İdman

“Azərbaycan millisi bu qrupun birincisi olmalı idi” – Müsahibə

Futbol mütəxəssisi Aslan Kərimov Azərbaycan yığmasının ötən gecə Millətlər Liqasında Slovakiyaya qalib gəlməsi (2:1) və növbəti turda evdə Qazaxıstanla keçirəcəyi oyun barədə Qol.az saytına müsahibə verib.

– Ötən gün millimiz Slovakiyaya qalib gəldi. Komandamız oyun baxımından da üstün idi?

– Qazaxıstanın Belarusla oyunundan sonra məlum oldu ki, nə Slovakiya, nə də biz nəzəri baxımdan belə bu qrupun birinisi ola biləcəyik Slovakiya ilə görüşün ilk hissəsi yoldaşlıq oyunu kimi görünürdü. İlk hissədə hücumlarımız oldu, irəliyə doğru oynayırdıq. Sözsüz ki, rəqibin də hücumları var idi. Amma ikinci hissədə ümumiyyətlə, çox zəif göründük. Birmənalı şəkildə demək olar ki, biz Slovakiyadan üstün oynamadıq. Hesab 1:1 olandan sonra futbolçularımız arxada qalmadılar, əl-qollarını aşağı salmadılar. Yenə də bir əks-hücum edib, qol vura bildik. Oyunun mahiyyətindən asılı olmayaraq, hər bir qələbə bizə lazımdır. Ona görə də hesab edirəm ki, yaxşı nəticə oldu. Amma oyunu o qədər də üst səviyyədə keçirə bilmədik.

– Bəs, ümumilikdə millimiz nəyin hesabına qalib gələ bildi?

– Əzmkarlıq amili də var idi. Nəyin hesabına qalib gəldik deyəsi olsaq, yalnız birinci hissəni dəyərləndirə bilərik. İkinci hissədə qol istisna olmaqla arxadan irəliyə getdiyimiz bir vəziyyət olmadı. Qolu da künc zərbəsindən vurduq. Yəni rəqibdən top çıxdı. İkinci hissəyə baxanda nəyin hesabına qələbə qazandığımızı deyə bilməyəcəyəm. Bəlkə də oyunu axıra qədər oynamağımızın hesabına. Birinci hissədə milli əzmkar çıxış edirdi. Bunu kənara qoymaq düzgün olmaz.

– Komandamız dünən 4-lü müdafiə ilə çıxış etdi və qalib gəldi. Amma milli 5-li müdafiə ilə oynayanda uduzurdu. Bunu necə şərh edə bilərsiniz?

– Sözün düzü 5-li və ya 4-lü müdafiə o qədər də fərq yaratmır. Düzdür, meydanın hansısa bir hissəsində say üstünlüyünə malik olursan və yaxud da say azlığında iştirak etməli olursan. Dünən əks-hücumlara çıxdıq. Amma bilirəm ki, bizim 5-li müdafiə ilə oynayanda da bu cür əks-hücumlara çıxdığımız matçlar olub. Sadəcə olaraq əsas prinsiplər var ki, onların üzərindən oynamalıyıq. 5-li müdafiə ilə oynadıq, qol buraxdıq. Bununla da razıyam. 5-li müdafiəyə keçdikdən sonra ikinci hissədə bəlkə elə ona görə bizi qapımıza sıxışdıra bildilər. Çünki 5-li müdafiə ilə oynayırsansa, futbolçunun biri yarımmüdafiə mövqeyindən geri düşür, yəni müdafiə xəttində olur. Belə olan halda meydanın mərkəzində boşluq yaranır. Bu baxımdan biz ikinci hissədə qapının yanına sıxışmışdıq.

– Rəqibin məşhur futbolçusu Milan Şkrinyar oyundan sonra açıqlamasında bildirib ki, Slovakiya oyun boyu Azərbaycandan üstün olub.

– Bütün oyun boyu deməzdim. Topa sahib olma statistikasına baxsaq, görərik ki, bizim komanda 53 faizlə daha üstündür. Yəni, bu, bir az da onun göstəricisidir ki, ilk hissədə bizim də hücumlarımız olurdu. Ümumilikdə götürsək, oyuna dominantlıq edən Slovakiya millisi idi. Amma ikinci hissədə matç tamamilə onların nəzarətində oldu. Biz elə də əl-qol aça bilmədik. Bəlkə də birinci hissədə hesabı açmağımızın sayəsində qalib gəldik.

– Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona isə Azərbaycana evdə uduzmaqlarını böyük biabırçılıq adlandırıb.

– Sözün düzü, mən Slovakiya millisinin bu səviyyədə oynayacağını gözləmirdim. Onların da oyunları yaxşı alınmadı. Çox aşağı səviyyədə çıxış edirdilər. Lakin bu, yalnız bir məşqçinin fikridir. Özləri bilərlər (gülür). Slovakiya millisinin dünya, Avropa çempionatında iştirakından sonra gəlib belə bir nəticə verməsi bəlkə də onlar üçün bir az utancvericidir.

– Dünənki matçda millimizdən kimin oyununu xüsusilə fərqləndirərdiniz? Məsələn baş məşçqi Canni de Byazi Riçardın sarı vərəqə alması barədə danışarkən onun oyununu xüsusi qiymətləndirib, Riçardı əvvəllər milliyə çağırmadığına görə peşman olduğunu deyib.

– Düşünmürəm ki, Riçard bu matçda xüsusi bir önəm kəsb etdi. Hər məşqinin özünün oyuna baxışı var. “Qarabağ”ın futbolçuları nisbətən fərq yaradırdılar. Məsələn, Ramil Şeydayevin o qədər geriyə gəlib müdafiəyə kömək etməsi bir az mənim üçün yaxşı mənada təccüblü oldu. Ramil “Qarabağ”da heç o qədər geriyə getmirdi. Amma Slovakiya ilə matçda əməlli-başlı geriyə gəlib müdafiəyə kömək edirdi. Bəhlul Mustafazadə də yaxşı çıxış etdi. “Qarabağ”ın futbolçuları həm də Avroliqada da oynayırlar. Ümumiyyətlə, futbolçular mütəmadi oyun praktikası alanda onların performansı daha yaxşı üzə çıxır. Amma xüsusi olaraq kiminsə oyununu qiymətləndirə bilmirəm. Məncə, bütün futbolçularımız eyni səviyyədə çıxış etdilər. Birinci hissədə yaxşı oynadılar, amma ikinci hissədə bərbad çıxış etdilər. Gərək, bunu qəbul edək.

– Oyunda Qara Qarayevin yeri göründü?

– Düşünürəm ki, bəli. İkinci hissədə meydanın mərkəzini tamamilə rəqib komandaya uduzmuşduq. Qaranın o aqressiv oyunu bəlkə də bizə kömək edə bilərdi. Amma oyundan sonra danışmaq bir az asan olur (gülür).

– Yeri gəlmişkən, De Byazi matçdan öncə öz açıqlamasında Qaranın milliyə çağırılmamasını “Qara özü yaxşı bilir ki, niyə burada deyil” deyə şərh etmişdi…

– Bəlkə də onların arasında hansısa bir məsələ olub. Onu demək çətindir. Amma bunları kənara qoysaq, sırf oyun baxımdan danışsaq, mənə görə Qara millinin əvəzolunmaz futbolçusudur. Lakin De Byazi ilə arasında insident olubsa, nəsə demək mənim üçün çətindir.

– Dünənki qələbədə De Byazi faktoru var?

– Bir oyuna böyük bir təsirinin olacağını düşünmürəm. Əslində, mən məşqçini pisləmək də istəmirəm. Çünki onun özünün də hansısa oyun üslubu, baxış tərzi var. Lakin belə oyun üslubu, baxış tərzi və əlində olan futbolçularla ən azından bu Millətlər Liqasında işin öhdəsindən gəlmək mümkün olmadı. Hansısa oyunlarda qalib gəldik, uduzduq, heç-heçə etdik. Ümumilikdə götürsək, qrupda bizdən başqa 3 milli komanda var idi – Slovakiya, Qazaxıstan, Belarus. Elə Slovakiyanın çıxışına baxsaq, görərik ki, biz bu qrupun birinci olmalı idik. Potensialımız var idi. Amma bunun öhdəsindən gələ bilmədik. Bəzən məşqçilərdə belə şeylər olur. Yəni, düşündüyünü futbolçulara çatdıra bilmirsən və ya oyunçularını öz düşüncələrinə uyğunlaşdıra bilmirsən. Sonra da nəticələr o qədər də yaxşı olmur.

– Sosial şəbəkələrdə Slovakiya ilə oyundan sonra kifayət qədər müzakirələr aparılıb. Futbol ictimaiyyətinin bir qismi belə düşünür ki, De Byazinin bu qələbəni öz adına yazdırmağa haqqı yoxdur və belə bir heyət Robert Prosineçkidə olsaydı, bəlkə də komandanı qrup birincisi edərdi. Siz necə fikirləşirsiniz?

– Bu barədə indi nə isə demək çətindir. Kənardan baxıb oyundan sonra nə isə demək asandır. İstənilən bir qələbə baş məşqçinin də adına yazılır. Nə qədər desək ki, uşaqlar özləri oynadılar, əzmkar davrandılar, De Byazinin rolu yox idi, bu, doğru olmaz. 5-li müdafiəni dəyişib 4-lü müdafiəyə keçmək yəqin ki, De Byazinin istəyi olub də, futbolçuların ki istəyi olmayıb. Bu baxımdan qələbə baş məşqçinin də adına yazılır. Amma mən Robert Prosineçki məsələsi ilə bir az razıyam. Çünki biz Prosineçkinin dövründə daha aqressiv, hücumameyilli oynayırdıq. Özü də rəqiblərimiz də daha güclü komandalar idi. Əslində elə biz bu qrupda daha aqressiv oynamalı idik. Çünki qarşılaşdığımız rəqiblərin heç biri bizdən bir baş üstün deyildi. Slovakiya millisi bunu bilavasitə göstərdi.

– Qarşıda sonuncu tur görüşü – Qazaxıstanla oyun var. Qazaxıstan artıq qrup liderliyini təmin edib. Bəs, millimizin Qazaxıstanla oyunundan nə gözləmək olar?

– Mən əminəm ki, millimiz Qazaxıstana evdə qalib gələcək. Məncə, Qazaxıstan da meydana çıxıb, yaxşı oynayacaq. Bəlkə də hansısa əsas futbolçularını ehtiyatda saxlayaraq qoruyacaq. Mən olsam, artıq qarşıya qoyulmuş məqsədi yerinə yetirmişiksə, xüsusi futbolçulara dincəlmək üçün imkan verərdim. Bu baxımdan yəqin ki, əsas heyət oyunçuları, daha yorğun olan futbolçular ehtiyatda qalacaqlar. Amma ümumilikdə Qazaxıstan millisi də qələbə qazanmağa çalışacaq. Bizim komandamız üçün bu görüşün yalnız reytinq baxımından əhəmiyyəti var. Ən azından azarkeşlərimizə hörmətsizlik olmasın. Ona görə də biz evdə meydana çıxıb oynamalıyıq və udmalıyıq. Düşünürəm ki, millimiz səfərdə Qazaxıstandan daha dominant oynamışdıq. Sadəcə olaraq rəqib bizi daha yaxşı analiz etmişdi deyə əks-hücumlarda qol vurdu. Qazaxıstan millisi bütün rəqiblərinə qarşı eni strategiya ilə oynayır. Evdəki matçda isə gərək millimiz Qazaxıstanda buraxdığı səhvləri etməsin. Nəyin hesabına olur, olsun, biz evdə qələbə qazanmalıyıq.

Bənzər yazılar

Back to top button