İdman

“Neftçi” azarkeşləri SOCAR-ın prezidenti Rövşən Nəcəfə müraciət etdilər

“Neftçi”nin bir qrup azarkeşi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Rövşən Nəcəfə müraciət edib. Azarkeşlərin Aut.az-a daxil olan müraciətində klubdakı qeyri-peşəkar idarəçilikdən narazılıq edilir, “ağ-qaralar”ın əsas sponsoru olan SOCAR rəhbərliyinin buna müdaxilə etməsi istənilir. Aut.az azarkeşlərin müraciətini təqdim edir:

“Hörmətli Rövşən müəllim! İlk öncə, Sizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti təyin olunmağınız münasibəti ilə təbrik edirik! Sizə bu şərəfli və məsuliyyətli vəzifədə ancaq və ancaq uğurlar diləyirik.

Hörmətli Rövşən müəllim! “Neftçi” PFK-nın azarkeşləri arasında, bu klubla nəfəs alan 10-20-30-40-50-60 illik stajları olan sadiq tərəfdarlar var. Bizim hamımız 85 illik qocaman və doğma klubumuzun daim çempionluq uğrunda mübarizə aparmasını, avrokubokların qrup mərhələlərində çıxış etməsini istəyirik. Rəhbərlik etdiyiniz SOCAR “Neftçi”mizin baş sponsorudur və komandanı davamlı, sabit olaraq maliyyələşdirir. “Neftçi” azarkeşləri arasında ölkəmizin müxtəlif təbəqələrinin yüz minlərlə nümayəndələri var. Həkimlər, müəllimlər, alimlər, bəstəkarlar, professorlar, fəhlələr, tələbələr, mühəndislər, eləcə də dənizdə və quruda gecə-gündüz çalışan qəhrəman neftçilərimiz.

Hörmətli Rövşən müəllim, çox əfsus ki, doğma neftçilərin əməyi sayəsində dövlət büdcəsindən maliyyələşən, daim dövlət qayğısı görən Azərbaycan futbolunun ən yaşlı klubu “Neftçi”miz səriştəsiz idarəçilər tərəfindən ildən-ilə kiçildilir. Belə durum biz azarkeşlərin ürəyini ağrıdır. 2015-ci ildən üzü bəri qeyri-peşəkar klub idarəçilərinin, qeyri-peşəkar idarəçiliyi nəticəsində “ Neftçi” iddialı rəqiblər qarşısında məhəllə komandasına çevrilib. Bu illər ərzində klubda Müşahidə Şurası yaradılıb, xarici və yerli baş məşqçilər ard-arda dəyişdirilib, amma nəticə olmayıb. 7 il ərzində “Neftçi” kimi böyük bir klubda 9 məşqçi dəyişib. Deməli, problem məşqçilərdə olmayıb. Problem, kubu idarə edənlərin “Neftçi”nin yükünü çəkə bilməmələridir. Bu cür idarəçilər hər dəfə biz azarkeşlərə yalançı vədlər, ümidlər verərək başımızı aldadıblar. Klubda transfer siyasəti ürəkaçan deyil. Çempionatda çıxış edən digər klubların büdcələri daha az olsa da, transferləri daha keyfiyyətli, daha səviyyəli olur. 2015-ci ildən üzü bəri, 10 milyonlarla xarici valyuta sərf edilərək 80 nəfərə yaxın legioner və yerli futbolçular transfer edilib. Bu futbolçuların da 80-90 faizi 6 ay və ya bir ildən sonra yola salınıb. Göstərilən nəticələr biz azarkeşləri sarsıdır. Əgər araşdırılmalar aparılsa, idarəçilikdə olan ciddi nöqsanlar aydın olar. Dövlət Neft Şirkətinin sponsorluğu, istənilən idman növündə olan idmançılar, onların azarkeşləri və tərəfdarları üçün böyük şansdır. Biz “Neftçi” azarkeşləri də, Sizin rəhbərlik etdiyiniz şirkətin klubumuza himayədarlıq etməsini çox məmnunluqla qarşılayırıq.

Hörmətli Rövşən müəllim, “Neftçi” azarkeşlərini klubumuzdakı qeyri-peşəkar idarəçilik, komandanın adına layiq çıxış etməməsi çox narahat edir. Bununla əlaqədar biz stajlı azarkeşlər, sentyabr ayinda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müraciət etmişik, komandadakı qeyri-peşəkar idarəçiliklə bağlı fikirlərimizi çatdırmışıq.

İdmana, xüsusən də futbola həmişə diqqət və qayğı göstərən Cənab Prezidentin müraciətimizə biganə qalmayacağına inanırıq.

Hörmətli Rövşən müəllim! Ümid edirik ki, ən qısa müddətdə “Neftçi” peşəkar idarəçilərə tapşırılacaq. Bizim sevimli komandamız da uğurlu çıxış edəcək, Avropada adından söz etdirəcək. “Neftçi”nin futbola bağlı, futbolu bilən, futbol fəlsəfəsi, liderliyi olan şəxslərə tapşırılmasına böyük ehtiyac var. Ümid edirik ki, biz azarkeşlərin səsini eşidəcək, bu yöndə əməli addımların atılması üçün əlinizdən gələni edəcəksiniz. Sizə əvvəlcədən minnətdarlığımızı bildiririk”.

“Neftçi” PFK-nın çoxsaylı azarkeşləri adından:

1.Elçin Xəlilov

2.Taleh Həsənov

3.Elşad Yusubov

4.Fazil Dadaşov

5.Müşfiq Məcidli

6.İlfa Əliyev

7.Rauf Salayev

8.Ramin Həmidzadə

9.Elnur Əhmədov

10.Elnur Quliyev

11.Şahin Talıblı

12.Rövşən Bayramov

13.Ədalət Məmmədli

14.Rasim Məlikov

15.Ənvər İbrahimov

16.Əkbər Səmədli

17.Esraf Kərimov

18.Ramin Qəhrəmanov

19.Ceyhun Əli oğlu Xəlilov

20.Xəqani Əliyev

21.Ömər Bayramov

22.Araz Cəfərli

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button