İdman

Azərbaycanlı dünya çempionu: “Ermənilər bizə həsrətlə baxırdılar”

“Əsas rəqiblərim yerli pauerliftinqçilərlə yanaşı, ermənilərlə iranlılar idilər”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Gürcüstanın paytaxtı Tiflisdə pauerliftinqin qarışıq ağırlıqqaldırma növü üzrə dünya çempionatının qalibi olmuş Anar Məmmədov “Report”a müsahibəsində deyib.

O, yarışda Ermənistan və İran yığmalarının üzvlərinin üstünlük təşkil etdiyini bildirib:

“Mundialda bir çox ölkənin idmançıları iştirak edirdi. Mən 125 kq çəki dərəcəsində mübarizə aparırdım. Əsasən, Ermənistan və İran yığmalarının üzvləri üstünlük təşkil edirdi. Əsas rəqiblərim də elə yerli pauerliftinqçilərlə yanaşı, məhz ermənilər və iranlılar idilər. Bu idman növündə onlar daha aktivdirlər. Sevinirəm ki, yarışın qalibi ola bildim, diplomumu və medalımı aldım”.

Dünya çempionu Ermənistan idmançılarını üstələyərkən keçirdiyi hissləri də dilə gətirib:

“Onlar yarışa güclü idmançılarla qatılmışdılar. Yaxşı mübarizə gedirdi. Bütün bunlara rəğmən, hamısını üstələyə bildik və bayrağımızı qaldırdıq. Şəkil çəkdirən zaman bayraqları bizim bayraqdan aşağıda qaldı. Bizə paxıllıq edir və həsrətlə baxırdılar. Bizim komandada 20-dək idmançı var idi. Demək olar ki, hamısı medal qazandı. 50-yə yaxın isə erməni olardı. Onların əksəriyyəti bizim idmançılara uduzdular”.

Anar Məmmədov ermənilərin məğlubiyyətinin hər hansı insidentə səbəb olmadığını deyib:

“heç bir insident olmadı. Amma sadəcə qıcıqlanır, məğlubiyyəti qəbul edə bilmirdilər. Bizə qarşı necə olduqlarını büruzə verirdilər. Deyirdilər ki, növbəti yarışlarda sizi məğlub edəcəyik. Tək məndən yox, artıq bütün komandamızdan revanş almaq istəyirlər. Əsas rəqib Ermənistan təmsilçiləri idi və hər çəkidə çoxluq təşkil edirdilər. Demək olar ki, hamısında uduzdular. Çünki biz onlardan güclüyük, hər zaman üstələyə bilirik”.
Qeyd edək ki, Anar Məmmədov “Azərbaycan Dəmir Yolları” Keşlə sahə məntəqəsində sahə rəisi vəzifəsində çalışır.

Bənzər yazılar

Back to top button