İqtisadiyyatSiyasət

“Korrupsiyadan ən çox əziyyət çəkən sadə vətəndaşlardır”

Azərbaycan dünyada korrupsiyadan əziyyət çəkən ölkələrdən hesab olunur. Hökumət korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı işləyib hazırlasa da, reallıqda korrupsiya səviyyəsinin azaldığını söyləmək mümkün deyil.

Qeyd edək ki, “Trancparancy İnternetional” təşkilatının hesabatına əsasən ölkəmiz korrupsiya reytinqində 147 ölkə içərisində 143-cü yeri tutur. Azərbaycanda korrupsiyanın səviyyəsi, ona qarşı mübarizənin aparılması və s. məqamlarla bağlı ictimai-siyasi fəal, iş adamı Vasif Rzayevlə söhbətləşdik.

– Vasif bəy, ölkə rəhbərliyi Azərbaycanda korrupsiyanın kökünün yaxın müddətdə kəsiləcəyini bəyan edib. Sizcə, bu mümkündürmü?
– Düşünürəm ki, bu mümkün deyil. Azərbaycanda korrupsiyanın olmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Korrupsiya ölkə iqtisadiyyatını içəridən dağıdan bir xəstəlikdir. Onun kökünü dəyişmək üçün mübarizə aparan qurumların özləri korrupsiyaya bulaşmamalıdırlar. O baxımdan düşünürəm ki, bir tərəfdən obyektiv olaraq qarşıya hədəf qoyub ona çatmaq mümkün olmayacaq. Digər tərəfdən də bunun daha əsaslı subyektiv səbəblər vardır. Bu pis idarəçilikdir. İnfrastruktur layihələrinə xərclənmiş pulları səmərəli istifadə edilmir. Ən vacib olan kanalizisiya, su, qaz, elektrik təminatı ilə bağlı ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib. Bu məqsədlə hər il dövlət büdcəsindən milyardlarla vəsait ayrılır. Məsələ burasındadır ki, biz bu infrastruktur layihələrinə başlamamışdan əvvəl yolların qurulması layihələrinə start verdik. İnfrastrukturun yenilənməsinin vahid və kompleks planı olmadığına görə bir təşkilar tikinti, digər təşkilat isə yeni tikililəri sökməklə məşğul olur. Bu da maliyyə baxımından əlavə xərclər tələb edir. Digər tərəfdən də burda mütləq dövlətlə biznesin əməkdaşlığı olmalıdır. Biz birinci növbədə, kommunal sektoru islahata cəlb etməliyik. Bu da son nöqtədə kommunal sektorda tariflərin bahalaşmasına gətirib çıxaracaq. 10 il bundan öncə icrasına başlanılan işlər hələ də davam edir. Bu da Azərbaycan əhalisinin böyük hissəsi qayğılandırır. Onları da bir sual düşündürür. Axı bütün bu işlər nə zaman bitəcək. Eyni yolu, küçəni ildə neçə dəfə təmir etmək olar? Hesab edirəm ki, burada böyük bir korrupsiya, mənimsəmə halları mövcuddur.
– Hökumət Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu bəyan edir. Qeyd olunur k, bizdəki iqtisadi artım tempi hətta Avropa ölkələrinin inkişaf tempindən sürətlidir. Sizcə, bu belədirmi?

– Təbii ki, bu fikirlər daxili auditoriyaya hesablanıb. Azərbaycan iqtisadiyyatı 2006-ci ildə 34,5 % lik artıma məruz qalıb. 2011-ci ilin yekunlarına görə isə cəmi 0, 1% artım oldu. Heç bir ölkə iqtisadiyyatında 5 ildə 350 dəfə azalma müşahidə olunmayıb. Ötən il üçün 2,2 % iqtisadi artım olub. Bu il üçün də gözləntilərimiz ola bilsin ki, bir qədər çox olsun. Az-çox artım varsa, bu da neft gəlirlərinin hesabına olub. İqtisadiyyatımızdakı inkişaf hökumətin bacarığının nəticəsi deyil, dünya bazarında neftin qiymətilə bağlıdır. Mənim apardığım təhlillərə görə, Azərbaycanda inkişafdan danışanlar daha çox varlı qrupun təmsilçiləri, hökumət nümayəndələridir. Rayonlara getdikdə bunun əksinin şahidi oluruq. Başqa sözlə, dövlət televiziyasında səslənən fikirlərlə soyuducumuzu açarkən qarşılaşdığımız mənzərə arasında ciddi fərqlər var. Bizdə yaxşı bir deyim var. Toxun acdan nə xəbəri var? Doğrudan da, bəzi məmurlar iqtisadi inkişafdan danışarkən sanki öz gəlirlərinə, yaşayışlarına əsaslanırlar. Kəndlini qınayırlar ki, dövlət sizə torpaq verib, gedin işləyir. Əgər torpaqda böyük gəlir varsa, nə üçün həmin məmurlar gedib orada işləmirlər? Azərbaycanda korrupsiyanın kökünü kəsmək üçün güclü hakim komanda qurulmalıdır.
– Korrupsiya əhalinin sosial durumuna necə təsir göstərir?

– Korrupsiyadan ən çox əziyyət çəkən sadə vətəndaşlardır. Yol polisi saxlayır ona rüşvət veririk, vergi gəlir rüşvət veririk, həkimə gedirik rüşvət veririk, işimiz məhkəməyə düşür yenə də rüşvət veririk. Korrupsiya dövlət sisteminə elə sirayət edib ki, onu təmizləmək çox çətindir. Korrupsiyaya bulaşan sistem öz-özünü təmizləyə bilməz. Sistem özü dəyişməlidir. Aztəminatlı ailələrə ünvanlı sosial yardım verilir, amma yardımın ilk altı ayını məmurlar özlərinə götürür. Kənd təsərrüfatına ayrılan subsidiyalar da vətəndaşlara çatmadan mənimsənilir. Azərbaycanda bu cür korrupsiya hallarına yüzlərlə misal gətirmək olar. Təbii ki, bütün bunlar vətəndaşların sosial durumuna, yaşayış tərzinə mənfi təsir göstərir.

Bənzər yazılar

Back to top button