Bizim seçimHadisə

Göygöl sakinləri niyə palçıq içir? (FOTO)

Göygöl rayon sakinlərinin içməli su təchizatında biabırçı durum yaşanır. Bir neçə gündür sakinlər ələ salınır, evlərdəki smart tipli sayğaclara pul ödəyib guya ağ, təmiz ekoloji saf su gözləyən biçarələr palçıqlı, bulanıq suya görə hər gün “Azərsu”ya lənət yağdırırlar.

Sakinlərin sözlərinə görə, onlara mütamadi çirkli su “satan” “Azərsu” verdiyi vədlərə xəyanət etməklə, illərdir abonentlərini aldatmaqla məşğuldur. Aldığımız məlumata görə, cəmiyyət istehlakçılara təkcə lilli su satmır, həm də suyun verilişində uzunmüddətli fasilələrə də yol açır.

Demokratik.Az“-ın əldə etdiyi məlumata görə, 2014-cü il yanvarın 21-də Göygöl rayonuna içməli suyun verilməsi mərasimində iştirak edən ölkə başçısı cənab İlham Əliyevə deyilən məlumatlar, verilən vədlər “nədənsə” puça çıxdı. Belə ki, həmin mərasimdə ölkə rəhbərinin hüzurunda əhaliyə 24 saat fasiləsiz və ekoloji cəhətdən təmiz su təminatına dair öhdəlikləri nağıla çevirdilər. Neçə ildir ki, nə fasiləsiz su, nə də ekoloji təmiz su məsələsi reallaşmadı.

Yerli dövlət rəsmiləri, xüsusilə rayon İHB-nin başbilənləri isə özlərinin və ailə üzvlərinin içməli su tələbatını marketlərdə satılan, xüsusi qablaşdırılmış bahalı sularla ödəyirlər. Və belə olan halda da, Göygölün pullu və harın məmurları icra başçısı Arif Seyidovun timsalında illərdir bu durumu görməzlikdən gəlirlər. Şikayətlərin və giley-güzarın xeyri yoxdur.

Göygöl sakinlərinin hansı keyfiyyətdə, hansı rəngdə su içmələri yerli rayon rəhbərliyini və Göygöl rayon Sukanal idarəsini narahat edən məsələ deyil. Sakinlər söyləyir ki, kimlərsə onları qəsdən gündəlik həyatı şərtləndirən içməli su ilə imtahan edirlər.

Görünür, Azərbaycanda əhalinin fasiləsiz və təmiz içməli su təminatına dair öhdəlik və məsuliyyətini ASC sədri cənab Qorxmaz Hüseynov unudub. Eləcə də, adıçəkilən rayonun icra başçısı Arif Seyidov da vətəndaşların belə ciddi problemlərinin həllində vasitəçi olmaq missiyasını olmaya ləğv edib? Əgər, Göygölün içməli su problemi varsa və həqiqətən ölkə başçısı yalan vədlərlə aldadılıbsa, buna Arif Seyidovun susqun qalması, problemi dərindən təhlil edib şəxsən prezidentə məruzə etməməsi sadəcə xəyanətdir…

Bənzər yazılar

Back to top button