (“bazar qeybətləri”) yayımlandı. İlk “informasiya sızıntısı” qürumun iki liderini – Eldəniz Quliyev, Rafiq Manafovu bitirdi, siyasət dənizindən çox kənara tulladı, Azərbaycan siyasətinin “Afroditası”, gözəl simalı Gültəkin Hacıbəylini ağır, ölümcül yaraladı (hər iki görüntüdə məhz onun intiraqaya başladığı təsəvvrü yaradılır), prezidentliyə sabiq vahid namizəd Cəmil Həsənlini “geylərin müdafiəçisi” imici qazandırmaqla artıq nə vaxtsa prezidentliyə, liderliyə gedəcək yolunu birmənalı bağladı.

Vəssalam. Artıq Azərbaycan siyasətində Cəmil Həsənli amili də yoxdur, onun son ümidləri 2-ci zoom konfrans zamanı öldü. Professor “hamı (hamı – yəni, trollar – A.R.) iş başına, klaviatura bizi gözləyir” çağırışı ilə özünü yeddinci səmadan yerə çırpdı. Bitdi. 2-ci konfransda yenə də ən ağır zərbəni Azərbaycanın “Afroditası” aldı, bir yandan özünün çılğınlığı, digər tərəfdən montajdan keçmiş, kəsilmiş çıxışı (çıxış emosional və lazımsız idi, amma çayxanada hər kəs bu söhbəti edir, onun ağlına belə gəlmədi ki, bu danışıqlar yayılmaq üçün çəkilir) ilə bir siyasətçi olaraq intihar etmiş oldu.

İndi keçək ən əsas suala – bu görüntüləri kim və niyə yayır?

Kibercinayətkarlıqla bağlı deyilənləri qəbul etmirəm, hakimiyyətin başı özünə qarışıb, Milli Şura yada düşmür. Hər iki “məlumat sızması”nı diqqətlə izlədim. Birinci sızmada Qənimət Zahid sanki xəbərdarlıq edir – canlı yayım ola bilər, yayıla bilər. Xəbərdarlıq edir, özü isə susur. 2-ci konfransda Altay Göyüşovu müdafiə edir, amma daha çox susur.

Əli Kərimli isə ümumiyyətlə yoxdur, o, ikinci konfransa qısamüddətli qoşulur, “zaryadkası” ölür və epizodik rolda görünsə də, lider postunda əyləşir, özünü qoruyur, o çıxandan sonra Cəmil Həsənli və Gültəkin Hacıbəyli “qumbaranı partladır” və Milli Şura göyə sovrulur.

Milli Şura artıq uzun müddət idi ki, əlavə yükə çevrilmişdi, onu daşımağa heç kəsin marağı qalmamışdı. Zatən son seçkidən və “İbrahimbəyov oyunu”ndan sonra “Rusiya layihəsi” imicindən təmizlənə bilmirdi.

Milli Şurada olan ictimai xadimlərin isə iddiası günü-gündən artmaqda idi. Hakimiyyət böhranı yaşandığı və iqtidarın dialoqa getmək niyyətində olduğu bir zamanda (dialoq hər halda “cırtdanlar”la olmayacaq) Milli Şurada ambisiyalı adamların oturması arzu olunan deyildi. Bir neçə dəqiqəlik görüntülərlə bu qurumun daşı daş üstündə qalmadı.

Meydanda qaldı AXCP, xeyli zəifləmiş Müsavat, hələ formalaşmamış REAL və “cırtdanlar”ın calağından formalaşdırmaqda olan yeni partiya. Bu qüvvələr arasında yeganə güc mərkəzi AXCP-dir və onu danışıqlardan kənara tullamaqla, dialoq başlanıla bilməz. Lakin hakimiyyət bundan sonra Əli Kərimli ilə anlaşmaya getməyəcək. Lakin Gültəkin xanımın da dediyi kimi “sentyabrda nəsə olacaq”sa, Kərimlinin ətrafından kiməsə yeni parlamentdə yer təklif edilə bilər. Payızda referendum və seçkinin keçirilməsi ehtimalı olduqca böyükdür. Bir sözlə, siyasi dəngələr yeni qaydalar üzrə formalaşır və Milli Şuranın məhvi də bu məqsədə xidmət edirdi.

Azər Rəşidoğlu

Bənzər yazılar

Back to top button