Hadisə

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi niyə zərərlə işləyib?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi zərərlə işləməsi məsələsinə aydınlıq gətirib.

Agentlikdən oxu.az-a bildirilib ki, öz fəaliyyətində daim şəffaflığın təmin olunmasına önəm verən qurum “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq konsolidə edilmiş maliyyə hesabatlarına dair kənar auditor rəyini qurumun rəsmi internet səhifəsində yerləşdirib:

“Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə Agentliyin və onun törəmə müəssisələri üçün (birlikdə “Qrup” adlandırılır) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanıb.

Nəzərinizə çatdırırıq ki, “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı 20 nömrəli Mühasibat Uçotunun Beynəlxalq Standartının 2 (c) bəndinə əsasən, dövlət büdcəsindən daxil olan vəsaitlər Agentliyin gəliri kimi tanınmadığı üçün həmin vəsaitlər Agentliyin konsolidasiya edilmiş mənfəət və ya zərər və s. məcmu gəlir haqqında hesabatında qeyd olunmayıb.

Sözügedən vəsaitlər Agentliyin konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında kapital bölməsinin sair ehtiyatlar bölməsində əks etdirilib. Bununla da illər üzrə dövlət büdcəsindən daxil olan vəsaitlərin gəlir kimi tanınmaması səbəbindən Agentlik müvafiq illəri zərərlə başa vurub”.

Məlumatda bildirilib ki, agentliyin əsas əməliyyat gəlirləri yığılmış sığortahaqları hesab edilir:

“Sığortahaqlarının yığımı 2018-ci ildə olmadığı, həmçinin dövlət büdcəsindən daxil olan məbləğlər gəlir kimi tanınmaması ilə əlaqədar ötən il zərərlə bitib. Ötən ilin tanınmış gəlirləri isə cəmi 1 milyon 543 min manat olub ki, bura baza zərfi ilə əhatə olunmayan (istisnalar zərfi) tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və ödənilən azadolma məbləği aiddir.

Hesabatda qeyd olunduğu kimi 2018-ci ildə pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 30 milyon 340 min manat təşkil edib, Agentliyin ümumi və inzibati xərcləri 11 milyon 306 min manat təşkil edib.

Ötən ilin sonuna Agentliyin nizamnamə kapitalı 4 milyon manat, Qrupun cəmi kapitalı 70 mln 536 min təşkil edir. Qrupun aktivləri 73 milyon 609 min manat təşkil edib ki, bu aktivlərin 85%-i uzunmuddətli aktivlərdir. Qrupun uzunmüddətli öhdəlikləri mövcüd deyil, qısamüddətli öhdəlikləri 3 milyon 73 min təşkil edib”.

Qeyd edək ki, Agentlik publik hüquqi şəxsdir və məqsədi mənfəət qazanmaq deyildir. Bundan başqa, icbari tibbi sığortanın pilot layihə kimi tətbiq olunduğu ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) baza zərfi çərçivəsində 340 min sakinə göstərilən tibbi xidmətlər pulsuzdur.

Bənzər yazılar

Back to top button