Deputat olimpiada qaliblərinin ali məktəblərə imtahansız qəbuluna etiraz etdi

Print Friendly, PDF & Email

“Sovet vaxtında universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr olurdu. Bu gün biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. Tək varlı ailələrin uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında”qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, imkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün şərait yaradılmalıdır:

“Çünki hər zaman imkanlı ailələr övladlarını xaricdə və ölkəmizdə oxutdurmaq üçün vəsait tapa bilər. Tələbə qəbulu imtahanları Azərbaycanda məhz imkansız və savadlı uşaqların təhsil alması üçün qapını açan sistemdir”.

A.Mollazadə deyib ki, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmamalıdır:

“Onlar elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun”.