Vəkillər Kollegiyası İradə Cavadova ilə bağlı məlumat yaydı

Print Friendly, PDF & Email

Vəkillər Kollegiyası Rəyasət Heyəti mayın 11-də Vəkillər Kollegiyasının üzvü, Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyəti məlumat yayıb.

Məlumatda deyilir ki, K.M şərti adlı şəxs Vəkillər Kollegiyasına teleqram vuraraq İradə Cavadovadan şikayət edib.

“Şikayətçi K.M. bildirib ki, vəkil İradə Cavadova şikayətçinin ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda vəkil şikayətçinin razılığı olmadan onun Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər etdiyini və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yaydığını göstərib. Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib və Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadovanın barəsində tədbir görülsün”, – Rəyasət Heyətinin məlumatında deyilir.

Məlumatda həmçinin bildirilir ki, şikayət Vəkillərin İntizam Komissiyasında araşdırılıb. Şikayətçi intizam araşdırması çərçivəsində izahat verib, habelə intizam icraatı zamanı vəkilin də izahatı alınıb.
Rəyasət Heyətinin məlumatında deyilir ki, vəkil İradə Cavadova Komissyanın və Rəyasət Heyətinin iclaslarında şikayətçi barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqiliyini və səbəbini tutarlı faktlarla əsaslandıra bilməyib.
Komissiyanın rəyinə əsasən, vəkil şikayətçi barəsində məlumatları mətbuat vasitəsilə kütləvi şəkildə yaymaqla şikayətçinin icazəsi olmadan onun barəsində əsaslılığı şübhə doğuran və həqiqiliyi öz təsdiqini tapmayan məlumatları ictimailəşdirib, bu məlumatların yalan olduğunu bilməsinə baxmayaraq, öz bəyanatını təkzib etməyib.

Beləliklə, vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub.

İradə Cavadovadan Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu məlumatı ilə bağlı şərh almaq hələ mümkün olmayıb.
Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxşəliyev, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəlillərin barəsində isə intizam tədbirləri görülüb.

Vəkillər Kollegiyası isə vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.

Azərbaycanda vəkillik institutunun neqativ durumu ilə bağlı beynəlxalq insan hüquqları təşkilatları çoxsaylı bəyanatlarla çıxış edib. Hökuməti bu sahədə islahatlar aparmağa və beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

“Azərbaycan hökuməti bütün hüquqşünasların peşə fəaliyyətlərini maneəsiz və repressiya qorxusu olmadan həyata keçirə bilmələrini təmin etməlidir”, – İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (International Partnership for Human Rights -IPHR) təşkilatının Azərbaycanda insan haqları sahəsində çalışan vəkillərə basqılardan, onların vəkillik fəaliyyətlərinin dayandırılmasından narahatlıq ifadə edən bəyanatında deyilir.