Yeni nazir xidmət rəisi Fuad Əlizadəni işdən çıxartdı

Print Friendly, PDF & Email

Dünən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, bu sahədə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.

Əmək bazarında qanunvericiliyin icrasına nəzarət, işçi hüquqlarının təminatı prinsiplərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdıran nazir bu istiqamətdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin hazırda tələb olunan səviyyədə olmadığını qeyd edib.

S.Babayev bildirib ki, ilk növbədə əmək müfəttişliyi sistemində, məmur-sahibkar münasibətlərində şəffaflıq tam təmin edilməli, korrupsiyaya şərait yaradan halların qarşısı alınmalı, vətəndaş müraciətlərinin hər biri ilə bağlı qısa vaxtda, operativ araşdırmalar aparılmaqla nəticəsinə əsasən qanunauyğun tədbirlər görülməli, bu sahədə süründürməçilik hallarına yol verilməməlidir.

Miq.Az saytının əldə etdiyi məlumata görə, dünən keçirilən iclasdan dərhal sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə nazirin əmri ilə işdən çıxarılıb.

Fuad Əlizadə keçmiş nazir Səlim Müslimovun dayısının kürəkənidir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub. O, keçmiş nazir Səlim Müslimovun dayısının kürəkənidir.

Fuad Əlizadə 1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb və ingilis dili ixtisasına yiyələnib.

2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində çalışıb.

2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini alıb.

2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunub. Bir elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir.

2005-ci ildən etibarən Fuad Əlizadə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentindən gəlib. O, bu departamentdə audit sektorunun müdiri vəzifəsində çalışıb və vəzifəsini 2013-cü ilə qədər davam etdirib.

2013-cu ilin 14 noyabrında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. Üzərindən 5 ay keçməmiş isə Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə keçib və indiyə qədər o vəzifədə çalışırdı.

Dövlət qulluğunun baş müşaviridir. Rus və ingilis dilləri bilir.